Əminliyə çevrilən “Ümid”
Artıq bir neçə gündür başlayan müharibə, ordumuzun qətiyyətli hücumu, xalqımızı sadəcə bir ruha köklədi-QARABAĞ işğaldan azad edilməlidir və bütün xalq uşaqdan böyüyə hamı arxa cəbhədə hazır vəziyyətdə dayanıb. Azərbaycan ordusu arxa cəhbədə olan bu birliyi, dəstəyi hiss etdikcə daha da güclənir və bir şüar üstündə köklənir: BİZ DÜŞMƏNƏ QALİB GƏLƏCƏYİK…
“Milli Kino Tariximizdən” rubrikasında növbəti filmimiz “Ümid”dir, çəkilişindən 25 il keçir…”Ümid” filmi 1995-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsa olunub.
AZƏRBAYCANIN BÖHRANLI GÜNLƏRİNDƏ “ÜMİD” YARANDI
Qarabağ hadisələrinə həsr olunan “Ümid” filminin çəkilişi “Azərbaycanfilm” kinostudiyasının durğunluqla qarşılaşdığı dövrə təsadüf edir. Həmin ərəfədə artıq “Azərkinovideo” öz fəaliyyətinə başlamışdı. Bu istehsalat mərkəzi ilk olaraq Rövşən Almuradlı ilə E.Şeydayevin birgə qələmə aldığı “Doğma” povestinə müraciət edir. Povest Orxan Fikrətoğlu tərəfindən yazılaraq ədəbi ssenari şəklinə salınır. Ədəbi ssenarinin film şəklində çəkilməsi isə “Azərkinovideo”nun rəhbəri Oqtay Mirqasımovun təşəbbüsü ilə rejissor Gülbəniz Əzimzadəyə həvalə edilir.
G.Əzimzadənin xatirələrindən: “Bir gün Oqtay Mirqasımov məni yanına çağırtdıraraq öz təşəbbüsü haqqında və çəkiləcək filmin məzmunu ilə bağlı qısa məlumat verdi. Onu da qeyd etdi ki, filmi “Ümid” adlandırmışıq. Buna da səbəb odur ki, filmdə əsas söhbət naməlum bir əsgərin yanaraq tanınmaz hala düşməsindən və övladı itkin düşmüş bir çox ailələrin əsgərin öz övladı olması fikri ilə hosritalın həyətinə toplaşaraq onun üzündə olan sarığın nə zaman açılması ümidi ilə yaşamasından bəhs edir. Oqtay Mirqasımovun film haqqında qısaca danışdığı məzmun məni bərk tutdu. Hiss etdim ki, mən baş verən dəhşətli hadisələrə biganə qala bilmərəm. Buna görə də artıq düşünmədən belə filmin çəkilişinə razı olduğumu bildirdim”. Bu təşəbbüs torpaqlarımızın işğal olunduğu bir dövrə təsadüf etdiyi kimi, eyni zamanda da yüzlərlə şəhid verdiyimiz, bir sözlə, ölkəmizdəki böhranın ən qaynar çağları idi və belə bir ağır dövrdə kinoya pul sərf etmək o qədər də yada düşmürdü. Baxmayaraq ki, “Ümid” filminin çəkilmə təşəbbüsü ortaya atılmışdı, ancaq filmə sərf ediləcək maliyyə vəsaiti yox dərəcəsində olub.
Gülbəniz xanım deyirdi ki, film üçün ayrılan pul o dərəcədə az idi ki, heç bilmirdik filmi bu məbləğlə sona çatdıra biləcəyikmi? Ancaq az məbləğlə iş başına keçməli idik”. İş başına keçən rejissor ilk öncə ssenari ilə tanış olur. Ancaq bu tanışlıq onu o qədər də qane etmir. Rejissor öz-özünə etiraf edir ki, mütləq dəyişiklik olmalıdır. Ancaq necə? hələlik isə rejissor bu barədə heç bir söz belə deyə bilməzdi. Çünki bu proseslər ancaq rejissor ssenarisi yazıldığı anda baş verəcəkdi. Belə məqamda isə ssenaristlə görüşüb danışmaq lazım gəlirdi: “Ssenarini oxuduqdan sonra Orxan Fikrətoğlu ilə görüşüb danışdıq. Mən ona öz fikrimi-yəni ssenaridə bəzi dəyişikliklər etmək istəyimi bildirdim. Razılaşma əldə etdikdən sonra rejissor ssenarisini yazmağa başladım”.
Yeri gəlmişkən, rejissor ssenarisinin yazıldığı zaman Gülbəniz Əzimzadə hansı rola kimi çəkəcəyini artıq müəyyənləşdirib: “Artıq bilirdim ki, Fuad Poladovla Şükufə Yüsifova “Ümid” filmində uyğun obrazlar oynayacaqlar. Hətta Fuadla, Şükufə üçün obrazları yazmışdım, ancaq elə aktyorlar da var idi ki, onların hər birini rollara uyğunlaşdırmağa çalışırdım. Bunun üçün isə həmin aktyorları axtarıb tarmaq lazım idi”. Rejissorun ssenaridə etdiyi dəyşikliklərdən biri də o idi ki, o baş həkim olan kişi rolunu dəyişdirərək onun qadın rolu ilə əvəz etmişdir. Nticədə də bu rolu oynamaq Əminə Yusifqızına qismət olmuşdu. “Mənə elə gəlirdi ki, baş həkim rolunda qadın olsa daha yaxşı olar, eyni zamanda isə maraqlı alınar”.
XRONİKANIN ÜZƏRİNDƏ SƏSLƏNMƏK ÜÇÜN ORXAN FİKRƏTOĞLUNUN MƏTNLƏRİNDƏN İSTİFADƏ OLUNUB
Filmin çəkilişinə kimi Gülbəniz Əzimzadə Orxan Fikrətoğlunun yazıçılıq qabiliyyətinə bələd deyilmiş, iş prosesi zamanı onun əsərləri, məqalələri ilə tanış olub. Rejissor etiraf edirdi ki, bu əsərlərlə, məqalələrlə ilk tanışlığı zamanı başa düşüb ki, kəsərli bir qələm sahibi ilə yaradıcılıq əməkdaşlığına başlayıb: “Orxanın çox zəngin dili var. Onun əsərlərini oxuduğum zaman başa düşdüm ki, özüm üçün yeni və təbii ki, çox istedadlı bir yazıçını kəşf etmişəm”.
Rejissor ssenarisinin hazırlıq prosesi zamanı Gülbəniz xanım filmə xronika əlavə edir. “Filmə xronikanı salmaqda əsas məqsədim o idi ki, həm film canlı alansın, həm də Orxan Fikrətoğlunun məqalələrindən istifadə edə bilim. Artıq onun məqalələri mənə o dərəcədə təsir etmişdi ki, mütləq onlardan istifadə etmək istəyirdim. Xronikanın üstündən Orxanın məqalələrindən hazırladığımız mətni montaj vasitəsilə yazırdıq. Təbii ki, mənim əsas istəyim o idi ki, çəkilən hər bir epizod reallığa yaxın olsun”. Əvvəlcə xronikaya az yer vermək fikrində olan rejissor sonrakı proseslər zamanı bunun əksini etməli olub. “Bunun da səbəbi, əvvəlcədən qeyd etdiyim kimi filmi az məbləğlə çəkmək fikrində olmağımızla əlaqədar idi. Çox çətin vaxtlar idi. Filmi çəkmək üçün plyonkamız çatışmırdı. Filmin ilk kadrlarını artıq çəkmişdik. Demək olar ki, iki həftə bu proseslə məşğul olmuşduq”. Kinoda mövcud olan qaydalardan biri də odur ki, hər çəkilən kadrın keyfiyyətini yoxlamaq üçün çəkilən lentə baxmaq lazım gəlirdi. “Təsəvvür edin ki, materialın yığılmasına baxmayaraq onun neqativinə baxa bilmirdik. Axı bilməliyik ki, çəkdiyimiz material keyfiyyət baxımından necədir. Bir vaxt hiss etdim ki, yaradıcı heyətin üzvləri də artıq narahat olmağa başlayıblar”. Narahatçılıq da ona gətirib çıxara bilərdi ki, yaradıcı heyətin üzvləri həvəsdən düşə bilərdilər. “Bu narahatçılığı öncə operatorlarda hiss etdim. Onlara dedim ki, əgər işimizi dayandırsaq, onda heç bir zaman filmi tamamlaya bilməyəcəyik. Bu bəlkə də peşəkarlığa zidd olan bir hərəkət idi, ancaq ömrümdə ilk dəfə olaraq içimdə, daxilimdə hiss edirdim ki, əgər filmin çəkilişi müvəqqəti olaraq, təbii ki, maddi vəsaitə görə dayandırılsa, sonradan onu tamamlamaq mümkün olmayacaq”.
Yaradıcı heyət çəkilən lentin keyfiyyətindən xəbərsiz şəkildə öz fəaliyyətlərinə bir an da olsun ara vermir. “Nə texniki tərəfdən, nə yaradıcı tərəfdən çəkilən kadrların nə dərəcədə keyfiyyətli olmasından xəbərimiz olmadan iş başında idik. Bir sözlə, 3 ay filmin çəkilişi ilə məşğul olduq. Çəkilişi bitirdikdən sonra isə 2 ay gözləmək məcburiyyətində qaldıq. Çünki plyonkanın labaratoriyada olan hazırlıq işləri hələ başa çatmamışdı”. Və hər çəkilişdən sonra hazır lentə baxa bilməmək, ona gətirib çıxarırdı ki, yaradıcı heyət bir kadrı bir neçə dubl çəkmək məcburiyyətində qalırdı.
FİLM BOYU ÖZ ÖVLADINI AXTARAN ANA VƏ YA “MATƏM YALLISI”
Yoxlama prosesində məlum olub ki, filmin üçdə bir hissəsi keyfiyyətsiz alınıb. Bu da o demək idi ki, film tammetrajlı alınmayacaq. Yenidən çəkiliş aparmaq isə mümkün olmayıb.
Gülbəniz xanımın dediklərindən: “Artıq qış fəsli idi, soyuqlar başlamışdı. Yeganə çarəmiz xronikaya geniş yer verməkdən ibarət idi. Belə də etdik. Filmdə hadisələr şəhidlərin meydandandan götürülməsi ilə başlanır və bu səpgidə də sonluqda belə bir görünüş verdik. Bir sözlə, xronikanı sapa düzülmüş mirvari formasında filmə daxil etmişdik. Əl-ələ tutmuş keşikçi dəstələri qarşıda, camaatı isə onların arxasında montaj etmişdik. Onu da qeyd edim ki, əl-ələ tutmuş dəstənin yerişini çox sakit şəkildə təqdim edirdik ki, bu prosesləri də ancaq montaj zamanı istənilən formada yarada bilirdik. Hələ montaj zamanı bu görünüşə, təbii ki, öz-özlüyümdə “matəm yallısı” adını vermişdim. Çünki meydandan Şəhidlər xiyabanınadək piyada yol qət etməni başqa cür də adlandırmaq mümkün deyildi”.
Film boyu öz övladını axtaran ananın finalda bir qəbrin baş tərəfində dayanaraq ağlama səhnəsi var: “Həmin havalanmış ana xəstəxanaya gətirilən üzü sarıqlı əsgərin öz oğlu olması fikri ilə bir müddət onun yanında dolaşır”.
Rejissor ssenarisi yazılan zaman Gülbəniz Əzimzadə özlüyündə qət edir ki, ana obrazı Şükufə Yusifovanın ifasında daha təbii alına bilər. “Şükufə mənim quruluş verdiyim bir neçə filmdə çəkildiyi üçün onun aktrisalıq qabiliyyətinə yaxşı bələd idim. Misal olaraq quruluş verdiyim filmlərdən “İmtahan”, “Qaladan tapılan mücrü” filmlərinin adlarını çəkmək istərdim. Doğrudur, bu filmlərdə aktrisa epizodik rollarda çəkilmişdir, ancaq bu da kifayət edərdi ki, onun talantı tam üzə çıxsın. Digər aktyorların işi də maraqlı alınmışdı. Onların hər biri öhdələrinə düşən rollarının öhdəsindən gələ bilmişdilər. Valideynlərin hər biri itkin düşmüş, ölüm xəbərini eşitmiş oğullarının sorağı ilə xəstəxanaya yığışaraq baş həkimlə danışmaq, heç olmasa bir dəfə də olsa üzü bağlı əsgəri görmək arzsu ilə yaşayırlar. Ancaq eşidəndə ki, həmin əsgər ölüb o zaman onların heç biri onun öz oğlu olması fikrini yaxına belə buraxmır. Bu da ondan irəli gəlir ki, ümidlə yaşayan valideynlər bir vaxt övladlarına qovuşmaq arzusu ilə intizarda qalmağa üstünlük verirlər. Əgər fikir vermisinizsə, film vertalyot meydançasından başlayır. Belə ki, müharibədən yaralı gətirilən əsgərlər bu meydançada təcili yardım maşınlarına yerləşdirilərək, hosritallara çatdırılırdı. Filmin əvvəlində-əsgərlərin gətirilmə səhnəsində valideyn qismində iştirak edən aktyorları da həmin meydançada intizarla gözləyən formada çəkmişdik. Sonda da belə bir kadrı filmə daxil etdik. Təsəvvür edin ki, valideyn övladının qəbrini ziyarət etdiyi bir məqamda da göyə-vertalyotun uçuşuna baxır, ümidlə gözləyir ki, bəlkə ciyərrarası yaralı da olsa, ayağını, gözlərini itirmiş də olsa gətiriləcək. Bilirsinizmi, söhbət ondadır ki, insan daima ümidlə yaşayır, hətta son anda da ümidlə yaşamaq insanı sabaha səsləyir”.
