Üç qəhrəman səadət sorağında
Azərbaycan Kinematoqrafçılar İttifaqı 2023-cü ilin ilk film nümayişini keçirib. “Azərbaycan” Cinemada baş tutan nümayişdə gənc rejissorların sənədli filmləri göstərilib. Filmlər arasında Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Elvin Aşirovun “Eviniz haradadır?” kino işləri yer alıb. Hər 3 rejissor nümayişdə iştirak edib və tamaşaçıların suallarını cavablandırıb.
Rejissor Aynur Kazımovanın qəhrəmanı onun anasıdır. Rejissorun filmi çəkmək üçün motivasiyası öz anasının arzularını unutması olub: “Mən qadınlarla bağlı bir film çəkmək istəyirdim, lakin nə olacağını bilmirdim. Bir müddət sonra anamla söhbətlərimiz zamanı gördüm ki, mənim qəhrəmanım elə mənimlə bir evdə yaşayır. Anamın arzusunun olmaması mənə çox təsir elədi. Başa düşdüm ki, mənim motivasiyam onun arzusunu unutmasıdır”.
“Uşaqlıq fotosu” filminin rejissoru Pərviz Həsənovun qəhrəmanı Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və uşaqlıq fotoları itmiş Rəşad adlı şəxsdir. Rejissor filmin çəkilişində həyat yoldaşı və dostundan texniki dəstək alsa da, maddi çatışmazlığa görə filmi fasilələrlə çəkib və sonda Azərbaycan Televiziyasının dəstəyi ilə yekunlaşdırıb. “Bir gün feysbukda bir nəfərin “mənim uşaqlıq fotom yoxdur” – deyə yazdığını gördüm. Qəribə gəldi. Bir insanın uşaqlıq fotosunun olması ən təbii haqqıdır, amma onun yoxdur. Niyə? Bunun səbəbi müharibə və onun fəsadlarıdır”.
2020-ci il aprel ayı. Azərbaycanda pandemiyanın ilk dalğası, karantin günləridir. Rejissor Elvin Aşirov həmin dövrdə aztəminatlı ailələrə yardım daşınmasını lentə alıb. Daha sonra qapıları döyülərkən görüntüləri çəkilən hər kəsdən filmdə göstərilməsinə görə icazə istəyib. “Ərzaqların toplandığı mərkəzə gedəndə heç ağlımıza gəlməzdi ki, buradan bir film çıxa bilər. Çəkərkən belə düşünürdük ki, sadəcə çəkirik. Bizi cəlb edən bir kadr oldu: filmin sonunda görünür, qaranlıq bir qarajın içində telefonla danışılır və insanlardan ünvanı soruşulur. Filmə o kadrla başladıq. Düşündük ki, telefon danışıqları maraqlıdır”.
Nümayişdən sonra filmlərin müzakirəsi keçirilib. Tamaşaçılar hər üç filmlə bağlı təəssüratlarını bölüşüb.
– “Hər üç rejissora bir sual vermək istəyirəm: niyə musiqidən istifadəni eyib və ya yersiz bildiniz?”- rejissor və AKİ-nin katibi Əli İsa Cabbarov soruşur.
– “Mənim filmimdə musiqi bir qədər artıq idi. Çünki dramatikləşdirmək istəmirdim. Olan nədirsə, onu göstərmək istəyirdim” – rejissor Aynur Kazımova deyir.
– “Mən bu epizodun şahidi olmuşam ki, qərbli prodüsser azərbaycanlı rejissora deyir: “Çalış planların uzun olsun və musiqidən istifadə etmə”. Bu mövsümi, ötəri, 30-40 ilin bir tendensiyası ola bilər. Ola bilər bu filmdə gerçəkdən belə idi, amma musiqinin funksiyası təkcə dramatikləşdirmə deyil. Musiqi qəhrəmanda və sizin demək istədiklərinizdə dilə gəlməz, sözə gəlməz və təsvirə gəlməz nüansları göstərə bilər” – rejissor Əli İsa Cabbarov deyir.
