Oktyabrın 22-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində gənc Azərbaycan rejissorlarının filmlərinin premyerası baş tutdu.
“Yeni nəsil, yeni nəfəs, yeni nəzər” sloqanı ilə keçirilən tədbirin əvvəlində, qonaqları nəfis musiqi proqramı salamladı. Daha sonra isə kino tədbirinin açılışı oldu. Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova bildirdi ki, bu həftədən etibarən, AKİ, özünün ənənəvi film baxışlarını davam etdirəcək: “Biz şadıq ki, mövsümün açılışı məhz burada, Nizami Kino Mərkəzində baş tutur. Buna görə Nizami Kino Mərkəzinin rəhbərliyinə, həmçinin AR Mədəniyyət Nazirliyinə təşəkkür edirik”.
Sonra, səhnəyə AKİ-nin katibi, Xalq artisti Həmidə Ömərova dəvət olundu. Rejissorları premyera münasibətilə təbrik edən Həmidə Ömərova dedi: “Kinematoqrafçılar İttifaqı adından sizi salamlayıram. Mən Moskva Kinematoqrafiya İnstitutunda oxuyanda həftənin iki günü film nümayişləri keçirilirdi, xarici filmlərə baxırdıq. Ağlıma gəlməzdi ki, bizim Kinematoqrafçılar İttifaqında da belə gözəl təşəbbüs olacaq. Arzu edirəm ki, əl-ələ verib gözəl filmlər yaradaq və onların premyerasına məhz bu zalda baxaq”.
Qısa çıxışlardan sonra Novruz Hikmətin “Burada sakitlikdir”, Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Teymur Qəmbərovun “İki gün” və Daniel Quliyevin “Uzaq” qısametrajlı bədii filmləri nümayiş olundu.
Filmlər tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılandı. Nümayişdən sonra moderator səhnəyə rejisorları dəvət etdi. Daniel Quliyev Almaniyada kinofestivalda iştirak etdiyindən, onu, filmdə baş rolun ifaçısı və rejissor Murad Şükürlü əvəz elədi.
Moderatorun: “Uzaq” filmi istisna olmaqla, digər üç filmdə müharibə motivi var. Hazırlıq mərhələsində real hekayələrin axtarışlarına çıxdınız, yoxsa ümumi müşahidələriniz sayəsində sırf öz təxəyyülünüzə arxalandınız?” sualına, Teymur Qəmbərov cavab olaraq bildirdi ki, bu hekayəni müharibədən əvvəl yazıb: “Dostlarım dedi ki, belə bir pitçinq olacaq (İkinci Qarabağ müharibəsinə həsr olunmuş “Böyük qayıdış” layihəsi nəzərdə tutulur), bəlkə ssenarinə müharibəni əlavə edəsən, mən də “yox” demədim, fikirləşdim. Çox maraqlısı budur ki, bu filmi atama göstərəndə, o dedi ki, belə bir əhvalat onun başına gəlib. Onu Birinci Qarabağ müharibəsinə aparıblar və ondan xəbər olmayıb. Sonra buraxıblar. Bəzi məqamlar həyatımla bağlı idi, amma şəxsi olduğundan bu barədə danışmaq istəmirəm”.
Qeyd edək ki, “Burda sakitlikdir” filmi Ukrayna müharibəsi haqqındadır. Filmin rejissoru Novruz Hikmət uzun müddət Ukraynada yaşadığını söylədi: “15 ildir orda yaşayıram. Öncə təşəkkür edirəm ki, doğma Azərbaycanda belə bir görüş baş tutdu və filmim nümayiş olundu. Ukraynada müharibə indi də davam edir, bu uzun bir müharibədir. Bu film müharibənin ilk aylarında çəkilib. İndiki zamanda belə film çəkilməzdi, bir az başqa mövqedə olardım. Müharibə haqda insanlar bizə öz fikirlərini yollayırdılar. Biz real cütlüyü seçdik. Əslində, gördüyünüz, əhvalatın bir hissəsi mənim, bir hissəsi dostlarımın başına gəlib. Əsas məqsəd o idi ki, müharibə vaxtı, müharibədən danışmamaq mümkündür ya yox. Ümumiyyətlə, müharibədə hər şeyin dadı itir. Dialoq yox, sevgi, ehtiras yox. Hər şey ölür. Həyata sevgi, həvəs”.
Moderatorun “Niyə əsas rola məhz siz seçildiniz?” sualının cavabında Murad Şükürlü bildirdi ki, Daniel bu film üçün kastinq etmişdi: “Dedilər ki, bu yaş aralığında, obraza uyğun aktyor axtarırlar. Kastinqə dəvət etdilər, bir-iki sınaq çəkilişi oldu, qəbul edildim”.
Teymur Qəmbərov “Kastinq zamanı hansı meyarlara əsaslandınız?” sualının cavabında dedi ki, əslində, kastinq mənim üçün böyük sözdür: “Belə deyək, mən sadəcə həmin insanları axtarırdım. Fakturaya görə. Bilirdim ki, qız rolunda Mələk Bayramlı oynayacaq. Ana rolu qalmışdı. Bir tanış fotoqraf vardı, onun səhifəsində gördüm Təranəni. Ona yazdım, razılşadıq. İkinci filmdir ki, aktyorları seçib, sonra ssenarini yazıram”.
Norvruz Hikmət, filmi çəkərkən, hazırlıq mərhələsində Ceylanın, Pedru Koştanın filmlərinə baxdığını qeyd etdi.
“Murad, siz rejissorsunuz. Bu mənada Daniel Quliyevlə iş prosesiniz maraqlıdır” sualının cavabında Murad Şükürlü dedi: “Büdcəsiz film olduğuna görə, çox məşq etməyə, hazırlıq prosesinə imkan olmadı. Müşahidə etdim ki, Daniel daha çox yoxlayır. Bəzi səhnələrdə azadlıq verirdi oynamağa. Amma bəzi səhnələrdə konkret tələbləri vardı. Hekayə ilə bağlı çox sual verdim. Dedi ki, rejissor kimi yanaşma, akyor kimi yanaş”.
Tamaşaçının “Filminizdə tunel nə anlama gəlir?” sualının cavabında Azər Quliyev bildirdi: “Xüsusi bir səbəbi yoxdur, orada istədik və orada çəkdik. Qırmızı fon isə teplovizor adlanan qurğu ilə çəkmişik. Əsgərlərlə bağlı səhnə improvizasiya idi”.
Qeyd edək ki, tədbir, Nizami Kino Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində keçirilib.
aki.az