Ələsgər İbrahimov – 80

Ramiz (“İnsan məskən salır”), Cabbarov (“Arxadan vurulan zərbə”), Kamil (“Torpaq. Dəniz. Od. Səma”),  Muradov (“Ömrün ilk saatı”) kimi obrazların mahir ifaçısı, ixtisasca mühəndis olmasına baxmayaraq aktyorluq fəaliyyətilə tanınmış, özünə geniş tamaşaçı auditoriyası toplamağı bacarmış Ələsgər İbrahimovun 80 illik yubileyidir.

Ələsgər İbrahimov 1942-ci ildə Bakıda anadan olub. Orta məktəbdə oxuyarkən istedadı, bacarığı və savadı ilə yaşıdlarından seçilirdi. Rus bölməsində təhsil alan Ələsgər ədəbiyyatı çox sevirdi. Rus şairləri ilə yanaşı, Azərbaycan klassiklərini də mütaliə edirdi. Füzulini, Hafizi, Ömər Xəyyamı rus dilində saatlarla əzbər deyə bilərdi. Ancaq texniki fənlərə daha çox maraq göstərdiyindən məktəbi qurtarandan sonra indiki Dövlət Neft Akademiyasına daxil olur. Təhsilini bitirdikdən sonra müxtəlif yerlərdə çalışsa da, sonralar ömrünü əbədi olaraq kinoya bağlayıb, “Azərbaycanfilm” kinostudiyasında mühəndis kimi çalışıb. Onun filmlərə çəkilişi isə bəlkə də taleyin bir qisməti idi.

Ə.İbrahimov “İnsan məskən salır”da Ramiz(1967), “Torpaq.Dəniz,Od.Səma”da Kamil(1967), “Yeddi oğul istərəm”də Zalımoğlu(1970), “Ömrün ilk saatı”nda Muradov(1973), “Dədə Qorqud”da igid (1975), “Bizi dağlarda axtarın”da ovçu(1976), “Arxadan vurulan zərbə”də Cabbarov (1977) və s. filmlərdə bir-birindən maraqlı rollar oynayıb. Onun kinoya olan həvəsi və istedadı Adil İsgəndərovun da gözündən yayınmır. Artıq aktyor kimi tanınan Ələsgər İbrahimov kinostudiyada mühəndis işləyə-işləyə Adil İsgəndərovun axşamlar açdığı kinoaktyor kursuna getməyə başlayır və bununla da özünü aktyor kimi daha da inkişaf etdirir. Sonralar Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq, dəniz, od, səma” filminə də çəkilir. Eyni zamanda bir çox televiziya filmlərində  epizodik rollarda iştirak edir.

Görkəmli rejissor Arif Babayevlə İçərişəhərdə qonşu olması onun kino həyatında böyük rol oynayıb. Belə ki, geniş müşahidəçilik qabiliyyətinə malik olan Arif Babayev qonşuluqda yaşayan bu yaraşıqlı insanın kino üçün maraqlı faktura olacağına inanmış və onu 1967-ci ildə İmran Qasımovun ssenarisi əsasında çəkdiyi “İnsan məskən salır” filmində əsas qəhrəman olan Ramiz roluna çəkir.

Ələsgər İbrahimov məhz Ramiz Allahverdiyev rolu ilə kinoya debüt edir. Filmdə rejissor assistenti kimi çalışan Ənvər Həsənov deyir ki, yaradıcı heyətin tərkib hissəsinə daxil olduğum zaman artıq filmin çəkilişlərinin hazırlıq işləri gedirdi: “Ələsgər haqqında onu deyə bilərəm ki, o aktyor deyildi. Filmdə baş qəhrəman olan Ramiz obrazında çəkilən Ələsgər İbrahimov tamaşaçılara “Yeddi oğul istərəm” filmində yeddi oğuldan biri-Zalımoğlu kimi yaxşı tanışdır. Aktyor olmayan Ələsgər İbrahimov Arif Babayevlə İçərişəhərdə qonşu olmuşlar. Bu heç də o demək deyil ki, Arif Babayev dost-tanış iştirakına üstünlük verənlərdən idi. Yox, sadəcə olaraq o uzaqdan müşahidə etməklə kimin nəyə qadir olduğunu bilirdi. Bir növ müşahidəçilik qabiliyyətinə malik idi. Bir sözlə, Arif Babayev qeyri-peşəkarları peşəkar səviyyəsində çəkməyi bacaran kinorejissorlarından biri idi. Sadəcə olaraq rola uyğun olan, gözü tutan şəxsləri sınaq çəkilişlərinə dəvət edirdi ki, bunlardan biri də Ələsgər idi”.

