V DokuBaku Beynəlxalq Sənədli Film Festivalının İkinci günündə
Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas tərəfdaşlarından biri olduğu V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində nümayiş ediləcək filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunub. Əsas mövzusu “Duyğular ±” olan festivalın proqramı 200-dən çox təqdimat arasından seçilmiş 50 filmdən ibarətdir və finalçılar 30 ölkəni təmsil edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq filmlərin 4 noyabr proqramında “Dişləməyəcəyin qarmaq” – Jose David Apel (Arqentina), “Fantastik” – Maija Blafielad (Finlandiya), “Ayrılıq” – Hunay Saday (Azərbaycan), “Do Baırro (Məhəlləmizdən) – Dioqo Varela Silva (Portuqaliya) filmləri yer alıb.
“Dişləməyəcəyin qarmaq” filmində balıqçıların həyat tərzi, adada keçirdikləri balıq ovları, ağır zəhmətdən sonrakı həyatı diqqətə çəkilir. Güclü-gücsüz məsələsi göz önündə dayanır, ağır zəhmətlər hesabına iş görənlərin, zəhmətkeş insanların başı üzərindən qazanılan milyonlar və illər keçsə də bu durumun dəyişmədən eynilə davam etməsi və beləliklə də həyatın harmoniyasının pozulması rejissor üçün mərkəz nöqtə olaraq götürülüb.
“Fantastik” filmi dialoq xarakterli söhbət, bəzən rabitəsiz fikirlərlə dialoqa müdaxilə üzərində qurulur. Əslində rejissor bu fikirlər içində bir çox mövzulara toxunur, ancaq mövzuların açılmasını, tam olaraq anlamının dərk edilməsini tamaşaçının öhdəsinə buraxır.
Ümumiyyətlə film qərblilərin qapalı dövlətin gündəlik həyatına baxış bucağını dəyişdirir. Filmdəkilər maraqlarını xarici dünyaya yönəldən və Qərb ölkələrində həyatın necə olduğunu təsəvvür edən Şimali Koreyalılardır.
“Ayrılıq” filmində isə vətəndən uşaq yaşlarından uzaq düşmüş bir gəncin yaddaşına arxalanaraq kiçik yaşda olan yaşantılarını dilə gətirməsi, uzaqdan olsa da ölkəsində olan inkişafı izləməsi əsas hədəf kimi götürülür.
Qeyd edək ki, “Dişləməyəcəyin qarmaq” filminin təsvir həlli tamaşaçıların qızğın müzakirəsinə səbəb oldu.
Nümayişdən sonra filmin rejissoru Jose David Apel (Arqentina) tamaşaçıların suallarını cavablandırdı.
Festival davam edir, qarşıda filmlərlə dolu 3 gün var və hələ düşündürücü mövzular çoxdur.
Xatırladaq ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir. Filmlər orijinal dildə, Azərbaycan dilində altyazılar ilə nümayiş ediləcək builki festival Goethe İnstitut, Free Art və Barza Art Bureau dəstəyi ilə təşkil olunub. Nümayiş məkanları: Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evi, YARAT Müasir İncəsənət Mərkəzi, Cine House, Kapellhaus, Nizami Kino Mərkəzi, Daş Salnamə Muzeyi Informasiya dəstəyi: Aki.az, Trend.az, Day.az, Milli.az, Azernews, Chaikhana Media Festivalın tərəfdaşları Azərbaycan Kinematorafçlar İttifaqı, Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi, Colibri Arts, Institut Français d’Azerbaïdjan və YARAT Müasir İncəsənət məkanıdır.
aki.az