Zamin Məmmədov: Qarabağ mövzusu mənə çox doğma və yaxındır
Dekabrın 23-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Zamin Məmmədovun film gecəsi keçirilib.
Moderatorluğunu Sevda Sultanovanın etdiyi tədbirdə rejissorun üç filmi (“Şəbəkə”, “Onun atası”, “Səs”) nümayiş olunub. Mərhum kino rejissor Rasim Ocağova həsr olunan “Şəbəkə” sənədli filmində səsləndirməni Xalq artisti Fəxrəddin Manafov edib. Digər filmlər “Onun atası” və “Səs” isə I Qarabağ Müharibəsindən bəhs edən bədii filmlərdir.
Filmlərin nümayişindən sonra rejissor kinoşünas Sevda Sultanova və izləyicilərin suallarını cavablandırıb.
Sevda Sultanova filmləri şərh edərkən, rejissorun Qarabağ haqda çəkdiyi filmlərin hazırlıq prosesi ilə maraqlanıb: “Bu gün nümayiş olunan 2 filminiz müharibəyə həsr olunub. Ümumiyyətlə, Qarabağ haqda işlədiyiniz mövzularda araşdırma edirsinizmi? Filmləriniz hansı materiallara əsaslanır?”
Suala cavabında Zamin Məmmədov deyib ki, Qarabağ mövzusu onun yaradıcılığının ana mövzularındandır: “Mən 15-dən çox milli qəhrəman haqda film çəkmişəm. Qarabağ mövzusu mənə çox doğma və yaxındır. Bu mövzuda özümdən yaxşı işləyə biləcək ikinci bir rejissor tanımıram. Emosional təsirə gəlincə, filmlərin yetərincə emosional təsiri var. Bunu özümə güvənərək yox, kənardan eşitdiklərim, yazılan şərhlər əsasında deyirəm”.
Filmlərinin operator işinə diqqət çəkən rejissor bu məsələdə tənqid qəbul etmədiyini vurğulayıb: “Mənim operatorlarımın işinə söz ola bilməz. Həmçinin də rəssam işinə. Mənim işimi tənqid edə bilərsiniz, amma onların işini yox”.
Kinoşünas Sevda Sultanovaya “Sizin işiniz tənqid etməkdir, mənim işim isə müdafiə olunmaqdır” deyən Zamin Məmmədovun fikirlərinə öz çıxışında rejissor-prodüser İnqitam Hacılı münasibət bildirib: “Əslində, düşünürəm ki, əgər Zamin bəy filmi təqdim edibsə, artıq özünü müdafiə etməsinə ehtiyac yoxdur. Mən onun yerində oturmuş olsam, tamaşaçılar nə desə, qəbul edərdim. Çünki film artıq onlarındır. Filmə baxan tamaşaçı artıq öz zövqünə, intellektinə, kino səviyyəsi biliyinə, həyat təcrübəsinə görə fikirlərini bildirəcək. Qaldı ki, filmlərə, Zamin bəyi təbrik edirəm, bu iş təcrübədən asılıdır. Doğrudur, mən onun Qarabağ qəhrəmanları haqda filmlərini görməmişəm, amma düşünürəm ki, bu gün izlədiyimiz bu 3 qısametrajlı film onun gələcək işləri üçün çox böyük təcrübə olacaq. Bu, çox böyük bir yoldur. Əgər o böyük yolda nəticə çıxarırsansa, deməli, qarşıda nələr isə olacaq”.
İntiqam Hacılı rejissordan filmlərini nəyə görə yerində səsləndirməməsinin səbəbini soruşduqda, həmkarı belə cavab verib: “Bu, normal bir şey deyil. Çünki belə olan halda, ətrafda bizim eşitmədiyimiz milyonlarla səs olur. Bu isə bizim şüuraltına təsir edir. Səsi studiyada yazanda isə, o səslərin heç biri bizə təsir etmir və diqqətimiz sırf filmə yönəlir. Mən bunu bir professional kimi deyirəm”.
İnqitam Hacılı bu cavabla razılaşmayıb: “Məncə, aktyorun verdiyi hiss onun ağzını açdığı məqamdadır. Yəni, 50 faiz səs məsələsdir. Məncə, kino adamlarını, tamaşaçıları dinləsək, onlar da yerində yazılan səsin hiss və həyəcanı daha yaxşı ötürdüyü fikri ilə razılaşacaqlar”.
Zamin Məmmədov isə bildirib ki, o, bundan sonra da filmləri üçün səsləndirməni yalnız studiyada etdirəcək.
Tamaşaçılar arasında olan rejissor Mahir Dərviş deyib ki, filmdəki səmimiyyəti hiss etmək üçün ona uşaq kimi baxmaq lazımdır: “Ümumiyyətlə, mən filmə baxanda, çalışıram uşaqların gözü ilə baxım. Çünki belə olanda, insan səmimiyyəti görə bilir. Böyük kimi baxmağa gəlincə, 14 yaşından “Azərbaycanfilm” kino studiyasında böyümüşəm. Rasim Ocaqovdan tutmuş, bir çoxlarını görmüşəm. Uşaq kimi filmə baxanda nəyi nəzərdə tuturam: Əgər uşaq paraşütçülər haqda filmə baxırsa, onların həyəcanını, halını səmimi hiss edir. Amma sənət baxımından baxanda, operator kimi, rejissor kimi və ya ssenarist kimi soruşuruq ki, nə əcəb təyyarədən tullananda, paraşütdən sağ tərəfə və ya sol tərəfə tullanmadın? Halbuki, heç müəllif paraşütdən tullanmayıb. Ümumiyyətlə, sənət budur”.
