Sirac Mustafayev – 55

“Hazırda  bədii-musiqili janrda qısametrajlı filmlər üzərində işləyirəm. Məqsəd xalq musiqilərimiz və muğamlarımızdan doğan mövzuların ekran həllini tapmasıdır. Bir il əvvəl ”Yada saldıqda səni” adlı filmini tamaşaçılara təqdim etmişəm. İndi də “Şirvan şikəstəsi”adlı növbəti film üzərində işləyirəm” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, ssenarist Sirac Mustafayevin yubileyidir, 55 yaşı tamam olur.

Sirac Mustafayev 30 iyun 1967-ci ildə Kürdəmirdə anadan olub. Müxtəlif televiziya kanallarında bir çox veriliş və səhnəciklərə ssenari yazıb. “SirMusFilm” şirkətinin təsisçisi və rəhbəridir.
S.Mustafayev bir rejissor olaraq çəkdiyi filmlərdə, seriallarda milli duyğulara sadiq qalır. Onun filmləri (“Ömür karvanı” (2010, qısametrajlı bədii film– rejissor), “Bir ovuc torpaq” (II) (2013, bədii serial–rejissor, ssenari müəllifi), “Durnalar qayıdanda” (2014, bədii serial– rejissor, ssenari müəllifi), “Vətən aşiqi” (2017, sənədli film– rejissor), “Anama deyin” (2018, sənədli film– rejissor), “Aprel” (2018, sənədli film – rejissor), “Biz üç dost idik”(2019, sənədli film– rejissor), “Əliabadda bir gün” (2019, sənədli film-rejissor), “Qarabağda görüşənədək…”(2019, sənədli film– rejissor), “Yada saldıqda səni” (2019, bədii film – rejissor), “Şirvan şikəstəsi”(II) (2020, qısametrajlı bədii film – rejissor), “Yağlı boya ilə ailə portreti”(2020, bədii film-ssenari müəllifi və rejissor) və s.) milli əhval-ruhiyyəni qoruyub saxlayır.

Rejissor deyir ki, incəsənət, o cümlədən də kino obrazlı desək, Allaha yaxın olmaqdır: “Ali bəşəri hisslər var ki, onlar bizim milli, etnik konteksdə daha  gözəl, daha koloritli və  özünəməxsusdur. Xalq kimi bizə məxsus olan bu keyfiyyətlərin zənginliyinə və mövzu rəngarəngliyinə baxmayaraq biz onları kinoya gətirib (söhbət bədii filmlərdən gedir) dünyaya göstərə bilmirik. Əvəzində isə kimlərisə təkrar etmək tendensiyası var. Bu illərdə bir rejissor kimi  çəkdiyim seriallarda, sənədli və bədii filmlərdə bu milliliyə sadiq qalmağa çalışmışam. Nə qədər buna nail olmuşam, bilmirəm, bunu ancaq əlahəzrət tamaşaçı deyə bilər”.

S.Mustafayev  öz ssenarisi əsasında çəkdiyi “Yağlı boya ilə ailə portreti” adlı film dram janrındadır. Filmdə tələbə-rəssam olan yeganə övladını  Qarabağ müharibəsində şəhid vermiş Çingiz kişinin həyatı əks olunub. Onun həyat yoldaşı da övladının itkisinə dözməyərək vəfat edib. Filmin əsas mövzusu Qarabağ müharibəsinin fəsadları, ürək xəstəsi olan Çingiz kişinin təsadüfən üstü açılmış sirdən sonra övladı xəstə olan qonşusuna maddi yardım etməsi, fədakarlığıdır. Bütün dünyada gücün bəşəriyyətə meydan oxuduğu bir zamanda mərhəmətin yada salınması, yüksək mənəvi dəyərlərin səmimi şəkildə tərənnüm və təbliğ edilməsi filmin əsas qayəsini təşkil edir. O da təsadüfi deyil ki, az müddət davam edən ağır döyüşlərin cəmiyyəti silkələməsi, ölkə daxilində yaranmış həmrəylik və səfərbərlik, ordumuza dəstək hərəkatı, qazandığımız qələbə zamanı “Yağlı boya ilə ailə portreti” kimi filmə böyük ehtiyac hiss olunurdu.

Əslində rejissorun xarakterində olan xeyirxah niyyətlər onun filmlərinə də öz təsirini göstərir.

Bu gün Sirac müəllimin 55 yaşı tamam olur və hər yaşın öz hesabatı insanın həyat tərzinə, gördüyü işlərə öz təsirini göstərir.

S.Mustafayev deyir ki, dönüb arxaya, keçdiyi sənət yoluna baxdıqda və ən əsası bir insan, bir rejissor kimi özünə hesabat verdikdə çox müxtəlif, biri-birinə zidd hisslər keçirir: “Ərsəyə gətirdiyim ekran əsərlərini xatırlayanda nə qədər məmnun olsam da bəzən  ümidlə iş gözləyərək boş keçirdiyim illərə də təəssüflənirəm. Əslində bu məmnunluq gördüyüm işləri bəyənməkdən irəli gəlmir, sadəcə sevinmişəm ki, qismətimdə belə filmləri çəkmək olub. Bu sənətdə qazandığım sadiq dostlar, təcrübələrindən, məsləhətlərindən bəhrələndiyim ustadlar olub. Bəzilərinin həyatını dəyişməyi məni sarsıdıb. Ancaq nə etmək olar, həyatın öz qanunları var”.

Arzuları çox olan, ən başlıcası isə dünyanın bu qarışıq zamanında Azərbaycanımıza daimi əmin-amanlıq, insanlarımıza rifah arzulayan rejissor deyir ki, yaradıcılıqla bağlı şəxsi arzusu 13 il əvvəl yazıb bitirdiyi ssenarini çəkib,  ekran həyatı verməkdir: “Hələ ki, ümidlə gözləyirəm və qəribədir ki, bu ümidin özü məni yaşadır. 13 ildə həmin bədii filmi beynimdə artıq yüz dəfə çəkmişəm və hətta təqdimatı da olub. Əlbəttə ki,  bu bir zarafatdır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından xalqımızı daima xoşbəxt, asudə görmək istəyən, qələbə ruhuna köklənən rejissor Sirac Mustafayevi yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az