İlk dəfə çəkildiyi “İnsan məskən salır” filmindəki Ramiz obrazı onu geniş tamaşaçı auditoriyasına tanıdır və beləliklə də rejissorların diqqətində dayanır. Növbəti dəfə o, görkəmli rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi  oğul istərəm” filmində Zalımoğlu obrazına çəkilir.

Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilən film inqilabın qələbəsinə sidqi-ürəklə inanan qəhrəman oğullar – 20-ci illərin komsomolçuları haqqında romantik hekayədir.

Filmdəki yeddi oğulu oynayan aktyorların hər biri kimi Ələsgər İbrahimov da sınaq çəkilişlərində iştirak edib və bütün sınaqlardan uğurla keçərək filmə çəkilməyə vəsiqə qazanır.

Deyilənlərə görə, filmin çəkilişləri zamanı Ələsgər İbrahimov at üzərində olan çəkilişlərdən qoxurmuş. Bu baxımdan da yeddi oğulun göründüyü kadrlarda həmişə ən axırda o gəlirdi. Əksər vaxtlarda isə filmdəki at çapmaq səhnələrində dublyorlardan istifadə olunub.

Ələsgər İbrahimov geniş mütaliə sahibi idi, eyni zamanda mədəni, tərbiyəli, qürurlu, mərd və məsuliyyətli idi. Bir sözlə, bütün gözəl keyfiyyətlər bu gözəl insanda cəmləşib.

Aktyorun sonuncu dəvət aldığı film 1977-ci ildə yazıçı Elçin Əfəndiyevin ssenarisi əsasında rejissor Arif Babayevin quruluş verdiyi “Arxadan vurulan zərbə”də polis Cabbarov obrazı olur.

Yeri gəlmişkən, 1970-ci illərdə yalnız kinomuzda deyil, eləcə də ədəbiyyatımızda macəra-detektiv janrına çox az hallarda müraciət olunub ki, bu baxımdan da “Arxadan vurulan zərbə” filminin böyük maraqla qarşılanıb.Filmdə Cabbarov obrazını yaradan Ələsgər İbrahimov obrazın xarakterini özününküləşdirərək dövrün təmkinli, məsuliyyətli polisini oynayıb.

Çəkildiyi bütün filmlərdə obrazın xarakterini mənimsəməyi bacaran aktyor, bu filmdə də eynilə obrazın daxili aləminə sirayət edə bilib.

Onu tanıyanlar deyirlər ki, Ələsgər İbrahimovun oynadığı rolların daxili dünyası onun xarakteri ilə üst-üstə düşürdü. Bəlkə də ömür vəfa etsəydi, daha çox rollar oynaya bilərdi, ancaq tale, qismət başqa söz dedi, 37 yaşlı aktyorun dünyasını dəyişmə fərmanını imzaladı.

Ə.İbrahimov 37 ilə çox şey sığdırdı-mühəndislik bacarığını ortaya qoydu, aktyorluq qabiliyyətini kino tarixinə həkk etdirdi, mütaliəsi ilə ətrafında geniş maraq topladı, insani keyfiyyətlərilə daima hörmətlə qarşılandı və daha nələr…Və bütün bunları sadəcə 37 ilə sığdırdı…Bu il aktyorun yubileyidir, yaşasaydı 80 yaşını qeyd edəcəkdi…

Azərbaycan kinosunda özünəməxsus dəst-xəttə malik aktyor olan Ələsgər İbrahimovu yubley yaşında böyük sevgi və hörmətlə yad edirik!

aki.az