Əli İsa Cabbarov: Prezident İlham Əliyevin bu fərmanı bizə meydan, şanslar, imkanlar verdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılması, kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədi daşıyır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov “Kino Agentliyi”nin yaradılması ilə bağlı Teleqaf.com-a açıqlama verib.

AKİ katibi bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı Agentliyin yaradılmasını ürəkdən alqışlayır: “Agentliyin yaranması kinomuzun inkişafı, lazımi səlahiyyətlərin və müstəqilliyin formalaşması üçün çox vacibdi. Layihənin hazırlanmasında İttifaq olaraq da iştirak etmişik. Agentlik bir rıçaqdır ondan necə istifadə olunacağını tarix göstərəcək. 2000-ci illərin əvvəllərində “Azərkinovideo”nun ləğvindən sonra ilk dəfədir ki, kinonun idarəçiliyi publik şəxsə etibar edildi. Bu dövlətimiz tərəfindən kinonun vacibliyini göstərən və ona səlahiyyətlər verən bir addımdır. Təbii ki, məntiqlə bu səlahiyyətlərdən az, zəif, yaxud çox yaxşı istifadə edilə bilər. Agentliyin yaradılması bizi arxayınlaşdırmamalıdır”.

Ə.İ.Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fərmanı bizə meydan, şanslar, imkanlar verdi ki, bundan istifadə edib –etməyəcəyimiz öz əlimizdədir: “Kino ictimaiyyəti olaraq Agentliyin heyəti ilə bir yerdə kinomuzun inkişafı naminə dostcasına bir yerdə işləməli və agentliyin verdiyi imkanlardan tam olaraq istifadə etməliyik. Hər il dövlət kinoya 6 milyon civarında maliyyə ayırır. Cənab Prezident “Azərbaycan kinosunun 2008-2018- ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nı da qəbul etmişdi. Təəssüf ki, onda aidiyyatı şöbələr dövlət proqramını layiqincə yerinə yetirmədi. 2019-cu ildə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləmək üçün Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılmışdı. Təəssüf ki, bu zamana kimi əlimizdə olan imkanları, şansları yaxşı reallaşdıra bilmədik. Amma indi Kino Agentliyinin yaranması bizə çox böyük şanslar verir və qarşımızda imkanlar açır”.

aki.az