Xatırladaq ki, filmdə Çingiz Mustafayevin ilk dəfə Azərbaycan oğullarını vətəni qorumağa səsləyərək onlarla birgə düşmən tapdağında olan torpaqlara yollanması lenti də öz əksini tapıb: “Bu xronikanın üstündən isə Orxan Fikrətoğlunun məqalələrindən seçilmiş fikirləri montaj vasitəsilə lazım olan yerlərə əlavə etmişdim”. Ancaq bu hələ işin başlanğıcı idi. Çünki məqalələrdən seçilmiş olan fikirləri söyləmək üçün indiyədək eşidilməmiş səs sahibi tələb olunurdu. “Həmin səs sahibi bütün film boyu xronikanın üstündən montaj edilən, Orxana məxsus olan fikirləri, lap dəqiq desək, mətni pıçıltı şəklində səsləndirməli idi. Etiraf etməliyəm ki, bu fikirlərin pıçıltı ilə Ömür Nağıyev tərəfindən səsləndirilməsi filmə fəlsəfi bir məna verdi”.
“ÜMİD”DƏ İNTERYER ÇƏKİLİŞLƏRİNƏ GENİŞ YER VERİLİB
Maddi vəsaitin çatışmamazlığı çəkiliş boyu istər-istəməz özünü büruzə verib. Hətta iş o yerə gəlib çatır ki, dekorasiya, aktyorların geyinəcəyi kostyumlar olmadığına görə interyer çəkilişlərinə geniş yer verilir: “Aktyorlar üçün lazım olan geyimlər olmadığına görə, üstünlüyü əsasən onların öz geyimlərində olan çəkilişlərə verirdik. Pavilyonda dekorasiyaları qurmağa imkan olmadığına görə interyer çəkilişləri aparırdıq”.
Qeyd edək ki, filmin əsas çəkilişləri Semaşkoda aparılıb. “Semaşkonun rəhbərliyi “Ümid” filminin çəkilişi üçün lazım olan bütün şəraiti yaratdı. Semaşkonun reanimasiya şöbəsində, dəhlizlərdə, xəstələrin arasında çəkilişlər aparmışıq. Çəkiliş zamanı bir kadrda, həqiqətən döyüşdən yaralı gətirilmiş əsgərlərin danışıqları da filmə daxil edilib. Həmin əsgərlər döyüş zamanı şahid olduqları hadisələrdən danışırdılar. Maraqlı odur ki, yaradıcı heyətin tərkib hissəsinə cəlb olunan hər bir şəxs bu barədə gördüklərini, fikirlərini əlavə etməklə bir növ filmi daha da dolğunlaşdırdılar”.
Ssenaridə sarıqlı əsgər rolu da var idi ki, bu rolu canlandırmaq bir qədər problem yaradırdı. Təbii ki, sarıqlı əsgər saatlarla yataqda uzanıqlı vəziyyətdə qaldığı üçün onu bir cansız əşya-maniken qismində də çəkmək olardı. Yəni, adam hündürlüyündə olan bir manikeni sarıyıb tanınmaz hala salmaqla çarpayıya uzatmaq və nəinki saatlarla, hətta günlərlə çəkiliş aparmaq olardı. Ancaq rejissor təbii çəkilişə üstünlük verdiyi üçün bu rola canlı bir şəxsi görmək fikrində olduğunu bildirir. “Sarıqlı şəkildə günlərlə çəkilişdə iştirak edən şəxs bizim, yəni studiyanın işçisi idi. İnandırım sizi ki, o saatlarla sarıqlı vəziyyətdə qalırdı. Əlbəttə sarıqlı vəziyyətdə bir manikeni də çəkmək olardı və nəticədə tamaşaçı heç nə hiss etməzdi. Ancaq filmdə söhbət xəstənin durumu ilə bağlı idi, onun vəziyyəti hər an yoxlanılır və təbii ki, çəkilən kadr da canlı şəkildə lentə alınırdı. Filmə hazır şəkildə baxan tamaşaçı inandırıcı kadrları seyr edərkən təsirlənməyə bilmir”.
