1941-1945-ci illər Azərbaycan kinosunda
Bu il Böyük Vətən Müharibəsinin faşizm üzərində qələbəsinin 75 ili tamam olur. SSRİ-nin tərkibində olan, 15 qardaş respublika ilə hərbi döyüşlərdə iştirak edən, istər ön cəbhədə, istərsə də arxa cəbhədə müharibə ağrı-acısını hiss edən bir ölkənin bu qələbədə payı böyükdür.
TARİXİ FAKT: Azərbaycan Qızıl Ordunun Böyük Vətən Müharibəsində qələbəsində neft və neft məhsulları tədarükü ilə böyük rol oynayıb.Qızıl Ordu üçün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan göndərib. Böyük Vətən Müharibəsində Azərbaycanın 600 mindən çox nümayəndəsi iştirak edib və onlardan 300 mini həlak olub. Sovet İttifaqı Qəhrəmanlarından 120-dən çoxu Azərbaycandan gələnlərdir.
Azərbaycan kinosu müharibə mövzusuna nə dərəcədə müraciət etdi, qəhrəman oğullarını bu mövzuda necə təqdim etdi və Moskvanın bu vəziyyətə münasibəti necə oldu, bir sözlə, mövzumuz, Azərbaycan kinosunda müharibədir.
1941-1945-ci illər
SSRİ kim nəhəng bir imperiyanın tərkibində olan Azərbaycan Almaniyanın Sovetlər ölkəsinə olan təcəavüzünə biganə yanaşa bilməzdi. Ən azından ona görə ki, SSRİ-nin tərkibində 15 respublika kimi Azərbaycan da müharibənin davam etdiyi illər ərzində ruslarla birgə ön cəbhədə vuruşmuş(təxminən 600 min nəfər azərbaycanlı Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur), yüzlərlə qurban vermişdir.
Müharibənin qızğın bir çağında müharibə mövzusuna aid hər hansı bir film çəkmək təbii ki, yersiz hesab oluna bilərdi. Çünki müharibə bitmədən, nəticə məlum olmadan ona obyektiv qiymət vermək mümkün deyildi. Ancaq belə bir vaxtda Azərbaycan kinosu-“Arşın mal alan” adlı sənət nümunəsi yaradırlar. Filmin çəkilişindən tutmuş son təhvil verilmə məqamına qədər Moskva bu işə etiraz edir, hətta rejissora xitabən “camaat nə hayda, siz nə hayda” deyirlər. Xatırladaq ki, filmin çəkilişləri Böyük Vətən Müharibəsinin ən qaynar çağına, 1945-ci ilə təsadüf edib. “Arşın mal alan”ın müharibə ilə heç bir əlaqəsi olmasa da zamanında çəkildi.
Müharibə mövzusuna müraciət etmək istəyənlərə qadağa
1945-ci ilin qələbəsindən sonra müharibə mövzusu öz aktuallığını gündəmdə uzun illər qoruyub saxladı. İstər “Mosfilm”, istərsə də “Azərbaycanfilm” son illərə qədər müharibə mövzusunda filmlər çəkməkdə idi. Təsadüfi deyil ki, Qarabağ hadisələri başladıqdan sonra belə Böyük Vətən Müharibəsinə aid film çəkən rejissorlarımız olub. Rasim Ocaqovun 1989-cu ildə quruluş verdiyi “Ölsəm, bağışla”, filmi buna canlı misaldır.
Qeyd edək ki, Azərbaycan kinematoqrafçıları dəfələrlə müharibə mövzusuna müraciət etmək istəsələr də güclü bir əl daima buna mane olub. Səbəb olaraq isə onu göstəriblər ki, əgər Azərbaycanın ərazisində döyüş olmayıbsa, onda sizlər hansı qəhrəmanlığı ekrana gətirəcəksiniz. O dövrdə onların bu fikrinə qarşı çıxmaq hər hansı bir kinematoqrafçının öz sevimli sənətindən ayrı düşməsinə gətirib çıxara bilərdi.
