110 yaşlı Rəsul Rza və Azərbaycan kinosu

Bu gün Azərbaycanın Xalq şairi, dramaturq, tərcüməçi, publisist, Rəsul Rzanın 110 yaşı tamam olur.

İlk dəfə 17 yaşında “Bu gün” adlı ilk şeiri ilə ədəbiyyata gələn Rəsul Rza yaradıcılığı daima öz müasirliyini qoruyan, hər gələn nəslə yeni fikirlər aşılayan, gəncliyi poeziyanın ardınca aparma gücündə olan yaradıcılardan biri olub. O, dünən də oxunub, bu gün də oxunur və sabah da oxunacaq. Bəlkə də ona görə ki, ilk şeri ilə məhz bu günün, yəni hər dövrün nəbzini titmağa bacaracağına əmin olub və poeziyada müasir ruhu əsas götürüb.

Zəngin və keşməkeşli həyat yolu keçmiş Rəsul Rza şeriyyətin içində bütünü yaradıcı gücü birləşdirib və yaradıcı proseslərə olan hərtərəfli marağı, məlumatı onu hər zaman diqqətdə saxlayıb. Əslində diqqətdə olan onun düşüncə tərzi, hadisələrə olan baxışı və açılan sabahların nələr gətirəcəyini bilməsində idi. Bu sadəcə onun geniş dünyagörüşlü olmasından irəli gəlmirdi, eyni zamanda öz üzərində çalışmaqla, bilgilərini artırmaqla və ən önəmlisi bu günkü yeri ilə kifayətlənməməsi idi. Qısa tanıtımla onun fəaliyyətini bir daha yada salmaq istərdik.

Tbilisidə Zaqafqaziya Kommunist universitetinin kooperasiya şöbəsində(1926-1927), Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda(1934-1937) təhsil alan şair, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938) rəisi çalışdığı illərdə  sübut etdi ki, poeziya eyni zamanda kino deməkdir, musiqi deməkdi, rəssamlıq deməkdi. Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Yazıçıları İttifaqının sədri olduğu vaxtlar da demək olar ki, eyni dövrə təsadüf etdi. Kino vasitəsilə bütün bu sahələri sanki birləşdirirdi. Sonralar Bakı kinostudiyasının müdir(1942-1944), Kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949) də oldu. Ancaq bu hələ hər şey demək deyildi.

Rəsul Rzanın kinostudiyaya rəhbərlik dövrü

XIX əsrin sonlarından kinonun bünövrəsi qoyulsa da, Azərbaycan kinematoqrafiyası əsas fəaliyyətə 1920-ci illərdə başlayıb. Foto-Kino İdarəsi yaradılması, həmin idarənin tərkibində fəaliyyət göstərmiş müxtəlif tədris studiyalarında bir çox sənətkarların aktyor sənətindən, ssenari yaradıcılığından, kino texnikasından dərs deməsi,  sonralar indiki ”Azərbaycanfilm” kinostudiyasının sələfi olan “Azərfilm”in fəaliyyətə başlaması və s. məqamlar artıq Azərbaycanda kinonun inkişafından xəbər verirdi.

Eyni zamanda Şəmsəddin Abbasov, Rəsul Rza, Mehdi Hüseyn, Sabit Rəhman, Adil İsgəndərov və b. müxtəlif vaxtlarda kinostudiyaya rəhbərlik etməsi də milli kinonun inkişafında rol oynayıb.

Kinoşünas Aydın Kazımov yazır: “R.Rza “Bakı” kinostudiyasını təhvil götürəndə ən primitiv üsullarla işləyən kinofabrikin təkcə bir film çəkiliş pavilyonu, əllə işləyən, həftədə beş gün təmirə dayanan aşkarlama laboratoriyası, bir yük maşını, iki-üç filmçəkmə aparatı, “Nuhdan qalma” dörd-beş proyektoru var idi.  Rəsul Rzanın rəhbərliyi dövründə və müharibədən sonrakı illərdə Bakı kinostudiyasında ”Bəxtiyar”, “Sovqat”, “Vətən oğlu”, “Bir ailə”, “Sualtı qayıq “T-9” bədii filmləri və bütün dünyaya səs salan “Arşın mal alan” (1945) kinokomediyası çəkilmişdir. Bundan başqa «Fətəli xan», «Bakının işıqları» və s. tammetrajlı bədii və sənədli filmlər çəkilmişdir. II Dünya müharibəsi illərində «Bakı» kinostudiyası plyonka və kameraların çatışmadığı bir vaxtda xalqı səfərbərliyə çağıran sənədli və qısametrajlı bədii filmlərin istehsalına üstünlük verirdi. Maraqlıdır ki, müharibədən çıxmış br dövlət (SSRİ) birdən-birə «Arşın mal alan» filminin çəkilişlərinə başlayır. Bundan başqa Fətəli xan haqqında çəkilən tammetrajlı filmi də yüksək qiymətləndirirlər. Doğrudur, filmdə texniki çatışmazlıqlar və o dövrün pafosu həddən ziyadə nəzərə çarpır. Texniki çatışmazlıqar içərisində boğulan o dövrün kinostudiyası R.Rzanın rəhbərliyi altında müəyyən uğurlar əldə etdi. Ən azından «Arşın mal alan» filminin onun rəhbərliyi dövründə çəkilməsi deyilənləri bir daha sübut edir. Rəsul Rza kinematoqrafiya sahəsində, ilk növbədə, ssenari yoxluğunun aradan qaldırılması və ssenarilərin keyfiyyətlə hazırlanıb istehsala buraxılmasında, müharibədən sonrakı film qıtlığı dövründə kino istehsalının qaydaya salınmasında, kinostudiyanın maddi-texniki bazasının möhkəmləndirilməsində böyük zəhmət çəkmişdir. Ən əsası isə çəkilən filmlərin Azərbaycan həyatı, məişəti və tarixi ilə bağlılığına, sənət baxımından yüksək keyfiyyətli olmasına xüsusi diqqət yetirmiş, bu sahədə bir sıra konkret işlər görmüşdür”. Onun film yaradıcılığı da diqqəti cəlb edir. İlk əvvəl filmlərdəki musiqilərə söz, sonralar isə bir neçə ssenari («Ordenli Azərbaycan» – R.Təhmasiblə birlikdə, «Qızıl üzük» və s.) yazıb. Hələ ssenari şöbəsinin müdiri vəzifəsində işlədiyi illərdə «Dəcəl dəstə» uşaq bədii, «Bakılılar» və «Kəndlilər» tarixi-inqilabi, müasir mövzuda «Hazır ol!» və «Yeni horizont» bədii filmləri çəkilmişdir.

Onu da qeyd edək ki, Rəsul Rzanın kinematoqrafiya naziri olduğu illərdə «28 Aprel» kinoteatrı inşa edilib. Şəxsən onun təşəbbüsü ilə bir sıra kinoteatrların adları dəyişdirilib – “Krasnıy Vostok» – «Azərbaycan», «Bakkomuna» – «Bakı», «Xudojestvennıy» – «Nizami», «Proletariy» – «Vətən», «Spartak» – «Araz» adlandırılıb.

Milli kino məhəbbəti və ya kinematoqrafçıların xatirələri

Onun haqqında müxtəlif fikirlər, yaradıcılığına fərqli baxışlar var. Əgər bəstakar Rəsul Rzanın yaradıcılığını musiqi səsi ilə qiymətləndiribsə, kinorejissor bunu kino vasitəsilə həyata keçirib və ya rəssam rəsmlərin sehrində Rəsul Rzanı təsvir edir…

R.Rzanın kino yaradılığı bir başqa sevgi üzərində qurulub. O filmlərdə səslənən mahnılara şer yazmaqla yanaşı, kino komitələrinə rəhbərlik etdiyi dövrlərdə də önəmli sənət nümunələrinin yaranmasına geniş şərait yaradıb. Bu məqalədə onun haqqında olan xatirələr içində kino ilə olanları qısaldılmış formada təqdi edirik. İlk olaraq onunla daima filmlərdə əməkdaşlıq etmiş bəstəkar Tofiq Quliyevin fikirləri ilə başlayırıq.

Bəstəkar Tofiq Quliyev:  “Deyirlər ki, istedadın gözəl keyfiyyətlərindən biri onun böyük və faydalı işə xidmət etməsi, onun cazibə qüvvəsi, başqaları üçün örnək ola bilməsidir. Mən xoşbəxtəm ki, dostum Rəsul Rzanın şair qəlbi, məğrur təbiəti məhz belə cazibəli və təsirlidir”.

Kinorejissor Rza Təhmasib: “1945-ci ildə “Arşın mal alan” Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ də gediş-gəliş bərpa edilməmişdi. Filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladılar. Baxışdan sonra bizi hətta məzəmmət edənlər də oldu. Açıqca deyirdilər ki, bu vurhavurda heç Arşın mal alan yeridir?! O vaxt Azərbaycanın kino naziri, Xalq şairi Rəsul Rza idi. Şuranın iclasında o da iştirak edirdi. Sonralar o, həmin anları xatırlayaraq yazırdı: Filmə baxandan sonra xüsusi müzakirə otağına yığışdıq. Orada filmin müəlliflərindən başqa, nazir, nazir müavini, məsul işçilərdən bir qrup, bədii şura üzvləri, Moskvanın məşhur rejissorları vardı. Film haqqında müxtəlif fikirlər oldu. Xan, bəy məişətinin idealizəsi , reklam şəkillərinə bənzər çəkiliş və bu kimi fikirlər söylənildi. Amma müsbət fikir söyləyənlər də az olmadı. Azərbaycan kino işçiləri əsassız tənqidləri, bəzi yekəxana ağızbüzmələri cavabsız qoymadılar”.(Xalq qəzeti)

Rejissor Muxtar Dadaşov: “Rəsul Rza “Arşın mal alan” filminin çəkilişində nəinki bir inzibati rəhbər, həmçinin filmin bədii rəhbəri kimi bizə yaxından köməklik göstərirdi. Filmin rejissoru R.Təhmasib həmişə deyərdi: “Rəsul məndən nə qədər cavan olsa da, ağılda, bilikdə, kollektivə rəhbərlik etməkdə çox püxtələşmiş şəxsiyyətdir”. Heç yadımdan çıxmaz, 1967-ci ildə Moskvada keçirilən Azərbaycan SSR mədəniyyət günlərinin birində nümayəndə heyəti “Mosfilm” kinostudiyasına dəvət olunmuşdu. Səhnəyə Q.Aleksandrov qalxdı: “Yaşıma və təcrübəmə görə çox rəhbərlər görmüşəm, çoxlarının rəhbərliyi altında da işləmişəm, amma kino sahəsində bacarıqlı, mükəmməl yaradıcı rəhbər məhz R.Rzanı tanıyıram. Çox xoşbəxtəm ki, 1943-cü ildə R.Rzanın rəhbərliyi altında Bakı kinostudiyasında işləmişəm”. Məlum olduğu kimi, mən kinoya operator kimi gəlmişəm. Bu gün istər bədii, istərsə də sənədli rejissorluğa keçməyimin səbəbkarı məhz R.Rzadır”.

Rüstəm İbrahimbəyov ( “Zerkalo” qəzeti, 27 may, 2000) “0 vaxt mən bir povest, bir-iki hekayə və povestimin əsasında “Bir cənub şəhərində” filminin ssenarisini yazmışdım. Lakin artıq ilk filmimin taleyi Azərbaycan KP MK Bürosunun iclasında həll edilmişdi. Altmışıncı illərin sonlarında belə müzakirənin nə ilə qurtara biləcəyini həmin illərdə yaşayanlar bilirlər. Filmə baxış zamanı qardaşım Maqsud MK-nın binasına girərək qaranlıqda mənə “Komsomolskaya pravda” qəzetinin nömrəsini verdi. Mən də qəzeti filmi dəstəkləyən MK-nın ideologiya üzrə katibi Cəfər Cəfərova verdim. “Komsomolskaya pravda”da filmi tərifləyirdilər və Moskva qəzetinin sıravi tənqidçisi K.Şerbakovun reyi respublika rəhbərliyinin verəcəyi amansız qərarı yumşaltdı. Məsuliyyəti ziyalıların boynuna yükləmək üçün belə bir “müdrik” qərar qəbul edildi: görkəmli incəsənət, mədəniyyət, elm xadimlərini Dövlət Kinematoqrafıya Komitəsinə toplayıb filmi orada tənqid atəşinə tutmaq qərarına gəldilər ki, orada əl-qollarını yaxşıca aça bilsinlər. Rəsul Rzanın səyiylə gözlənilməz bir vəziyyət yarandı. Onun çıxışı müzakirənin istiqamətini müəyyən etdi və çoxlarına adətən belə vaxtlarda oyanan özünüqoruma instinktini boğmağa kömək etdi. Artıq ilk ifadələrdən aydın oldu ki, Rəsul Rza respublika rəhbərliyinin heç də xoşuna gəlməyən mübahisəli film çəkmiş gənc adamları müdafiə etməyi özü üçün vacib saymışdı.Filmi bütövlükdə tərifləyən Rəsul Rza onun müəlliflərini düşdüyü vəziyyətin mahiyyətini üzə çıxaran bir təmsil danışdı. Bu təmsildə Sənətkar və Hakimiyyət münasibətləri obrazlı ifadəsini tapırdı.”Bir cənub şəhərində” filminin taleyi sadə olmadı, onun ümumxalq müzakirələri hələ uzun müddət davam etdi. Lakin Dövlət Kinematoqrafiya Komitəsindəki həmin yaddaqalan müzakirədən sonra bizim üçün ən vacib olanı baş verdi. Film ekranlara çıxdı və Azərbaycanda ziyalılar ilk dəfə bu işin təhlükəsindən qorxmayaraq hakim dairələrin rəyinə zidd olan fikirlərini söylədilər. Və şübhəsiz ki, Rəsul Rzanın şəxsi nüfuzu o zaman həlledici rol oynadı”.

Xədicə QİYAS