Tengiz Abuladzenin 100 illiyinə “Tövbə” nümayiş olundu

Azərbaycan Kinematoqrafçılar İttifaqı fevralın 20-də “Dünya kinosu şedevrləri Azərbaycan dilində” layihəsi çərçivəsində rejissor Tengiz Abuladzenin “Tövbə” filminin nümayişini təşkil etdi. Bu il həm də, dünya şöhrətli kinorejissorun 100 illik yubileyidir.

Psixoloji dram janrında çəkilən film, rejissorun trilogiyasında (“Yalvarış”, “Dilək ağacı”, “Tövbə”) sonuncu filmdir. Film 1984-cü ildə istehsal olunub. Tiran və yaradıcı şəxs haqqında fəlsəfi pritça kimi çəkilmiş “Tövbə” filmi, 1987-ci ildə Kann Beynəlxalq Kino Festivalında münsiflər heyətinin Qran-prisi də daxil olmaqla 3 mükafat qazanıb. SSRİ Xalq artisti Hamlet Xanızadənin səsləndirməsində nümayiş olunan film tamaşaçıların böyük marağına səbəb oldu. Bütün filmlərindəki kimi, Abuladze “Tövbə”də tamaşaçı qarşısında ciddi fəlsəfi suallar qoyur, “Sənətkar və hakimiyyət”, “Əqidə və qurbanvermə” mövzusunda mükaliməyə dəvət edir.

Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova bildirdi ki: “Abuladze gürcü kinosunun görkəmli nümayəndələrindən biridir. Azərbaycan tamaşaçısı, xüsusən, nisbətən yaşlı nəsil onu Nodar Dumbadzenin əsəri əsasında ekranlaşdırdığı “Mən, nənəm, İliko və İllarion” komediyasından daha çox tanıyır. Məşhur Sovet rejissoru Mixail Romm filmdə yumor və gürcü xalqına məxsus fəlsəfi düşüncənin uyğunluğunu yüksək qiymətləndirmişdi. Əlbəttə ki, 1984-cü ildə ekranlaşdırılan, Kann festivalında üç mükafata, həmçinin, Qran-Priyə layiq görülən  “Tövbə” filmi də rejissorun yaradıcılığında vacib yer tutur. Film real hadisələr əsasında çəkilib və repressiya illərindən bəhs edir. “Tövbə” rejissorun “Yalvarış”, “Dilək ağacı” filmləri də daxil olan trilogiyasının sonuncu hissəsidir. “Yalvarış” filmi bir şairin Xeyir və Şər qarşısındakı seçimindən danışır.  “Dilək ağacı” inqilabaqədərki Gürcüstanın əyalətlərindən birində sərt, patriarxal dəyərlərin qurbanı olan gənclərin hekayəsidir. Bəzi kinotənqidçilər bu filmi trilogiyanın digər hissələrindən sənətkarlıq baxımından daha güclü hesab edirlər. Ümumiyyətlə, rejissorun yaradıcılığına xas olan cəhətlər ümumfəlsəfi problematika ilə gürcü milli motivlərini birləşdirmək idi. Onun əksər filmləri gürcü ədəbiyyatının ekranlaşdırmasıdır”.

Daha sonra pritça və dram janrında çəkilən “Tövbə” filmi haqda maraqlı faktları bölüşən moderator qeyd etdi ki, bu ekran əsərinin reallaşmasında Gürcüstanın o vaxtkı rəhbəri Eduard Şevarnadzenin böyük rolu olub: “Sovet dönəmində ssenarilər Moskvada təsdiq olunurdu. Amma bu ssenari Moskvaya göndərilmədi. Çünki mərkəzdə Şevarnadzeyə etimad göstərdiklərindən, ssenarinin çəkilişinə izn verildi. Filmin çəkilməsi üçün dövlət tərəfindən hər çür şərait yaradıldı. Amma filmin ilk versiyası ehtiyatsızlıq üzündən məhv oldu. Ona görə ikinci dəfə lentə alındı”.

Qeyd edək ki, “Tövbə” filmi ilə bağlı maraqlı faktlardan biri, ilk versiyada Tornike rolunu oynayan aktyor Qeqa Kobaxidzenin bir qrup gənclə 1983-cü ildə Türkiyəyə təyyarə qaçırmağa cəhd göstərməsi idi. Gənclərin hamısı Gürcüstan elitasına aid ailələrin övladları idi. Həmçinin, Qeqa məşhur ssenarist, rejissor Mixail Kobaxidzenin oğlu idi. Hadisə nəticəsində 5 nəfər həlak olmuş, 10 nəfər isə yaralanmışdı.  Yalnız terror aktında iştirak edən bir qadın – Qeqa Kobaxidzenin həyat yoldaşı, tanınmış Sovet fiziki Vladimir Petviaşvilinin qızı Tinati istisna olmaqla, digər terrorçulara ölüm hökmü kəsildi. Hətta hadisədən sonra DTX çəkiliş qrupunda onların bu hadisə ilə əlaqəsinin olub-olmamasını araşdırmaq məqsədilə axtarış aparmışdı.

Abuladze növbəti çəkilişlərdə Tornike roluna gənc aktyor Merab Ninidzeni dəvət elədi. Bu film ilk dəfə yenidənqurma illərində 1987-ci ildə ekranlara çıxıb. Filmdə diktatorların ümumi xarakterinin təcəssüm olunduğu Varlam obrazını məşhur gürcü aktyoru Avtandil Maxaradze ifa edib. “Tövbə”, rejissorun kinoda son işi idi. Abulzadze 1994-cü ildə Tbilisidə vəfat edib.

Filmin Azərbaycan dilinə dublyaj olunmuş nüsxəsi Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim edilib.

İl ərzində “Dünya kinosu şedevrləri Azərbaycan dilində”  proqramı çərçivəsində Aleksey Germanın “20 müharibəsiz gün”, Larisa Şepitkonun “Ucalıq” filmlərinin nümayişi nəzərdə tutulur.

aki.az