Yanvarın 25-də “Nizami” Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Kənan Musayevin “Zaman adlı qatar” bədii filminin müəllimlər üçün nümayişi baş tutub.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sutanova, film haqda məlumat verdi və nümayişdən sonra auditoriya ilə birlikdə tematik müzakirə aparılmasını təklif etdi: “Biz Kənan bəylə belə qərara gəldik ki, nümayişdən sonra həm film haqda fikirlərinizi eşidək, həm də təhsildə kinematoqrafiyanın rolu, ayrı-ayrı mövzuların mənimsənilməsində filmlərin nə qədər effektli olacağını müzakirə edək”.

Nümayişdən sonra, moderator, səhnəyə rejissoru dəvət etdi. Auditoriyaya təşəkkürünü bildirən Kənan Musayev kino və təhsil mövzusunda fikirlərini bildirdi: “Bu gün məktəblərdə kino, incəsənətlə bağlı fənlərin keçirilməsi vacibdir. Uşaqların, xüsusən kinoya böyük ehtiyacı var. Müasir dövrümüzün uşaqlarında bir aclıq var. Uşaqlar bilmir ki, informasiyanı haradan alsın. Daha doğrusu, indi informasiya bolluğudur. Amma keyfiyyət problemi var. Yerli audiovizual məhsullar olmadığına görə bizim uşaqlar özlərini başqa millətlərin qəhrəmanlarına oxşadırlar. Yaxud da başqa bir mədəniyyətə meyil edirlər. Yəni biz azərbaycanlı olaraq, öz mədəniyyətimizi unutmamalıyıq. Mən demirəm ki, çərçivədə yaşayaq. Sadəcə olaraq, bizim müəyyən meyarlarımız olmalıdır, burada da təhsilin rolu vacibdir. Mən müəllim ailəsində böyüdüyümdən bu peşənin məsuliyyətini bilirəm. Müəllimin uşağa təsiri daha böyükdür. Kino və incəsənət təhsillə simbiozdur. Ona görə, kinonun təhsilə gətirilməsi formasını tapmaq lazımdır”.

