Əli İsa Cabbarov: “Mədəniyyət nazirliyi kino təşkilatları ilə daha sıx əməkdaşlıq etməlidir”

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılması geniş müzakirələrə səbəb oldu, təkliflərlər çıxış edənlər olduğu kimi, bütün bunların kino üçün önəmli bir addım olduğunu vurğulayanlar da oldu.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov da Kino Şurasının yaradılmasına münasibət bildirib.

Rejissor Teleqraf.com-a açıqlamasında qeyd edib ki, Kino Şurasının yaradılmasının həm müsbət, həm də mənfi tərəfləri var: “Müsbət tərəfi odur ki, ilk dəfə ssenari qəbulu üzrə komissiyanın üzvləri şəffavlıqla elan edilir. Komissiyanın tərkibində təqdim ediləcək layihələrin həm maliyyə , həm də kreativ keyfiyyətlərini qiymətləndirəcək mütəxəssislər var. Bundan başqa, müsabiqə ssenarilər üçün yox layihələr üçün elan olunacaq, yəni ssenariləri prodüsser şirkətləri təqdim edəcək. Mənfi tərəfi isə ondan ibarətdir ki, hələ 15 il əvvəl Mədəniyyət Nazirliyi bu mexanizmi “Bu meydan, bu ekran” müsabiqəsində tətbiq etmişdi və müsbət nəticələr əldə edilməsinə baxmayaraq imtina edildi. 15 il itirdik. Şuranın tərkibinin formalaşmasında arzu olunmayan hallar da var. Belə ki, komissiyanın üzvləri sırasında təsadüfi adamlar olmamalıdı. Hətta eşitdiyimə görə, dördə yaxın Şura üzvü komissiyaya üzv olmağa razılıq verməyib. Mənə elə gəlir ki, Kino Şurasının yaradılmasında əsas müsbət tərəf şəffaflıqdır. İkincisi, orada dövlət şirkətləri ilə yanaşı özəl şirkətlərin iştirak etməsidir. Kino Şurasında komissiyanın işi haqqında müəyyən prosedur qaydaları açıqlanmalıdır: “Şuranın üzvünün müsabiqədə iştirakını qadağan edən dəqiq, elan edilmiş qaydalar olmalıdır. Məsəslən, səsvermənin nəticəsi olan ballar göstərilməlidir”.

Ə.İ.Cabbarov söhbət əsnasında Mədəniyyət Nazirliyinin Kino şöbəsinə müraciət edərək, kino sahəsində fəaliyyət göstərən ictimai təşkilatlarla sıx əməkdaşlıq etməyi təklif edib: “Azərbaycan Kinematoqrafçılar İttifaqı 60 ilə yaxındır ki,  fəaliyyət göstərən ictimai təşkilatdır. Burada həm yaradıcı, həm də təşkilatı mənada təcrübəli peşəkarlar fəaliyyət göstərirlər. Kino şöbəsi qərarlar qəbul edəndə mütləq ictimai təşkilatlar ilə, Kinematoqrafçılar İttifaqı, Kinorejissorlar Gildiyası və başqa kino təşkilatları ilə sıx əməkdaşlıq etməlidirlər, görüşlər keçirməli və məsləhətləşməlidir”.

Müsahibədə Şurada telekanal nümayəndəsinin iştirakının müsbət hal oldduğunu qeyd edən rejissor, eyni zamanda bildirib ki,  İTV kimi peşəkar kanalın nümayəndəsinin iştirakı bir tərəfdən yaxşıdır, amma başqa tərəfdən belə çıxır ki, təqdim edilən layihələrdə İTV kimi prodüseri biz itiririk, çünki Şura üzvlüyü ona öz layihəsini və ya hansısa kinematoqrafçının layihəsini təqdim etməyə imkan vermir, eynilə də BMC kimi uğurlu prodakşn: “Bu məqamı nəzərə almaq lazımdır. Xarici mütəxəssislərində iştirakı arzu ediləndir. Onlar onlayn qaydada qiymətləndirmədə iştirak edə bilərlər. Şura nazirin işdən çıxarılması haqda qərar qəbul edilənə qədər elan edilib. Görünür tələsikliyə yol verilib. Yaradıcı İttifaqlarla geniş müzakirə edib , konsensus yolu ilə, hamının etibarını qazanmış bir Şuranın formalaşması vacibdir və yeni nazir təyin olunan gündən bu işə başlamaq lazımdır”.

Aki.az