“Xatirələr sahili” – 50

“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi “Xatirələr sahili”dir, çəkilişindən 50 il keçir…

1972-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Xatirələr sahili” filmini istehsalata buraxdı. Oqtay Orucovun ssenarisi əsasında çəkilən filmə rejissor Yalçın Əfəndiyev quruluş verdi. Film II Dünya müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamların taleyindən, onların doğma torpağı gözəlləşdirməyə çalışdıqlarından bəhs edir.

 

YALÇIN ƏFƏNDİYEV: FİLMİN SSENARİSİ ÇOX ZƏİF OLDUĞU ÜÇÜN ÖNCƏ İMTİNA ETDİM

 

Sənədli filmlər rejissoru kimi tanınan Yalçın Əfəndiyevin quruluş verdiyi birinci və sonuncu tammetrajlı bədii fim “Xatirələr sahili”dir. Filmin çəkildiyi ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov olub. Dövrün planına əsasən kinostudiyanın il ərzində istehsal edəcəyi filmlər ayrı-ayrılıqda rejissorlara təqdim olunurdu.

“Xatirələr sahili” filminin plana salındığı ildə filmləri çəkən rejissorların siyahısında Yalçın Əfəndiyevin də adı olub.

Y.Əfəndiyev deyirdi ki, “Xatirələr sahili” filminin ssenarisi ona təqdim edilsə də o, ssenari ilə tanış olduqdan sonra imtina edib: “Ssenari çox zəif idi. Ssenaridən imtina etdiyimi görən direktor belə bir təklif etdi ki, ssenaristlə birgə yenidən ssenari üzərində işləyim. Təklifi qəbul edərək ssenaridə bəzi dəyişikliklər və yaxud əksinə bəzi əlavələr etdik. Onu da qeyd edim ki, Oqtay Orucov ssenarist kimi yenicə fəaliyyətə başladığı üçün təcrübəsiz idi. Ondan fərqli olaraq mənim kino sahəsində təcrübəm çox idi. Filmə qədər bir çox sənədli filmlər yaratmışdım. Bu baxımdan qarşılıqlı razılıq əldə etdikdən sonra rejissor ssenarisi üzərində iş apardıq”.

Filmin sınaq çəkilişləri geniş şəkildə aparılıb. Yaradıcı heyətin tərkib hissəsinə daxil olan Ramiz Əliyev filmdə ikinci rejissor olaraq çalışıb.

Rejissorun dediklərindən: “Filmin yaranmasında Ramiz Əliyevin böyük rolu olub:  “Bildiyiniz kimi, filmdə baş qəhrəmanların hər birinin uşaqlıq illərini yaradacaq kiçik yaşlı aktyorlar da var. Onların hər birinin axtarışında Ramiz Əliyevin iştirakı oldu. Ramiz filmlərə dəvət olunan uşaqlarlarla çox işlədiyi üçün bir növ onların hansı qabiliyyətə malik olduqlarını da bilirdi. Yaxşı yadımdadır ki, uşaqların seçimi zamanı bir çox orta məktəblərdə olduq. Ramiz 25-ə yaxın, tanıdığı şəxslərin uşaqlarını kinostudiyaya gətirdi. Bundan başqa kinostudiyada olan həmkarlarım bir neçə uşağı bizə təqdim etdilər və nəhayət tanış-bilişlərin uşaqlarını sınağa cəlb etdik. Beləliklə də 45-ə yaxın az yaşlı məktəblini sınaq çəkilişlərində yoxladıq. Aktyorlara görünüş baxımından oxşarı olanları və əlbəttə ki, qabiliyyətliləri uyğun rollara təsdiq etdik”.

