Əli Əlizadə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun obrazında

İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə “Xarqo” adlı qısametrajlı film çəkilib.

Qeyd edək ki, filmin çəkilişi Ə.Cəbrayılovun yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı rəhbər tutaraq həyata keçirilib. Hazırlıq işləri 15 gün davam edən filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

Sputnik Azərbaycanın məlumatına görə, Gənclər və İdman Nazirliyinin sifarişilə  lentə alınan filmin çəkilişlərində 15 gənc və tanınmış kino aktyoru iştirak edib. Əsas rolda-Əhmədiyyə Cəbrayılovun obrazını Əli Əlizadə oynayıb.

Ə.Əlizadə Mədəniyyət və İncəsənət Universitetini bitirib, Azərbaycan Dövlət Pantomim Teatrının aktyorudur.

“Xarqo” qısametrajlı filminin çəkilişlər altı gün ərzində Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndi və Bakının müxtəlif məkanlarında aparılıb. Məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, Azərbaycan xalqının hərb və döyüş tarixinin gənclərə əyani çatdırılmasıdır.

Filmin ssenari müəllifi və rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.

aki.az