Tonino Querranın 100 illiyi, Şıxlinskinin xatirələri, üç tamaşaçının iştirakı ilə baxış...
16 mart İtaliya ssenaristi, kinorejissoru Tonino Querranın anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Tonino Querraya həsr olunmuş, onun Bakı xatirələri üzərində qurulmuş “Bu yol hara aparır” sənədli filminin nümayişi keçiriləcək.
Qeyd edək ki, Tonino Querranın ssenariləri əsasında çəkilən filmlərin əksəriyyəti dünya kinosunun qızıl fonduna daxil edilib.
Federiko Fellini, Mikelancelo Antonioni, Andrey Tarkovski və b. görkəmli kinorejissorlarla əməkdaşlıq edib.
1976-cı ilin soyuq noyabr ayı… Tonino Querra və İtaliyanın görkəmli kinorejissoru Mikelancelo Antonioni yeni bir filmin-“Hava ilanı”nın natura seçimi üçün Azərbaycanın paytaxtı Bakıda olublar. Onları ölkəmiz tərəfdən bir qrup gənc kinematoqrafçılar müşayiət edib ki, onlar arasında ssenarist Maqsud İbrahimbəyov, yazıçı-ssenarist Anar, kinorejissor Eldar Quliyev də olub.
Kinorejissor Ziya Şıxlinskinin məlumata görə, qonaqlar Karvansaray restoranına dəvət olunub. Həmin illərdə məşhur cazmen Cavan Zeynallının qonaqlar üçün ifası, Azərbaycan xörəklərinin süfrədə İtalyan qonaqlar üçün dəmdəsgahlı təşkili, bir sözlə, qonaqpərvərliyimiz dünyaca məhşur rejissorları valeh edir və sonralar Tonino Querra bu barədə xatirələrində qeyd edir.
Qonaqlıqda rejissor Z. Şıxlinski də iştirak edib və məclisin qızğın bir anında o cazmendən qonaqlar üçün İtalyan mahnıları oxumasını xahiş edib.
Z.Şıxlinski deyir: “O, üç mahnı oxudu. Onlar isə yerdən sıçrayıb emosional olaraq öz dillərdində “grazia, grazia” deyərək təşəkkür edirlər. Qonaqlar söhbət əsnasında öz təəssüratlarını bölüşərək Bakı şəhərini İtaliyanın Neapol şəhəri ilə oxşarlığını müqayisə etdilər”.
Ziya Şıxlinski qonaqlara onların natura çəkilişləri üçün lazım olan yerləri göstərib, sonra Abşeronla, Qobustanla tanışlıq başlayıb.
Doğrudur ki, sonralar SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin maneəsi nəticəsində natura çəkilişlərinin Bakıda həyata keçiriləcəyi həmin layihə baş tutmayıb. Ancaq Tonino Querranın xatirələrində paytaxt Bakı yaşayıb. Belə ki, o, müsahibələrində daima Azərbaycan-Bakı səfərindən danışıb, hətta qələmə aldığı “Yeddi gün ömür” kitabında “Bizi Bakının özündən daha çox, Abşeron kəndlərinin estetikası heyran etdi. Tamamilə çarpıcı dekorasiya, vadilər, qəbiristanlıqlar, dirəklər və onların arasında dəmir yolu…Bu yol hara gedirdi, biz heç bimirdik, ancaq gördüyümüz ən gözəl məınzələrdən biri idi”.
Tonino Querranın təəccübün gizlətməyərək valeh olduğu Abşeron mənzərəsindən bəhs olunan xatirələr və rejissor Ziya Şıxlinskinin İtalyan qonaqları ilə olan xatirələri birləşərək “Bu yol hara aparır” filminin yaranmasına səbəb olur.
Filmin operatorları Yuri Varnovski və Bağır Rəfiyev Abşeronun kəndlərinin təbii estetikasını, italyanları heyran edən mənzərələri plyonkaya çəkiblər. Film “Butafim” studiyasında lentə alınıb. Fimdə Emin Sabitoğlunun, Eduard Artemyevin musiqisindən, eyni zamanda Antonioninin “Blou-AP” filminin melodiyasından istifadə olunub.
Kino evində nümayişi nəzərdə tutulan “Bu yol hara aparır” filminin taleyi də bir qədər Tonino Querranın çəkəcəyi, ancaq baş tutmayan fiminin taleyinə bənzəyib. Film çəkilib, ancaq məlum səbəblərə görə nümayişi təxirə salınır. Buna baxmayaraq film Kino Evində 3 nəfərlik tamaşaçı auditoriyası üçün təqdim olunub-Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov, rejissor Ziya Şıxlinski və jurnalist Firəngiz Xancanbəyova…
Bu da sənətin möhtəşəmliyi və ya elə sirli bir anı…tamaşaçı olmasa belə, hadisələr hər şeyin önünü kəssə belə yeni də bir yerlərdən yol açılır…Əsas odur ki, bunu istəyən olsun, 70-ci illərin əzizi xatirəsini qoruyan Ziya Şıxlinski kimi…
Azərbaycan Kinematoqrafçılar İttifaqı