Əli İsa Cabbarov: Kino Agentliyi son ümid yerimizdir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzaladı.

Fərmana əsasən, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) qısa müddətdə nizamnaməsiylə, işçi qüvvəsi ilə öz fəaliyyətinə start verəcək.

Əlbəttə ki, ARKA-nın fəaliyyətindən gözləntilər çoxdur. Ən azından ona görə ki, bütün kino qurumları Azərbaycan kinosunun nəhayət qaynar bir sistemlə addım atacağını gözləyir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov bu barədə öz fikirlərini bölüşüb.

AKİ katibi öncəliklə Lüksemburq Film Fondunun 12 milyon avro film qrantları payladığına diqqəti çəkib: “Həmişəki kimi siyahıda Gürcüstan iki layihə ilə yer alıb və layihənin hər biri 200 min avro təşkil edir. Maraqlı tərəf ondan ibarətdir ki, hər iki layihədə Türkiyə donor olaraq iştirak edir. Bu da o deməkdir ki, Gürcüstan kinosu Türk kino bazarının istifadəsi baxımından ağıllı tərpənərək onları donor kimi istifadə edib. Gürcülərdən Türkiyəyə daha yaxın olan bizlər isə, onlarla bir şübhəli layihəyə pul vermişik, indi əvvəlkindən də şübhəli layihəyə pul verəcəyik və ya artıq başlamışıq verməyə. 6 milyon yarım büdcəsi olan kino milyardlarla dövriyyəsi olan kino bazarına yatırım edir. Burda məntiq var və ya yoxdu, onu demək çətindir, ancaq tam əksi olmalı idi. Gürcüstanın layihələrinin birində Azərbaycanda iki uğurlu filmin həmssenaristi olmuş ssenarist Roelof Minnebo var. Bu, bir qədər təskinlik verir. Yəni, uzaqdan olsa da, heç olmasa beynəlxalq fondla əlaqə qura biləcək – ssenarisinin avropa konyukturasına cavab verməyi ilə – bir həlqəmiz var”.

Gürcü layihələrinin dəstəkçiləri arasında 4 ölkənin olmasına diqqət çəkən Ə.İ.Cabbarov qeyd edir ki, bizdə 30 illik  müstəqillik kinomuzda belə nümunə yadına gəlmir: “Birgə istehsalat üzrə təcrübəli prodüserlərin olmaması və ya qapılarımızı bu sahədə təcrübəsi olan əcnəbilərə ürəksiz açmağımız baxımından geri qalırıq. Türkiyə rejissoru Nuri Bilgə  Ceylanın prodüseri Zeynəb Atakanın ölkəmizdə diqqətini çəkən layihə var ki, ümid edirəm bu, baş tutar. Ümumiyyətlə belə mütəxəssislərlə əməkdaşlıq etmək vacibdir”.

Rejissor diqqəti Xalq yazıçısı Rüstəm İbrahimbəyovun 20 il əvvəl Joel Şapronu Bakıya gətirməsini xatırladır: “Festival  yayımçıları və orta büdcəli Avropa film prodüserlərinin Bakıda tez-tez olması üçün şərait yaratmalıyıq. Eləcə də artıq bir neçə ildir ki, Bakıda keçirilən DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı, Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalına geniş şərait yaradılmalı, maddi dəstək verilməlidir. Bütün bunlar hamısı Azərbaycan kinosunun, kino bazarının inkişafı naminə edilməlidir. Əks halda kino sahəsində regionumuzda geri qalmaq ehtimalımız var”.

AKİ katibi son olaraq onu da qeyd edir ki, Azərbaycan Respublikasının Kino Agentliyində birgə istehsala dəstək verəcək departament və ştat olacaq: “Onların işi məhz bu olacaq. Artıq bəhanəyə yer olmayacaq, Kino Agentliyi son ümid yerimizdir”.

SON SÖZ ƏVƏZİ: Lüksemburq Film Fondunun qaliblərinin siyahısına bu linkdən baxa bilərsiniz:

https://chronicle.lu/category/film-production/43408-film-fund-luxembourg-awards-eur12m-funding-for-17-new-film-projects

aki.az