Filmdə baş rolların sınağında iştirak edən aktyorlar da çoxluq təşkil edib.  Aydın rolunun sınağına Tofiq Mirzəyevlə yanaşı, bir arxitektorun da ifası da yoxlanıb: “Ancaq həmin arxitektor yaş baxımından rola uyğun gəlmədi. Filmin əsas qəhrəmanları müharibə dövrünün adamları olduğu üçün rollara dəvət etdiyimiz aktyorların yaşı 35-dən az olmamalı idi. Ancaq Həsən Turabovu, Rafiq Əzimovu demək olar ki, sınaqsız uyğun rollara təsdiq etdim. Çünki hər iki aktyor o vaxta qədər  kifayət qədər filmdə rol oynamışdılar, belə olan halda onlara nə sınaq? Və onu da qeyd edim ki, çətinə düşməmək üçün əvvəlcədən işlərimizi planlı şəkildə qurmuşduq. Hansı rolun sınağı keçirilirdisə ora uzaqbaşı iki aktyor dəvət edirdik”.

Yeri gəlmişkən, film müharibə dövrünün adamlarından bəhs etdiyi üçün o zaman burada müharibə səhnələrini özündə canlandıracaq kadrlara da ehtiyac hiss olunub. Rejissor müharibə səhnələrinə o qədər də meyl etməyib, ancaq qəhrəmanlar müharibə dövrünün adamları olduğu üçün bəzi hallarda bunu həyata keçiriblər: “Filmin bir epizodunda anaların öz uşaqları haqda olan fikirlərinə yer verdik. Həmin epizodda uşaqlar yağ oğurluğu etdiyi üçün analar bir yerə yığışaraq bu barədə söhbət edirlər və onlar “biz nə qədər ac qalsaq da, qoymarıq ki, uşaqlarımız oğurluq etsinlər, çünki bu, bizə xas olan keyfiyyət deyil” deyə fikir mübadiləsi edir və yağı geri qaytarırlar. Bu epizodda geyimi, dekorasiyaları elə qurmuşuq ki, orada müharibə dövrünün mənzərəsini yarada bilək”.

Adətən keçmiş dövrü filmlərində canlandırmaq fikrində olan rejissorlar, öncə o dövrün adamlarının məsləhətlərindən bəhrələnir.

“Xatirələr sahili” filmində də gözləmək olardı ki, Yalçın Əfəndiyev hər hansı bir müharibə iştirakçısını və yaxud o dövrün adamını çəkilişə dəvət edərək onunla məsləhətləşsin, ancaq bunu etməyib: “Çünki filmi heç də müharibə mövzusu üzərində qurmamışdıq. Əgər müharibədən bəhs edən epizodlar çoxluq təşkil etsəydi, o zaman siz qeyd etdiyiniz kimi hər hansı bir məsləhətçini çəkilişə cəlb edərdik”.

Filmdə pavilyon çəkilişlərinə geniş yer verilib: “Aydının mənzilini pavilyonda qurduq, redaktorun(redaktor rolunu Şəmsi Bədəlbəyli oynayıb) kabinetində cərəyan edən söhbət az olduğu üçün onu kinostudiyanın direktoru Adil İsgəndərovun otağında lentə aldıq. Əlbəttə ki, bunun üçün əvvəlcədən ondan icazə almışdıq. Bundan başqa isə direktorun otağında bir balaca dəyişiklik etməklə onu redaktor otağına oxşatdıq. Digər epizodların çəkilişini isə əsasən Lənkəranda lentə aldıq və orada interyer çəkilişlərindən geniş istifadə etdik”.

 

“XATİRƏLƏR SAHİLİ”NDƏ LƏNKƏRAN HADİSƏSİ

 

Filmin çəkildiyi ildə Lənkəranda fəaliyyət göstərən meyvə-tərəvəz bazasında gedən yoxlama prosesi nəticəsində 11 nəfər məhkəməyə cəlb olunmuş və nəticədə də onların hər biri bir neçə illik azadlıqdan məhrum olunmuşdular. Həmin prosesin bir hissəsi filmə daxil edilib ki, bu barədə də rejissor məlumat vermişdir: “Ssenari üzərində iş aparılarkən  belə qərara gəldik ki, filmin çəkilişlərini əsasən Lənkəranda çəkək. Yaradıcı heyət müəyyənləşən kimi filmin çəkilişlərinə başladıq. Çəkiliş vaxtı ssenariyə əlavələr edirdik ki, bu əlavələr də artıq baş vermiş hadisələr fonunda lentə alınırdı. Lənkərandakı hadisəyə gəlincə, rayonun bir qrup kolxozçusu aylarla meyvə-tərəvəz bazasında yetişdirilib satılan sənədlərə imza atmışlar. Əslində isə həmin kolxozçuların meyvə-tərəvəz yetişdirilməsi ilə heç bir əlaqələri olmayıb. Yəni onlara hər ay saxta sənədlər imzaladıblar. İş burasındadır ki, saxta sənədlər əsasında yetişdirilib satılan meyvə-tərəvəzdən əldə olunan pulun az bir qismi həmin kolxozçulara verilirmiş. Sonradan hadisə aydınlaşmış və əslində kolxozçuların aldanıldığı bəlli olmuşdu. Bütün bunların şahidi olduğum üçün baş verən hadisənin bir hissəsini filmə daxil etdim və bunu da onunla əlaqələndirmişdim ki, filmdəki qəhrəmanlardan biri ssenariyə əsasən meyvə-tərəvəz bazasında çalışırdı. Guya o, qanun pozuntusuna yol vermişdi və nəticədə də məhkəməyə cəlb olunmuşdu”.

Rejissor filmin ssenarisinə məhkəmə səhnəsini canlandıracaq epizod əlavə edir və  həmin epizodu elə çəkir ki, tamaşaçı üçün hər şey tez aydınlaşsın. Yəni, guya filmdə belə bir hadisə baş verib. Əslində isə hadisə artıq Lənkəranda baş vermişdi. Baş verən cinayət hadisəsinin materialları Lənkəranın prokurorluğundan əldə olunub. Ən maraqlı tərəf isə onda idi ki, filmdə məhkəmə səhnəsində prokuror rolu da elə Lənkəranın baş prokuroru Ələddin Sultanova həvalə olunub.

Y.Əfəndiyev bu barədə deyirdi ki, cinayət hadisəsini ssenariyə daxil etdikdən sonra onu Lənkəran rayonunun baş prokuroru Ələddin Sultanova təqdim edərək oxumasını xahiş edib: “Bütün bunlar hər şeyin yerli-yerində olması üçün vacib idi. Doğrudan da Ələddin Sultanov bizə yaxından kömək etdi, necə deyərlər, bir növ məsləhətçi qismində filmdə iştirak etdi. Qaldı ki, onun filmdə öz obrazını canladırmasına bu, bilavasitə Ələddin müəllimin öz istəyi ilə oldu”.

 

RAFİQ ƏZİMOV:  FİLMDƏ OYNADIĞIM VƏLİ OBRAZI MƏNƏ YAXIN İDİ

 

Filmdə əsas obrazların yoxlama çəkilişlərinə Xalq artisti Rafiq Əzimov da dəvət olunub. O, Vəli obrazı üçün yoxlama prosesindən keçib.

R.Əzimov deyir ki, “Xatirələr sahili” Yalçın Əfəndiyevin quruluş verdiyi ilk film olmasına baxmayaraq o, istər rejissor ssenarisi üzərində iş aparmaq, istər yaradıcı heyətin müəyyənləşməsi məsələsində çox böyük dəqiqlik nümayiş etdirirdi: “O, bir rejissor olaraq istedadlı olmaqla yanaşı, eyni zamanda da səviyyəli, mədəni idi. Aktyorları hələ məşq prosesində hərtərəfli olaraq rola hazırlamağı bacarırdı. O vaxta qədər Yalçın Əfəndiyevlə heç bir tanışlığım yox idi. Təsəvvür edin ki, heç bir tanışlığımız olmadığı halda o, birdən-birə məni ilk quruluş verdiyi filmində baş rollardan birinə dəvət etdi. O illər çox çətin illər idi, bu baxımdan da sınaq çəkilişləri güclü səviyyədə aparılırdı, çünki nəzarət güclü idi. Təbii ki, sınaq çəkilişlərində aktyor kimi obraza uyğunluğumu əsas götürən rejissor məni Vəli roluna təsdiq etdi. Ola bilsin ki, Vəli roluna məndən başqa dəvət alan olub. Ancaq rejissor bunu çox böyük məharətlə gizli saxlayırdı. Təbii ki, bu da dövrün qayda-qanunu ilə yanaşı, eyni zamanda da ümumi işin xeyri üçün edilirdi”.