– “Uşaqlığın fotosu filmi əla ideyadır. Ancaq bilirsiniz necə darıxdım o filmdə… Çünki həddindən artıq çeynənilmiş ifadələr var idi. Biz artıq bilirik ki, qaçqınlıq nədir, necə olur. 21- ci əsrdə çəkilən film başqa bir rakursdan, elə “Uşaqlığın fotosu” rakursundan götürülməliydi”.
-“Sualım Pərviz Həsənovadır. Uşaqlığın fotosu filmini bədii film kimi də çəkəcəksiniz?”
– “Bizim ölkədə film çəkmək Fərhadın dağı yarmağından çətin məsələdir. Ölkədə bir sistemin olmamağı hamını xaotik və çaş-baş bir duruma salıb. Çox tənqid etmişik, demişik. Keçmiş mədəniyyət naziri Anar Kərimova da bu haqda suallar verdim, amma cavab ala bilmədim. Bu filmin isə ikinci hissəsini elə sənədli formada çəkməyi planlayıram. Hansı ki, qəhrəmanım Rəşad Cəbrayıla, öz yurdlarına qayıdacaq”.
– “Elvin Aşirovdan soruşmaq istəyirəm ki, siz filmdəki etik bariyerləri hansı səviyyədə qoymusunuz. Oradakı insanların çəkilişlə bağlı xəbərləri var idimi?
– “Hamısına xəbərdarlıq etdik ki, videolardan istifadə olunacaq. Açıq yayımda olmayacaq, amma qapalı məkanlarda, festivallarda göstəriləcək. Hamısının da icazəsi var.
– Mən filmdə hər hansı bir sujet xətti görmədim ki, onlar necəsə bir-birinə bağlansın. Ümumiyyətlə, başa düşmədim ki, filmin məntiqi nədir? Nəyinsə reklamı idi, yoxsa hansısa bir proses və ya hekayə”.
– Sizin filmin əvvəlinə baxsaydınız, görərdiniz ki, film heç nəyin reklamı deyil. Bu haqda girişdə yazılmışdı.
“Elvin bəy, siz deyirsiniz ki, filmin əvvəlində yazmışam ki, reklam deyil. Mən də əminəm ki, reklam deyil. Nəticədə isə ola bilər ki, gözəl və xoş bir işin reklamı yox, məlumatlandırmasıdır. Buna səbəb odur ki, siz finala yaxın hansısa bir ümumiləşdirmə aparmamısınız. Hansısa bir fikir nəticəsi çıxarıb nida işarəsi qoymamısınız” – rejissor Əli İsa Cabbarov deyir
“Filmlərin üçünün də özünəməxsus dəyəri var, amma bunları birləşdirən bir cəhət var idi – “Cinema verite” üslubunda filmlər olması. Tərcüməsi, “kino həqiqət” deməkdir. İndiki dövrdə uzun fasilədən sonra “Cinema verite” filmlərini görmək çox xoşdur. Birinci verilən sualda etik qaydalara diqqət çəkildi. Mən onu bildirmək istəyirəm ki, bu üslubda filmlərdə etik məsələləri gözləmək çox çətindir. Onu biz harada gözləyə bilərik? Ancaq montajda. Montajda da bu vicdan məsələsidir. Lap çəkdiyin şəxs sənə heç nə deməyib. Özün düşünürsən ki, bu gedə biməz” – rejissor Elcan Məmmədov deyib.
“Unudulmuş arzular” filmi Sevil Beynəlxalq Qadın sənədli film festivalında qalib olub. “Uşaqlıq fotosu” filmi İstanbulda və Bakıda, “Eviniz haradadır?” filmi isə Rusiya və Qazaxıstan kimi ölkələrdə festivallarda iştirak edib.
aki.az