Ziya Şıxlinskinin 70 illiyinə...

Müxtəlif mövzular, fərqli düşüncə tərzi, araşdırma nəticəsində müraciət etdiyi mövzuya hakim kəsilmək, hər zaman dəyərli bir nümunə ortaya qoyacağına inanan, tamaşaçı ruhunu hiss etmək, bütün bunlar hamısı Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar İncəsənət xadimi, rejissor Ziya Şıxlinski yaradıcılığına məxsus özəlliklərdir.

Yubiley yaşın zirvəsinə yüksələn, həmkarları arasında daima yüksək əhval-ruhiyyəsi ilə seçilən, sadə həyat tərzindən heç vaz keçməyən, Azərbaycan kinosunun bünövrəsinə inandığı kimi, bu gününə, gələcəyinə də inanan Ziya Şıxlinskinin ad günüdür, 70 yaşı tamam olur…

Z.Şıxlinski 18 may 1951-ci ildə Bakıda anadan olub. 1968-ci ildə 160 saylı orta məktəbi bitirib.

1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, 1987-1989-cu illərdə Moskvada Ali rejissorluq və ssenaristlər kursunda təhsil alıb.

1973-cü ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, ikinci rejissor kimi çalışıb.

1985-1987-ci illərdə “Sovet Azərbaycanı” və “İncəsənət və gənc nəsil” kinojurnallarında rejissor kimi fəaliyyət göstərib.

Rejissorun quruluş verdiyi filmlər (“Artilleriyanın allahı sayılırdı” (1996), “Bir həsrətin nəğməsi” (1997), “Ayrılan yollar” (1998), “Şopenin qayıtması” (1998), “Səkkiz dəqiqə yarımlıq düşüncə” (1999), “Doğma diyar” (2003), “Həyat çeşməsi” (2005), “Həyat izləri” (2006), “İbadət” (2007), “Azərbaycan motivləri” (2008), “Azərbaycan musiqisi” (2009), “Dünyaya açılan pəncərə”, “Onun böyük ürəyi” (2010), “Ürəklə şəkil çəkən rəssam” (2010), “Fotorəssam” (2011), “Bu yol hara gedirdi” (2012), “Ağır illərin xronikası” (2013), “İthaf” (2014) və s.) mövzu baxımından fərqli olduğu qədər də, öz rəngarəngliyi ilə də seçilir.

Onun 1990-cı ildə Qarabağ Xalq Yardımı Komitəsinin sifarişi ilə çəkdiyi “Ruslar müharibə istəyirmi?” filmində sovet qoşunlarının 1956-cı ildə Budapeştə, 1968-ci ildə Praqaya, 1979-1989-cu illərdə Əfqanıstana 1986-cı ildə Alma-Ataya, 1989-cu ildə Tbilisiyə, 1990-cı ildə Bakıya soxulmalarının səbəb və nəticələrini diqqətə çəkməklə faktlara əsaslanaraq yeni bir araşdırma formasıyla kinoda öz sözünü deməyə qdir olduğunu göstərmişdir.

General Əli ağa Şıxlinskiyə həsr etdiyiniz “Artilleriyanın allahı sayılırdı” sənədli kino lentində onun çar ordusunda podporuçik rütbəsindən general-leytenant və ordu komandiri rütbəsinədək yüksəlməyindən, generalın Azərbaycandakı fəaliyyətindən və Azərbaycan milli silahlı qüvvələrinin yaradılmasından bəhs etməsi isə onun rejissor kimi daxili imkanlarının genişliyindən xəbər verirdi.

Bu da bir daha sübut edir ki, müxtəlif mövzulara müraciət etmək, onun iş prinsipinizə aid məqamlardan biridir.

Ziya Şıxlinskinin 1997-ci ildə çəkdiyi,  Xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş “Ayrılan yollar” sənədli bioqrafik filmində görkəmli yazıçının həyat və yaradıcılığından və  ictimai fəaliyyətindən söhbət açmaqla ədəbiyyat dünyasına qədəm qoydu.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma işində yaxından iştirak edən Polşa memarlarının fəaliyyətindən danışan “Şopenin qayıtması”, eyni zamanda “Azərbaycan motivləri” sənədli filmində Azər­bay­can şai­ri Nizami Gəncəvi döv­rün­dən bu gü­nü­mü­zə qə­dər olan klas­sik sə­nət­kar­la­rın əsər­lə­ri­nin ek­ran hə­ya­tı ya­şa­ma­sı və mu­si­qi­lər­də səs­lən­di­ril­mə­si əsas ola­raq gös­tə­ril­məsi, Müslüm Maqomayevin “Şah İs­ma­yıl” ope­ra­sı­nın ya­ran­ma ta­ri­xin­dən söz açmanız, Qobustan, İçərişəhər, Atəşgah, İn­cə­sə­nət Mu­ze­yi, Şir­van­şah­lar Mu­ze­yi və di­gər mən­zə­rə­li, ta­ri­xi əhə­miy­yət kəsb edən abi­də­lərin film bo­yu təq­dim olu­nması, Azər­bay­ca­nın klas­sik mu­si­qi­çi­lə­ri­nin əsər­lə­rin­dən is­ti­fa­də etməyiniz, “Qazax xalçaları” adlı sənədli filmində  Azərbaycan və Avropa klassiklərinin musiqi sədaları altında muzeylərdən, şəxsi kolleksiyalardan Qazax xalçalarını nümayiş etdirməniz, ümumiyyətlə isə müraciət etdiyi hər bir mövzuya hakim kəsilərək ona ekran həyatı verməsi, onun rejissorluq gücünün bariz nümunəsidir. Rejissor “Nəyə görə məhz Qazax xalçaları?” ilə bağlı  suala maraqlı cavab verib: “Azərbaycan xalçaları bizim millətimizin qürur mənbəyidir. Onlar xaricdə həmişə böyük maraq doğurub. Məsələn, məşhur xalçaşünas Raul Şebul 1971-ci ildə Amerikada “Qazax xalçaları” adlı kitab nəşr etdirib. Bu kitabı mənə mərhum arxitektor Rasim Əfəndiyev göstərmişdi. ABŞ-da bizim xalçalarla bu dərəcədə maraqlanmaları məni heyrətləndirmişdi. Elə o vaxt məndə Qazax xalçaları haqqında, bizim xalçaların məhz bu növünə xaricdə böyük maraq göstərilməsi barədə film çəkmək ideyası yarandı”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Azərbaycan kinosunda xüsusi xidmətləri olan, quruluş verdiyi filmlərdə rəngarəng rejissor yozumuyla seçilən, milli ruhu əsas götürən yubilyarı-Ziya Şıxlinskini  ad günü münasibətilə təbrik edir, sağlam həyat, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

X.QİYAS