”Sonuncu pərdə” filmi qızğın müzakirələrə səbəb oldu
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Emil Quliyevin ”Sonuncu pərdə” filminin nümayişi oldu.
Rejissor Emil Quliyevin çəkdiyi “Pərdə” trilogiyasına “Sonuncu pərdə” filmindən başqa “Pərdə”(2016), “İkinci pərdə”(2017) filmləri də daxildir.
“Sonuncu pərdə” trilogiyanın digər iki film kimi tamaşaçılarda emosional reaksiya doğurdu, fikir ayrılığı yaratdı, gərgin müzakirələrə səbəb oldu ki, bu da filmin tamaşaçını biganə qoymadığına sübutdur.
Kinorejissor Vaqif Azəryar, sənətşünas Seymur Elsevər ssenaridə olan qüsurları, boşluqları qeyd etdilər. Onlardan fərqli olaraq rejissor Əli İsa Cabbbarov isə ssenaridə maraqlı yeniliklərin olduğunu vurğuladı. Misal olaraq filmdə baş qəhrəmanın 3 dəfədən dəyişməsi bizim filmlərin dramaturgiyası üçün ilk dəfədir: “Uğurlu ssenari üçün Xiçkokun “üç s” formulasından biri olan “sürpriz” trilogiyasının ilk iki filmindəki kimi burda da çox effektli həlini tapıb.”.
Rejissor bildirir ki, çəkdiyi filmlər olmuş əhvalatlardır: “Çəkdiyim filmlərdəki hadisələr həyatda olub, bəzilərinin şahidi oluram. Ürəyimdə sözlərim dolur, o insanlara sözlərimi deyə bilmirəm, çalışıram filmin dili ilə deyim. Ola bilsin ki, çəkdiyim filmlərdə müəyyən səhvlərə rast gəlmək mümkündür. Ancaq hər növbəti filmdə nəticələr çıxardığımı da görməmək olmaz”.
Bəzi tamaşaçılar qeyd etdilər ki, belə filmlər azərbaycanlılar haqqında mənfi fikir yarada bilər. Bu fikirlərə qarşı etiraz olaraq aparıcı Aygün Aslanlı bildirdi: “Dünya kinosundan onlarla film nümunəsi gətirmək olar ki, filmlərdə göstərilən hər hansı eybəcərliklər, hadisələrin baş verdiyi ölkə, millət haqqında mənfi rəy yaratmır. Əksinə müəlliflərin yaşadığı cəmiyyətin problemlərini açıq şəkildə göstərməsini müəllifin mənəvi borc kimi qəbul etmək lazımdır”.
Tamaşaçılardan “Bir cənub”(1969) şəhərində fimini xatırladanlar da oldu. Belə ki, bəhs etdiyimiz film öz dövründə heç də birmənalı qarşılanmayıb, azərbaycanlıya xas olmayan bir film olduğu müzakirələrə səbəb olmuşdu. Adı çəkilən filmin yaranmasından əlli il keçməsinə baxmayaraq yenə də tamaşaçılar sosial –mənəvi problemləri kəskin qaldıran filmlərlə qarşılaşanda bəzi hallarda aqresivliklə qarşılayır, bunu cəmiyyətə qarayaxma kimi qəbul edir.
Rejissor Emil Quliyev trilogiyanın ilk iki filminə tamaşaıçı diqqətinin artan xətlə getdiyini dedi. “ikinci pərdə” filminə youtobe-də iki milyona yaxın tamaşaçı baxıb. Rejissorun planlarında kinoteatral yayımdan sonra “megogo” platforması ilə internetdə pullu yayımı nəzərdə tutulub. O qeyd etdi ki, filmin dialoqlarında senzuradan kənar ifadələrin olması bəzi hallarda kinoteatrlarda bilet satışına mənfi təsir göstərir.
Onu da qeyd edək ki, “Sonuncu pərdə” filmi istedadlı operator işi ilə də seçilir. Filmin quruluşçu operatoru Orxan Abbasovun filmdə seçdiyi rakurslar, filmin rəng həlli, kameranın hərəkətinin temporitmi filmin dramaturji ideyasının çatdırılmasına kömək edir və qəhrəmanların yaşadığı xüsusi mühiti göstərir.
Filmin bəstəkarı Asif İskəndərovun filmin musiqisinin asketik həlli filmin emosional təsirinin daha da artırırdı.
Filmdə baş rolların ifaçıları Oqtay Quliyev, Nofəl Şahvələdoğlu və Əlibəy Məmmədlinin ifasını xüsusilə qeyd etmək lazımdır.
Final səhnəsində üçlüyün yaratdığı epizod filmin ən təsirli, emosional səhnələrindəndir.
Rejissorun uşaqlıq illərinin keçirdiyi Sabunçu qəsəbəsi filmin əksər səhnələrinin lokasiyası olub.
“Sonuncu pərdə” Azərbaycan kinosunda müstəqil kinonun uğurlu nümunəsi olmaqla yanaşı , filmin müəllifinin cəmiyyət qarşısında məsuliyyətinin və cəsarətlə ən ağır mövzulardan danışmağa hazır olmasının parlaq nümunəsidir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı