05–11 oktyabr 2026-cı il tarixlərində keçiriləcək “DokuBaku” Beynəlxalq sənədli filmlər festivalı filmlərin qəbulunu elan edir. 10-cu yubiley buraxılışına hazırlaşan festivalın builki buraxılışı “Ulduz Sivilizasiyası” (Stellar Civilization) adı altında keçiriləcək.
Festivalın pres-relizində qeyd olunur:
“Bu xüsusi buraxılış kino yaradıcılarını insanın kainatdakı yerini yenidən düşünməyə dəvət edir — insanı, özünü mərkəzə qoyan hökmran bir varlıq kimi deyil, nəhəng kosmik sistemin içində şüurlu, məsuliyyətli və əlaqəli bir zərrə kimi təsəvvür etməyə çağırır. Bu mövzu, sərhədləri, mülkiyyət anlayışını və xətti “inkişaf” və “zaman” təsəvvürlərini aşaraq, sivilizasiyanı etik, mənəvi və əlaqəli bir proses kimi təklif edir. Burada sivilizasiya məsuliyyətə, qarşılıqlı asılılığa, qayğıya və kosmik təvazökarlığa əsaslanır. Ulduz Sivilizasiyası yalnız insanların bir-birilə münasibətlərini deyil, həm də planetlə, digər həyat formaları və bilinməyənlə necə birgə mövcud olduqlarını sorğulayır. DokuBaku eyni anda həm yuxarıya, həm də daxilə baxan — planetar şüuru, elm və kosmosu, ekoloji yaddaşı, görünməz tarixləri, əcdad biliklərini və spekulyativ gələcəkləri araşdıran sənədli filmləri axtarır. Bu kontekstdə kino həm teleskop, həm də ayna rolunu oynayır: kainatın sonsuzluğunu müşahidə edən və insanın özünə baxışını mümkün edən bir vasitə kimi. Festival bu hekayələr vasitəsilə fəth etməyə deyil, şüur, məsuliyyət və qayğı ilə kainata aid olan yeni bir sivilizasiyanı təsəvvür etməyə və formalaşdırmağa çağırır”.
Filminizi festivala təqdim bu linkə keçid edərə təqdim edə bilərsiniz: https://filmfreeway.com/DBIDFF
FİLMLƏRİN SON QƏBUL TARİXİ: 13 İYUN 2026
Azərbaycanın ilk müstəqil sənədli film festivalı olan DokuBaku BSFF, yerli və əcnəbi film nümayişləri, eləcə də xarici kino peşəkarlarının iştirakilə ustad dərsləri və vorkşoplardan ibarətdir. Festivalın əsas məqsədi Azərbaycanda sənədli kinonu özünüifadə və düşüncə vasitəsi kimi inkişaf etdirmək, bu sahədə fəaliyyət göstərən yerli rejissorlara dəstək olmaq, ölkənin film səhnəsini beynəlxalq kino icması ilə əlaqələndirmək, yeni adlar kəşf etmək və Azərbaycan kino sənayesinin davamlı inkişafına töhfə verməkdən ibarətdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlığı davam etdirir. İttifaq hər il olduğu kimi, bu il də festivala maliyyə və informasiya dəstəyi verəcək.
aki.az