Qeyd etdiyimiz kimi, filmdə əsas qəhrəmanların hər birinin uşaqlıq illəri də canlandırılıb. Hər aktyorun uşaqlıq illərinə bənzəyən uşaqları tapmaq isə o qədər də asan olmayıb: “Rejissor çalışırdı ki, sınaqda ifa tərzi ilə fərqlənən uşaqlar oxşarlıq, xarakter və əlbəttə ki, qabiliyyət baxımından rollara uyğun olsunlar”.

Filmdə Rafiq Əzimovun yaratdığı Vəli obrazı xüsusilə diqqət mərkəzində dayanır. Ən azından ona görə ki, ssenariyə əsasən Vəli Xalq Teatrının rejissorudur və buna görə də daima hazırlıq prosesi ilə tamaşaçı diqqətində dayanır: “Vəli obrazı bir qədər mənə yaxın idi. Çünki bir vaxtlar mən də Xalq Teatrında işləmişdim ki, bu da çəkiliş vaxtı mənə xeyli kömək etdi”. Filmdə Masallı rayonunun “Halay” ansamblının fəaliyyətindən geniş istifadə olunub: “Yaxşı yadımdadır ki, “Halay” ansamblının üzvləri hələ geniş tamaşaçı tərəfindən tanınmırdı və əlbəttə ilk dəfə olaraq elə bu filmə çəkilirdilər. Ansamblın rəhbəri Ümbülbanı xanım da çəkiliş vaxtı bizə yaxından kömək etməklə yanaşı, filmdə də çəkildi. Hətta onun qızı da filmdə çəkilmişdi. Sonralar isə həmin qız mənim tələbəm oldu”. Filmdə bir çox epizodlar müharibə həyatını özündə əks etdirir.

Aktyor onu da etiraf edir ki, filmə kifəyət qədər maraq, güc, hətta vəsait sərf edilməsinə baxmayaraq “Xatirələr sahili” tamaşaçı marağını çəkməyib. “Hədənsə film, məsələn, “Yeddi oğul istərəm” filmi səviyyəsində uğur qazana bilmədi. Film yalnız Azərbaycan daxilində nümayiş olundu, bundan başqa isə əgər səhv etmirəmsə, heç bir kinofestivallara qatılmadı. Bəlkə də filmin yayımı güclü olsaydı, o zaman heç uğursuzluqdan söhbət belə gedə bilməzdi”.

Xatırladım ki, filmin çəkilişləri bir çox yerlərdə, əsasən Lənkəranda, Masallıda aparılıb. Bundan başqa, filmdə pavilyon çəkilişlərindən də istifadə olunub.

 

MOSKVA LƏNKƏRANDA BAŞ VERƏN CİNAYƏT HADİSƏSİNİ FİLMDƏN ÇIXARMAĞI TƏLƏB EDİB

 

Filmin hazırlıq proseslərindən conra onu Bədii Şuranın baxışına təqdim edirlər. Qurum filmi qəbul edərək onu Moskva Kino İdarəsinin nəzdində fəaliyyət göstərən Bədii Şuranın baxışına təqdim edir. Moskva şərt əsasında filmi qəbul edir. Şərt isə ondan ibarət idi ki, sseanaridə edilən dəyişikliklər, yəni Lənkəranda baş verən cinayət hadisəsi filmdən çıxarılsın. Yaradıcı heyət, başda rejissor olmaqla Moskva ilə razılaşmaq fikrindən uzaq olsalar da bunu etmək məcburiyyətində qalırlar. Buna görə də tez bir vaxtda Bakıya dönən qrup 10 dəqiqəlik lenti montaj vasitəsilə filmdən çıxarır. Maraqlıdır, bəs nəyə görə, Azərbaycanda baş verən hadisə Moskvanı belə narahat edib?

