Aprelin 30-da “Azərbaycan” CinemaPlus-da milli kinomuzun klassik filmlərindən biri, Rasim Ocaqovun “Tütək səsi” bədii filminin nümayişi oldu. Tədbiri giriş sözü ilə açan moderator, kinoşünas Aygün Aslanlı bildirdi ki, film 1976-cı ildə ekranlara çıxıb və R.Ocaqovun “Qatır Məmməd”dən sonra rejissor kimi ikinci filmidir. “Tütək səsi” filmi İsa Hüseynovun “Saz” və “Tütək səsi” povestləri əsasında çəkilib, ssenari müəllifi də yazıçının özüdür. Rejissor bədii əsərin təsirinə düşməyib, öz versiyasını yaradıb. Filmin operatoru isə Teyyub Axundov həqiqətən də filmdə təsvir rejissorluğu edib. Ümumiyyətlə, filmlə bağlı qeyd olunacaq çox şey var – peşəkar rejissor və təsvir həlli, musiqi. Bəstəkar Aqşin Əlizadənin musiqisi təsvirin ritmi ilə ayaqlaşır, bütünlüyü tamamlayır.
Bir şeyi də qeyd edim ki, filmdə Cəbrayıl rolunu Şahmar Ələkbərov oynamalı imiş. Amma onun səhhətində problemlər yarandığına görə bu rola moldovalı aktyor Mixail Volontir dəvət olunub. Şahmar Ələkbərov isə onu səsləndirib. Həm də mükəmməl şəkildə. Əlbəttə ki, Şahmar Ələkbərov bu rolu oynasaydı, onun ifasında fərqli bir Cəbrayılı görərdik. Bir şeyi də qeyd edim ki, “Tütək səsi” filmində Qılınc Qurban obrazı vasitəsilə 30-cu illərin ab-havasına da toxunmağa çalışıb rejissor. Yəni o dövrdə dərd sadəcə müharibə deyildi, repressiyalar davam edirdi, onun qorxusu hələ güclü idi və Qılınc Qurbanın dilindən buna dəfələrlə eyham edilir”.
Nümayişdən sonra filmin müzakirəsi keçirildi. Moderator səhnəyə filmdə rol alan aktyorlar – Akif Əlini (Tapdıq), Xalidə Quliyevanı (Milli) və Ötkəm İsgəndərovu (Nuru) dəvət etdi. Moderatorun aktyorlara ünvanladığı “filmə necə seçilmişdiniz? Sınaq çəkilişləri necə baş verdi?” suallarını əvvəlcə Xalidə Quliyeva cavablandırdı:
“Bu filmdən öncə “Nəsimi” filminə çəkilmişdim. Tarixi film olduğuna görə çəkilişlər çətin keçmişdi. Həmin ərəfədə dublyaj redaksiyasında çalışırdıq. İkinci rejissor Ramiz Əliyev mənə dedi ki, səni Rasim Ocaqov çağırır. Görüşdük, dedi ki, film çəkəcəyəm, İsa Hüseynovun ssenarisidir. Mən səni Milli roluna çəkmək istəyirəm. Mən bir söz demədim. Düzü, növbəti filmdə çəkilməyə hazır deyildim. Həm də “Nəsimi”də oynadığım Fatimə obrazından birdən-birə çıxa bilməzdim. Bir müddət sonra çəkilişlər başladı”.
Ötkəm İsgəndərov Nuru obrazının onun kinoda ilk rolu olduğunu qeyd elədi: “Onda mən İncəsənət İnstitutunun ikinci kursunda oxuyurdum. Paralel olaraq, kinostudiyada Adil İsgəndərovun kinoaktyorluq kurslarında təhsil alırdım. Akif də orada oxuyurdu. Bizi kinostudiyada oradan tanıyırdılar. Dəvət etdilər, sınaq çəkilişləri oldu. Nuru roluna təsdiqləndim. Nuru, əslində İsa Hüseynovun prototipidir. Filmdə əhvalat mənim dilimdən danışılır. Amma məni səsləndirən Rasim Balayev idi. Orada bir səhnə vardı, Nuru divara söykənib siqaret çəkir. Mən onda siqaret çəkmirdim. Amma siqaret çəkməyi öyrəndim ki, tamaşaçı təbiiliyi görsün. Və o vaxtdan əlli ildir çəkirəm. Amma o epizod filmə düşmədi”.
Akif Əli bildirdi ki, Adil İsgəndərovun kinoaktyorluq kursundan filmə dəvət olunub. Bundan əvvəl Oktay Mir-Qasımın “Min birinci qastrol” filmində rejissor köməkçisi kimi işləmişəm. Dahi Rəşid Behbudov baş rolda idi. Oradan dəvət etdilər “Tacikfilm” və “Lenfilm”in birgə çəkdiyi “Uzun müharibədə qısa görüşlər” filminə. Düşənbədə sınaq çəkilişlərinə çağırdılar. Rejissor Stanislav Çaplin idi. Orada baş rola çəkildim. Mən, Rüstəm rolunu oynayırdım, özbək aktrisası Tamara Şakirova da tərəf müqabilim idi. Leninqradda çəkilişdə olanda Rasim Ocaqovdan teleqram aldım ki, səni “Tütək səsi”nin sınaq çəkilişlərinə dəvət edirik. Məlum oldu ki, Tapdıq roluna çox adam dəvət edilib. Kimsə Rasim Ocaqova deyib ki, bir cavan oğlan var, “Lenfilm”də çəkilir, onu çağırın. Ocaqovla görüşdük, ssenarini oxudum. Sınaq çəkilşləri oldu. Məndən soruşdu ki, özünə inanırsanmı? Bu obrazı yarada biləcəksənmi? Mən də gənclik entuziazmı ilə dedim, yaradacağam. Qayıtdım Leninqrada çəkilişlərə. Bir müddət sonra Rasim Ocaqovdan teleqram aldım ki, təbrik edirəm, Tapdıq roluna təsdiqlənmisən”.
