Əli İsa Cabbarov: XXI əsr çağırışlarına cavab verən ideoloji məhsullar ortaya çıxarmaq lazımdır

Eldar Mikayılzadənin 2003-cü ildə ərsəyə gətirdiyi “Üç peyğəmbər” xalçası nadir sənət nümunələrindən biri hesab olunur. Xalçanın adından da göründüyü kimi, burda ilmələrin hikməti üç peyğəbərin yaranışdan dini təbliğatla məşğul olması, insanlar arasında sülhə, sevgiyə olan çağırışın nüminəsidir.

Xalçaçı rəssamın sadəcə bir nümunəsində dünyaya sülh çağırışı, yaranışı yada salma və insanlıq arasında bütün bağların daha da dərinləşməsi öz əksini tapır ki, hazırda da bütün dünyanın elə buna ehtiyacı var.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov facebook səhifəsində rəssamın xalçasının reproduksiyasını paylaşaraq bildirir ki, Azərbaycan ideoloji aqresiyaya da məruz qalır: “Biz isə elə bir regionun, elə bir fəlsəfi, mental mirasın vərəsələri və geopolitik vəziyyətin girovlarıyıq ki, ideoloji ekspansiyaya məhkumuq. Şəms Təbrizi Anadolunu, Nəsimi ərəb aləmini, Nizami fars dilli ədəbiyyat, elm dünyasını fəth etdiyi kimi, XXI əsr çağırışlarına cavab verən ideoloji məhsullar ortaya çıxarmalıyıq. “Üç peyğəmbər” xalçası görüləcək işlərin 1000 – dən biridir. Dinlər arası sərhədləri pozan islam mistisizmi, hansı ki, Azərbaycan ədəbiyyatının mayasıdır, bu ideoloji məhsullara yaxşı bünövrə ola bilər. İqtidar multikulturalizm deyə – deyə bu işə əvvəldən başlayıb. Bir az da kreativ yanaşma lazımdır. Erməni ağlaşması isə bu ideoloji ekspansiyanı  mütləq edir. Əslində 3 səmavi dinin fövqündə və sintezində dayanan dəyərlərin vətəni Azərbaycandır. Bu brendi “bayrakdar” dronları kimi başlarına çırpmaq lazımdır”.

Rejissor 3 səmavi dinin fövqündə və sintezində dayanan konseptin marketoloji potensialını qeyd edərək  daha sonra əlavə edir ki, bu konseptlə qlobalistləri də tərəfimizə çəkmək olar, daunşiftinq aşiqlərindən tutmuş hippilərəcən, kosmopolitlərdən tutmuş pasifistlərəcən. Eyni zamanda rejissor əməli təkliflər də verir: “Bu fəlsəfəni əsk edən musiqilərin, filmlərin sifarişi və eksportu vacibdir. Günü bu gün Alim Qasımovla Bakı Provaslav kilsəsinin,  yəhudi duaları ilə sintez edib, klipin Məşhur  İslandiya müğənnisi Byorkun Alim Qasımovun yaradıcılığndan riqqətə gəlməsini nəzərə alaraq birgə audiovizual məhsulun yaranması və yayılmasına yatırım etmək lazımdır”.

Əli İsa Cabbarov  onu da qeyd edir ki, kinematoqrafiya da ideoloji ekspansiyadan geri qalmamalı, bəlkə də ən ön sıralarda olmalıdır. Ssenari müsabiqələri elan ediləndə, dövlət studiyaları ssenari planını formalaşdıranda xalqımızın bu missiyasını nəzərə almalıdır. Təbii kino ilk növbədə sənət əsəridir. Amma əsərin sənət keyfiyyətinə zərər vurmamaq şərti ilə ideoloji iş nəzərə alınmalıdır.

aki.az