Rejissor deyirdi ki,  Moskvadakı nümayəndəlik Azərbaycanda belə bir hadisə baş verməsinə inanmırdı: “Ancaq biz Lənkəranda bütün bunların şahidi olduğumuz üçün filmdə də baş verən cinayət hadisəsinin faktlar əsasında olduğunu sübut etməyə hazır olduğumuzu bildirdik. Ancaq buna baxmayaraq onlar kəskin şəkildə həmin epizodun filmdən çıxarılmasını tapşırdılar. Əks halda isə filmin taleyinin necə olacağı məlum idi. Sadəcə bir hissəni filmdən çıxardıq. Ancaq məhkəmə prosesini canlandıran bir neçə səhnəni filmdə saxladıq. Təbii ki, fikirləşmək olar ki, nə üçün Moskvaya etiraz etmədik? O dövr başqa idi. “Azərbaycanfilm” kinostudiyası il ərzində cəmi 4-5 bədii film çəkirdi. Və həmin filmlər üçün Moskva tərəfindən pul ayrılırdı. Əgər hər hansı bir filmdən çıxarışa görə rejissor etiraz edərək öz fikrini əsas götürdüyünü irəli sürsəydi, o zaman film ümumiyyətlə ixtisara düşərdi. Bu da o demək idi ki, illik plan kəsirinə düşən kinostudiya bir müddət bunun ağrısını çəkməli olacaq. Əgər mən etiraz etsəydim, təbii ki, kinostudiyamız çətinliklər arasında qalacaqdı və nəticədə də mən də film çəkmək arzularımdan əl çəkmək məcburiyyətində qalacaqdım. Bu filmə qədər mən yalnız sənədli filmlər rejissoru kimi tanınırdım və buna görə də çox sayda diplomlara, mükafatlara layiq görülmüşdüm. Bunu əsas götürən kinostudiyanın rəhbərliyi mənə etimad göstərərək belə bir filmin çəkilişini etibar etmişdilər. Bütün bunları nəzərə alaraq sizcə Moskvaya qarşı öz etiraz səsimi necə ucalda bilərdim. Bu baxımdan da Moskvanın dediyi ilə razılaşmağa məcbur idik”. Növbəti baxışdan sonra Moskva filmi 2-ci kateqoriyaya layiq görür.

FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifi Oqtay Orucov, quruluşçu rejissor Yalçın Əfəndiyev, operator Zaur Məhərrəmov, rəssamlar-Firəngiz Qurbanova, Fikrət Əhədov, bəstəkar-Xəyyam Mirzəzadə, səs operatoru-Kamal Seyidov, II rejissor Ramiz Əliyev.

Rollarda iştirak ediblər: Tofiq Mirzəyev(Aydın, uşaqlığı Samir Səlimov), Əliabbas Qədirov(İmran, uşaqlığı Ələkbər Əliyev), Həsənağa Turabov(Kamran, uşaqlığı Comrad Əliyev), Rafiq Əzimov(Vəli, uşaqlığı Çingiz Quliyev), Gümrah Rəhimov(Səlim, uşaqlığı Bəhruz Qarayev), Murad Heydərov(Murad), Amaliya Rənahova(Xalidə, Səlimin həyat yoldaşı), Telman Adıgözəlov(Şamil), Ələddin Abbasov(Əhməd dayı), Ələddin Sultanov(rrokuror), Zemfira Sadıxova(Əminə).

X.QİYAS