Mahir Dərviş onu da vurğulayıb ki, o, öz təxəllüsünə uyğun olaraq, filmə baxarkən, oradakı halı duymağa fokuslanır: “ Üzrlü sayın, mən bir az hal əhliyəm. Mən filmə baxanda, ekrandan rejissorun halını hiss etmək istəyirəm. Orada texniki səhvlər də ola bilər, amma əsas o halı hiss etməkdir. Rəhmətlik Aydın Dadaşov demişkən, “Filmindən kasıb iyi gəlir, amma ideya var”. Sənədli film mənim çox xoşuma gəldi. Bədii filmlərə gəlincə, texniki tərəfləri tənqid edənlər oldu. Bu da normaldır, tənqid olmalıdır ki, inkişaf olsun. Qaldı ki, fikrimə, Zaminin öz ab-havası var. Hətta onu tanımasam belə, filmlərinə baxanda, hiss edirsən ki, bu ekran əsərinin arxasında rejissor dayanıb”.
Rejissora sual verən kinoşünas Aygün Aslanlı ilə Z.Məmmədov arasında yaddaqalan dialoq yaşanıb:
– Zamin, birincisi, filmlərə görə təşəkkür edirəm. “Onun atası” filmi haqda danışmaq istəyirəm. Bu filmdə iri planlar o qədər çoxdur və o qədər iridir ki…
– Onların hamısı pulsuzluqdan baş verən şeylərdir.
– İri planlar pulsuzluqdan baş verir?
– Bəli, filmdə ümumi plan büdcə deməkdir.
– Ümumi plan deyəndə, mən çox adamlar və.s. nəzərdə tutmuram. Kameranın personajların üzünə girməyi, bu qədər irilik adətən, manipulyasiyaya xidmət edir. Yəni, baxın, burada ağlayır, baxın, burada alma soyur. O qədər böyük iri planların funksiyası tamaşaçını manipulyasiya etməkdir.
– Ümumiyyətlə, bizim sənətimiz manipulyasiyadır. Siz bu gün təbii ki, professional kimi danışırsınız, bu, normal bir şeydir. Amma tamaşaçı bunu çox rahat şəkildə yeyir. Bu, mənə sərf edir.
“Onun atası” filmi haqda danışarkən, rejissor həmçinin, bildirib ki, bu ekran əsərində o, heç bir güllə səhnəsi çəkmədən, müharibənin ağrısını ifadə etməyə çalışıb.
Mətnşünas Sadiq Elyar filmlər haqda fikrini söyləyərkən, rejissorun işlərini bəyəndiyini qeyd edib: “Zamin, səni təbrik edirəm, hər 3 filmini bəyəndim. Mən kinoşünas deyiləm, tamaşaçı kimi danışıram. Birinci filmində görünüş superdir, göz oxşayır. Amma mətnlə razı deyiləm. Məncə, mətn problem deyil, onu bir daha dəyişmək olar. Qaldı ki, “Onun atası” filminə, istər Xalq artisti olsun, istər kosmosdan kimi isə gətirmisiz, bu, səni vəziyyətdən çıxarmır. Səsləndirmə alınmayıb. Amma uşaqla əla işləmisən. 90-cı illərin müharibəsidir, çox yaxşı göndərmələr eləmisən. Buna görə səni təbrik edirəm. Şamil müəllimə gəldikdə isə, Şamil müəllim yaxşı oynaya bilər, amma səsləndirmə alınmayıb”.
Zamin Məmmədov bildirib ki, filmdə Şamil Süleymanovun qəhrəmanını Xalq artisti Rasim Balayevin səsləndirməsi əslində, zərurətdən yaranıb: “Açığını deyim ki, bu səsləndirmə məsələsində Şamil müəllimin obrazı formalaşmırdı. Əvvəlcə, o, özü səsləndirdi. Dəfələrlə başqa adamlar da səsləndirdi, amma heç cür Şamil müəllimi o obraza sığışdıra bilmirdim. Mənə elə gəlir ki, Rasim Balayevlə alınıb”.
ADO teatrının direktoru, hüquqşünas Xalid Bağırov çıxışında “Onun atası” filmini bəyəndiyini dilə gətirib: “Müharibə uşaqların gözü ilə, uşaqların simasında. Çox qəşəng işləmisiniz bunu. Bütün filmboyu müharibə böyükləri uşaqların sualları qarşısında aciz qoyur. Çox xoşuma gəldi bu. Amma sonluqda birdən-birə böyükdən ümidli bir cavab gəldi. Bu ümid hardan gəldi? Bu cavab hardan çıxdı?”
Tamaşaçının fikrinə “O son səhnədəki cavab əslində, cavab yox, təsəlli idi” deyən rejissora Xalid Bağırov “Amma uğursuz təsəlli idi” şərhini verib.
Bundan sonra çəkəcəyi filmlərlə bağlı suala cavab verərkən Zamin Məmmədov deyib ki, əgər yetərincə maliyyə olsa, o, gələcəkdə kriminal mözvuda film çəkmək niyyətindədir.
Tədbir filmin müzakirəsi ilə davam edib.
İzolda Ağayeva Lalə