HADİSƏLƏRİN BAŞ VERDİYİ ANDA ONA OBYEKTİV YANAŞMAQ ÇƏTİNDİR
Adətən, deyirlər ki, hadisənin içində ola-ola ona qiymət vermək, yaxşını pisdən, günahkarı-günahsızdan ayırmaq çox çətindir. “Ümid” filmi məhz hadisələrin ən qaynar çağlarında çəkilmiş və tamaşaçıların ixtiyarına verilmişdir. Ola bilsin ki, film çəkilişindən sonra tamaşaçılar tərəfindən qəbul edilməyə də bilərdi. Ancaq rejissor bu məsuliyyəti öz üzərinə götürür. “Hadisələrin baş verdiyi anlarda ona obyektiv yanaşmaq çox çətindir. Ancaq buna baxmayaraq mənə tapşırılan işin öhdəsindən gəlməyi elə ilk dəqiqədən qarşıma məqsəd qoymuşdum.
Qeyd etdiyim kimi filmin çəkilişi müharibənin getdiyi bir vaxta təsadüf edirdi. Bu o vaxt idi ki, Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdi, yəni hələ atəşkəs başlamamışdı. hətta filmdə belə bir kadr var ki, Semaşkonun həyətində iki kişi söhbət edərək bir-birlərinə deyirlər ki, baş verən hadisələrin hamısı kreslo davası üstündədir. Bu söhbət əsnasında belə bir fikir də işlənilir ki, əgər o kişi gəlsə, onda bütün bunlara son qoyacaq. Söhbət əsnasında işlənən o kişi sözü Heydər Əliyevə ünvanlanır. Artıq hamı onun gəlişini gözləyirdi və bu gəlişə xalq böyük inam bəstələyirdi. Doğrudan da 1993-cü ilin oktyabrında hakimiyyətə gələn Heydər Əliyev artıq 1994-cü ilin mayında aparılan danışıqlar əsasında atəşkəsə müvvəffəq olmuşdu. Bu çox böyük göstərici idi. Ona görə də çalışdıq ki, filmdə də bu barədə məlumat verək”.
Rejissorla söhbət əsnasında o da məlum oldu ki, “Ümid” heç bir kino festivallarına qatılmayıb. Əgər bunun bir səbəbi əlaqədar təşkilatların filmin taleyinə biganə qalması olubsa, digər səbəbi rejissorun bu işdə maraqlı olmaması idi. “Bu film mənim deyil, dövlətindir. Ona görə də festival məsələləri ilə dövlət orqanı olan “Azərkinovideo” maraqlanmalı idi. Ancaq “Ümid” festivallara göndərilməsə də telekanallar vasitəsilə tez-tez nümayiş olunur. Onun hər nümayişi isə xalqın inamını daha da artırır. Bu özü də böyük bir göstəricidir”. Təmənnasız çəkilən film öz çəkiliş xərcini ancaq ödəyə bilib. “Filmin əvvəlki çəkilişləri zamanı yaradıcı heyət az da olsa müəyyən qonorarla təmin olunmuşdu. Ancaq qeyd etdiyim kimi maddi durumumuz aşağı olduğu üçün çəkilişin sonuna yaxın artıq yaradıcı heyətin üzvlərinə qonorar yazılmadı. Etiraf edirəm ki, yaradıcı heyətin üzvlərinin hər biri bundan qətiyyən təsirlənmədi, əksinə var qüvvə ilə filmi yekunlaşdırmağa can atdı”…
FİLMİN YARADICI HEYƏTİ: Rejissor-Gülbəniz Əzimzadə, ssenari müəllifi-Orxan Fikrətoğlu, operator-Rafiq Quliyev, Mixail Xarçenko, rəssam- Mayıs Ağabəyov, bəstəkar-Aydın Əzim Kərimoğlu.
Rollarda çəkiliblər: Fuad Poladov, Şükufə Yusifova, Əminə Yusifqızı(baş həkim), Rövşən Almuradlı(həkim), Ramiz Novruzov. Məmməd Səfa, Süleyman Samuxlu(qapıçı), Adil Quliyev və b.
25 il öncə çəkilən “Ümid” filmi, adından da göründüyü kimi tamaşaçıya ümid hissini aşıladı, tamaşaçını sabaha olan inama səslədi. 30 ilə yaxındır ki, Qarabağ probleminin həll olunmasını, torpaqlarımızın işğaldan azad edilməsini həyəcanla gözləyirik…Artıq həyəcanımıza son qoyulur…”Ümid” əminliyə çevrilir!
Xədicə QİYAS