Daha sonra moderator qonaqlara “Rasim Ocaqov, deyilənə görə, sərt rejissor idi, psixoloji cəhətdən rola hazırlıq necə oldu?” sualını verdi.
Akif Əli öncə dublyajda iştirak edən aktyorlardan danışdı: “Xüsusən, Şahmar Ələkbərovu qeyd etmək istəyirəm. Ruhu şad olsun. Cəbrayıl roluna çəkilməsə də, onun səslənməsi Şahmarın xidmətidir. Siz fikir verdinizsə, Şahmar elə danışır ki, sanki, Volontir rolu azərbaycanca oynayıb. Dublyajda “ukladka” anlayışı var. Sözlərin yerinə oturması Şahmarın xidmətidir. Elə bil ki, iştirakçılardan biri Şahmar Ələkbərovdur. Rasim Ocaqovla işləmək çətin idi. Uzun-uzadı obrazlar haqda söhbətlər edirdik. Qusarda çəkəndə də axşamlar çəkiliş barədə danışırdıq. O, çəkiliş meydançasına hazır gəlirdi. Gecədən bütün planı tuturdu, “raskadrovkaları” edirdi, epizodları bölürdü. Özü operator oluduğundan çəkiliş nöqtələrini, mizanları, planları dəqiq hazırlayırdı. Səhər tapşırıq verirdi aktyora, rəssama, operatora. Teyyub Axundov çox təmkinli və gözəl operator idi. Kinomuzda xidmətləri böyükdür. Bu filmdə gözəl kadrları var. Rasim Ocaqova təklif etmişdilər ki, filmi rəngli çəksin. O buna razı olmadı, dedi ki, mövzunun, qəhrəmanların xarakterinə uyğun olaraq ağ-qara çəkilsin. Fikir verin, qaranlıq səhnələr var, sonra birdən Tapdığın xəyalında atası qaydır, səhnə nə qədər işıqlanır, yaz ab-havası hiss olunur. Bunlar operatorun ustalığıdır”.
Kinoşünas Sədaqət Kamal bildirdi ki, filmdə ideoloji tənqidlər ustalıqla verilib.
Filoloq Nəzakət Qafqazlı qeyd etdi ki, “Tütək səsi” dəfələrlə baxılası filmdir: “Bu filmin kino tariximizdə özünəməxsus yeri var. Atalarımızın, babalarımzın iştirak etdiyi müharibədən danışılır. Biz o hadisələri görməsək də, onun nəticələri filmlər vasitəsilə ötürülür. Bu film mənə həm də ona görə əzizdir ki, atam Hacıməmməd Qafqazlı bu filmdə epizodda çəkilib”.
Daha sonra Aygün Aslanlı filmin Moskvada Bədii Şuranın ilk baxışında qəbul olunmaması məsələsinə toxundu. Akif Əlinin sözlərinə görə, film Bakıda, Bədii Şurada yüksək səviyyədə qarşılanıb, sonra Moskvaya göndərildi: “Filmdə bir epizod var. Gənclər bir yerə toplaşır və torpağı şumlamırlar. Cəbrayıl yaxınlaşıb, oğlanlardan birini sadəcə qaldırır. Amma bundan əvvəl çəkilmiş variantda o, oğlanı vurur. Moskvada dedilər ki, uşağı vurmaq olmaz, ona görə həmin epizod yenidən çəkilmişdi. Elə epizodlar var ki, filmə daxil edilməyiblər. Məsələn, Cəbrayıl Sayalıya deyir ki, səni qaçırardım, əgər dostum olmasaydı. Toy səhnəsi çəkilmişdi və ona böyük maliyyə sərf olunmuşdu. Rasim Ocaqov hesab elədi ki, bu qədər ağrının içində onu göstərmək düz deyil, ona görə sadəcə toyun səsi qalmışdı”.
Tibb Universitetinin kafedra müdiri, Akif Əlinin həyat yoldaşı Fəridə xanım bildirdi ki, o, filmə ilk dəfə 1978-ci ildə məktəbdə oxuyanda baxıb: “Hər şənbə günü kinoya getməyə bilet verirdilər. Ağdamda “Dostluq” kinoteatrı vardı. Biz uşaqlarla getdik. Və o filmdə bir Tapdıq obrazı xoşuma gəldi. Xasiyyətində qardaşıma da oxşarlığı… Mən hər yerdə o aktyoru axtardım. Bütün filmlərdə, qəzetlərdə. Amma Tibb universitetində oxuyanda o məni tapdı, 1984-cü ildə. Onda Azərbaycan Televiziyasında “Gənclik” redaksiyasında baş redaktor işləyirdi. Ağdama gəlmişdilər, “Aygün” proqramı çəkilirdi. Mən də praktikada idim. Pediatr tələbə-praktikant kimi verilişə dəvət olundum. Orada tanış olduq. Və o deyəndə ki, mən Tapdıq rolunu oynamışam, şok oldum. Qeydi-adi hisslər yaşadım”.
Filmdə digər rolları Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Şükufə Yusupova, Liya Eliava, Səfurə İbrahimova və başqaları oynayıb.
Qeyd edək ki, tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirilib.