Teymur Bəkirzadə - 80

Rejissor, ssenarist Teymur Bəkirzadənin 80 illik yubileyidir.

T.Bəkirzadə 14 sentybr 1941-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsində, Moskvada Ali Rejissorluq kurslarında (1974) təhsil alıb.

Onun kinodakı fəaliyyət dövrü 1966-1995-ci illəri əhatə edir. Rejissor çalışdığı illər ərzində “Azərbaycanfilm” kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub. İlk dəfə 1966-cı ildə “Toğrul Nərimanbəyov” qısametrajlı sənədli televiziya filminin ssenarisini yazır və çəkir.

Görkəmli rəssam Toğrul Nərimanbəyovun yaradıcılığına həsr olunmuş filmdə onun həyatının müxtəlif anları-böyük rəngkar Səttar Bəhlulzadə ilə söhbət etdiyi, İçərişəhəri gəzdiyi məqamlar diqqətə çatdırılır və ustadlara-Bülbülə, Nazim Hikmətə, Rəsul Rzaya, Bəxtiyar Vahabzadəyə və Səttar Bəhlulzadəyə həsr etdiyi əsərlər canlandırılır. İlk təcrübə rejissora çox şey öyrədir. Bu filmdən sonra 1967-ci ildə yenə də öz ssenarisi əsasında “Dənizdə şüa” adlı sənədli televiziya filmini çəkir. 1969-cu ildə “İthaf”, 1970-ci ildə “Axtarış həvəsi” və “Güləş” sənədli televiziya filmlərini çəkir.

1970-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Sovet Azərbaycanının yarım əsrlik salnaməsi” adlı 6 seriyalı sənədli televiziya filmini istehsalata buraxır.

Kinosalnamədə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı tarixi canlandırılır. Belə ki, 1926-cı ildə Bakıda ilk dəfə radionun fəaliyyətə başlaması, 1933-cü ildə Lökbatanda güclü neft fontanı vurması, Bakı neftçilərinin və bütövlükdə Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsi dövründə arxa və ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar, müharibədən sonra Sumqayıtda, Mingəçevirdə, Daşkəsəndə, neft daşlarında və Azərbaycanın digər şəhərlərində aparılan tikintilər və s. haqda geniş söhbət açılır. Ekranda Üzeyir Hacıbəyovun yaradıcılıqla məşğul olduğu kadrlar, Fikrət Əmirovun “Sevil” operasına ilk baxışı, “Azad Qadın” abidəsinin açılış mərasimləri, bir sözlə, respublikamızın həyatı ilə bağlı bu və digər hadisələr barəsində də ətraflı danışılır. Kadrdan kadra dəyişən görüntülər hadisələrə çevrilir və hər rejissor üzərinə düşən vəzifənin öhdəsindən gələrək tamaşaçısına sözün həqiqi mənasında söz deməyi bacarır. Təsadüfən hər rejissor sözünü işlətmədim, çünki bəhs etdiyim filmin hər seriyası bir rejissora həvalə edilib.

Teymur Bəkirzadə “Sovet Azərbaycanının yarım əsrlik salnaməsi”ndə IV seriyanı çəkib, həmin seriyada 1941-1945-ci illərin hadisələrindən bəhs olunur.

Fəaliyyətə başladığı ilk gündən fərqli mövzulara mürciət edən rejissor 1972-ci ildə öz ssenarisi əsasında “Bakı-Neapol qardaşdırlar” sənədli filmini çəkir.