Müəllimlərdən biri qeyd etdi ki, incəsənətin tədrisi ona görə vacibdir ki, uşaqlar robot kimi böyüməsinlər. “Texnoloji yeniliklər uşaqları estetik zövqdən, hisslərdən məhrum edir. Amma bütün məsuliyyəti məktəbin üzərinə atmaq olmaz. Valideynlər də uşaqların sənətə münasibətinin formalaşmasında rol oynamalıdırlar. Çünki bəzi valideynlər uşaqları elə tərbiyə edirlər ki, onlar əyləncənin, sənətin mollardan ibarət olduğunu düşünürlər. Filmlə bağlı onu deyim ki, mən orda “Gün keçdi”, “Ögey ana” filmlərinin təsirlərini gördüm. Aktyorlar özlərinin təbii oyunlarına inandırdılar”.
Kənan Musayev bildirdi ki, film 2015-ci ildə çəkilib: “İndi çəksəydim başqa cür çəkərdim. Çünki indi həyat təcrübəm, münasibətim yetkinləşib. Onda filmi çəkəndə çalışdıq ki, maksimum sadə, səmimi olaq. Və dialoqlarda sadəliyi qoruyaq”.
“Azərbaycan dili” dərsliklərinin müəllifi olmuş, “Altun” nəşriyyat evinin direktoru Rafiq İsmayılov ssenarinin əla olduğunu bildirdi: “Kənan bəy dedi ki, film real hadisələr əsasında çəkilib. Belə bir hadisəni mənə danışsaydılar, inanmazdım. Amma filmdə rejissor işindən tutmuş aktyor işinə qədər hər şeyin kamilliyi bizi bu hadisəyə inandırdı.
Kinonun, mədəniyyətin məktəblərdə tədrisinə gəlincə… Təəssüf ki, bizdə incəsənətlə bağlı dərslərin keçirilməsinə formal yanaşırlar. Uşağın şəxsiyyət kimi formalaşması valideynlərin, onlara mütaliəni aşılamasından da asılıdır. Uşaqların hərtərəfli böyüməsində kinonun da təsiri olacaq. Təhsil Nazirliyində bununla bağlı məsələ qaldırmaq olar. Dərsliklərdə kinonun tarixinə dair maraqlı hadisələrə yer vermək onların intellektual biliklərini artıracaq”.
Filmdə baş rollardan birini ifa edən aktrisa, Xalq artisti, AKİ-nin İdarə Heyətinin üzvü Həmidə Ömərova da xatirələrini bölüşdü:
“On il keçməsinə baxmayaraq, filmin çəkiliş prosesi elə bil dünən bitib. Mən hələ də həmin atmosferin təəssüratı altındayam. Filmdə qoyulan mövzu həyati olduğundan, bu gün də aktuallığını qoruyub saxlayıb. Çünki, yüksək mənəvi dəyərləri təbliğ edir. Düşünürəm ki, milli kinomuzda bu mövzuya toxunan filmlərin sayı çox olmalıdır. K.Musayevin zəhmətini danmaq olmaz, o, olduqca istedadlı, bacarıqlı və aktyorlarla düzgün işləməyi bacaran rejissordur”.
Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva filmi yalnız indi gördüyünə görə təəssüfləndi:
“Film çox səmimidir. Son zamanlar elə filmlər çəkirlər ki, adama yad gəlir, elə bil özgə dildən tərcümə olunub. Burada isə hər şey axıcıdır, hadisəni yaşayırsan sanki… Biz kino ilə bağlı təhsildə nə edə bilərik? Problem odur ki, bizim şagirdlər uçan adamları, super qəhrəmanları özlərinə kumir seçirlər, onlara bənzəmək istəyirlər. Bütün bunlar marketinqdir. Kim nəyi reklam edirsə, uşaq da ona baxır, gözünü açıb ona meyil edir. Ona görə, kino təhsildə olmalıdır, amma mexanizmini bilmirəm. Yəni kinonu necə gətirmək olar? Bunu müzakirə etmək lazımdır. Ən vacib şeylərdən biri, uşaqların emosional intellektidir ki, bunu da inkişaf etdirən kinodur, incəsənətdir”.
Rəssam Ceyhun Abdullayevin sözlərinə görə, rejissor filmdə əsas fikri çatdıra bilib: “İncəsənət və təhsil məsələsi ilə bağlı bəzi fikirlərimi deyim. Mən bir dəfə Nabat Aşurbəyovanın portretini işləmişdim. Tələbələr soruşdular ki, bu xala kimdir? Biz məktəbdə onlara bu şəxsiyyətləri tanıtmalıyıq. Valideynlərin də incəsənətə münasibəti dəyişməlidir. Uşaqlarını rəssamlıq kurslarına gətirəndə, birinci soruşurlar ki, burada qazanc var? İncəsənətə yalnız pul kimi baxırlar. Nəticədə uşaq sənətdən qaçır və onun estetik zövqü inkişaf etmir”.
Azərbaycan dili üzrə dərsliklərin müəlliflərindən biri Aysel Xanalıyeva maraqlı bir təcrübəsini bölüşdü:
“Bir dəfə dərslikdə “Sehrli xalat” filmindən kiçik epizod vermişdik. Bir müddət sonra, müəllimlərin dərslərini necə təşkil etdiyini görəndə çox sevindik. Sinifdə bu filmi göstərdilər, müzakirələr apardılar. Yəni bir epizod nələrə sövq edə bilər. Kino sənəti hər zaman cəlbedici olub. Bugünkü film də çox təsirli idi. Biz dərsliklərdə bəzən həyatın özünü steril nümayiş etdirməyə çalışırıq. Amma filmlərdə həyatın özü var, onu başqa tərəflərdən göstərirlər. Olur ki, dərslikərdə hekayələrin faciəli sonluğunu dəyişirik ki, uşaqlara pis təsir etməsin. Məsələn, “Qaraca qız” əsərinin sonluğunu açıq buraxdıq. Amma düşünürəm ki, dərsliklərdə həyat həqiqətlərini çatdırmağı bacarmalıyıq. Şagirdlərlə fikir mübadiləsi aparmaq lazımdır ki, nə doğru, nə yanlışdır. Bu barədə kino sənəti bizə yardımçı ola bilər”.
Tədbirdə iştirak edən digər müəllimlər də film haqda, eyni zamanda, kinonun təhsildə tədrisi ilə bağlı fikirlərini bölüşdülər və milli kinomuzda uşaqlarla bağlı filmlərin azlığından gileyləndilər.

Sonda moderator belə bir tarixi faktı da bölüşdü:
“Hələ 1968-ci ildə Azərbaycanın Təhsil Nazirliyi və Nazirlər Soveti Yanında Kinematoqrafiya Komitəsi azyaşlı tamaşaçıları kino sahəsinə cəlb etmək məqsədilə kompleks tədbirlər planı haqqında əmr imzalamışdı. Həmin əmrdə deyilirdi ki, uşaqlar üçün kinoteatrlar təşkil edilməli, dərslərdə mövzulara uyğun filmlərə baxılmalıdır. Çünki bu, həm də uşaqların müzakirə mədəniyyətinin, estetik zövqünün formalaşmasına kömək edirdi. “Azərbaycanfilm” kinostudiyasına tapşırılmışdı ki, gərəkli filmlər dilimizə çevrilsin. Bu işi əlaqələndirmək üçün komissiyalar yaradılmış, komissiyanın tərkibinə kino işçiləri və pedaqoqlar daxil edilmişdi. Düşünüərm ki, bu ənənəni mütləq bərpa etmək lazımdır”.
aki.az