“Azərbaycanfilm” kinostudiyasında istehsal edilən filmdə iki ölkənin. -Azərbaycanla – İtaliyanın qədim şəhərlərinin-Bakı və Neapolun dünənindən və bugünündən, bu şəhərlər arasında mövcud olan oxşar cəhətlərdən, onların dostluğundan bəhs edir. Müqayisəli şəkildə verilən tarixi faktlar tamaşaçıları hər iki ölkənin geniş panoraması ilə tanış edir. Eləcə də digər filmlərində (“Dissonans, 1978, sənədli film, rejissor, “Portret variant” – 1982, sənədli film, rejissor, “Sehrkar gürzə”-1984, sənədli film, rejissor, “Polad adalar”-1985, sənədli film, rejissor, “Böyük İpək Yolunda”-1986, sənədli film, ssenari müəllifi, “Abşeron qalaları”-1989, sənədli film, rejissor, “Ağrı”-1989, sənədli film ssenari müəllifi və rejissor, “Sabaha ümidlə baxanlar”-1991, sənədli film, ssenari müəllifi, “Veteran”-1991, sənədli film, ssenari müəllifi və rejissor, “Əsrin müqaviləsi”-1996, sənədli film, ssenari müəllifi və s.) müraciət etdiyi mövzulara hakim olaraq, araşdırmalar apararaq, mövzunu tam həzm etdikdən sonra çəkiliş meydançasına çıxıb ki, bu da rejissor kimi ona məxsus keyfiyyətlərdən biri idi.

Sənədli filmlər rejissoru kimi kinoda öz dəst-xəttini yaradan rejissor, sonralar  tammetrajlı bədii filmlər də çəkib.

1974-cü ildə “Ömrün səhifələri” adlı 3 novelladan ibarət kinoalmanax -“Rəqiblər”, “Baladadaşın ilk məhəbbəti”, “Nəğmə dərsi” – istehsalata buraxılır.

T.Bəkirzadənin çəkdiyi çəkdiyi “Rəqiblər” novellasında küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır.

Onun kinoda ilk böyük işi “Çətirimiz buludlardır”(Nicat Bəkirzadə ilə birgə) filmidir.

1976-cı ildə çəkilən filmdə çobanların həyat tərzindən, onların ailə-məişət qayğılarından

söhbət açılır. Bütün varlığı ilə çoban sənətinə bağlı bir gəncin uğursuz sevgi hekayəsi, əsgəri xidməti, sevmədiyi biriylə nişanlanması və sonda peşəsindən üz döndərərək doğma kəndindən çıxıb getməsi filmin marağını daha da artırır. Rejissor hər kadrda qəhrəmanın yaşadığı həyatın, onun üzləşdiyi problemlərin, uğursuzluğun səbəblərini açaraq onu tamaşaçı auditoriyasına mesaj olaraq ötürüb.

Ümumiyyətlə Teymur Bəkirzadə yaradıcılığı boyunca müxtəlif janrlara müraciət etməklə sadəcə öz rejissor gücünü göstərməyib, eyni zamanda hər janra olan rejissor yozumunun fərqli olduğunu ortaya qoymağa cəhd edib.

Rejissorun 1981-ci ildə Asim Cəlilovun ssenarisi əsasında komedoya janrında çəkdiyi “Yol əhvalatı” filmi də rejissor yozumu ilə fərqlənir. İki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetən filmdə göründüyü kimi geniş bir xətt var. Sevgi xəttindən, valifeynlərin bir-birinə və ya qonşuya olan münasibətindən başlayaraq əliəyrilərin ifşası xəttinə qədər uzun bir yol qət olunur. Ancaq sonda komediya dilində məhəbbətin qalib gəlməsi, rüşvətxorluğun ifşa edilməsi filmdə olan hadisələri uğurlu bir formada cərəyan etdirir.

T.Bəkirzadənin 1997-ci ildə çəkdiyi Ləqəbi “İKA”dır(Amin Novruzovla birgə) bədii filmində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953-1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edilir.

Yeri gəlmişkən, rejissor hələ 1990-cı ildə çəkdiyi “Matəm” sənədli filmində 90-cı il hadisələrinə rejissor kimi münasibət bildirmişdir. 20  Yanvar şəhidlərinin xatirəsinə həsr olunan filmdə “Şəhidlər Xiyabanı”nda keçirilən ümumxalq matəmindən söhbət açılır. Rejissor ümumxalq matəmin fonunda bir xalqın yaşadığı faciəni dilə gətirmişdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı adından 1966-1995-ci illəri əhatə edən fəaliyyəti dövründə bir-birindən maraqlı filmlər yaradan rejissor Teymur Bəkirzadəni 80 illik yibileyi günündə böyük hörmət və ehtiramla yad edirik!

aki.az