Bir məqamı da unutmamalıyıq ki, Moskvanın bizlərə qarşı olan təzyiqləri məhz özümüzünkülər tərəfindən həyata keçirilib. O dövrdə Azərbaycan kinosuna rəhbərlik edən bəzi şəxslər haqqı nahaqdan ayırmaqdansa, üstünlüyü Moskvanın istəkləri ilə razılaşmağa veriblər. Bütün bunlardan doğan intriqa ona gətirib çıxarıb ki, Azərbaycan kinosu daima zərbələrə məruz qalıb. Yəni, şəxsi münasibətlərdən yaranan zərbə kinomuza öz mənfi təsirini göstərib.
“Uzaq sahillərdə” filmi cəsarətli addım kimi
1958-ci ildə Tofiq Tağızadə Böyük Vətən Müharibəsinin iştirakçısı, əvəzsiz qəhrəmanlıqlar göstərmiş Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filmini çəkməklə cəsarət nümayiş etdirir. Film Mehdi Hüseynzadənin II Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir.
Yeri gəlmişkən, Mehdi Hüseynzadənin Sovet İttifaqı qəhrəmanı adına layiq görülməsi, onun döyüşlərdə göstərdiyi mərd keyfiyyətlərin, kəşfiyyatçı kimi fəaliyyətinin qabardılması, faktlara əsaslanaraq haqqında ssenari yazılması(hətta ilk ssenari qənaətbəxş olmadığı üçün, ikinci dəfə ssenari İmran Qasımovla, Həsən Seyidbəyli tərəfindən qələmə alınmışdır), eyni zamanda isə həmin ssenarinin ekran variantının yaradılmasında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir.
1958-ci il – “Onun böyük ürəyi”
Həmin ildə ssenarisi yenə də İmran Qasımova, rejissor işi Əjdər İbrahimova aid olan “Onun böyük ürəyi” filmi də istehsalata buraxılır. “Uzaq sahillərdə” filmindən fərqli olaraq “Onun böyük ürəyi” filminin yalnız bir neçə epizodlarında arxa cəbhədə baş verənlər real faktlara əsaslanmasa da müəyyən mənada ekrana gətirilir. Ümumiyyətlə isə filmin süjet xətti müharibədən əvvəlki, müharibənin başladığı və ondan sonrakı illər üzərində qurulub.
1959-cu il – “Onu bağışlamaq olarmı”
Bir il sonra Rza Təhmasibin quruluşunda (ssenarisi Məmmədhüseyn Təhmasibə aiddir) lentə alınan “Onu bağışlamaq olarmı” filmi detektiv janrlıdır, burada da qəhrəmanın hansı şəraitdə ailəsindən ayrı düşdüyü epizodda müharibə səhnələrini canlandıran bir neçə səhnələr salınıb.
1961-ci il – “Bizim küçə”
“Bizim küçə” filmində isə müharibə dövründə itkin düşmüş bir qızın taleyindən söhbət açılır. Rejissor işi Əlisəttar Atakişiyevə aid olan filmin ssenarisini İmran Qasımov qələmə almışdır. Ssenariyə əsasən filmdə yalnız bir neçə epizodda – az yaşlı Saranın partlayış nəticəsində anasından ayrı düşməsi və sonrakı proseslərdə Mixaylo tərəfindən qorunaraq azərbaycanlıların yanına aparılması kimi kadrlarda müharibədən bəhs olunduğu aydın şəkildə hiss olunur.
1968-ci və 1969-cu illər
Məhz bu illərdə müharibə dövrünü özündə əks etdirən bir neçə film çəkildi. Öncə 1968-ci ildə lentə alınan “Mən ki, gözəl deyildim” filmindən bəhs etmək yerinə düşərdi.
1966-cı il…
“Azərbaycanfilm”in direktor vəzifəsinə yenicə təyin olunmuş Adil İsgəndərovun təşəbbüsü ilə Bayram Bayramovun müharibə mövzusunda qələmə aldığı ədəbi ssenarini ilin planına salır. Ədəbi materialın rejissor işi Ramiz Əsgərova həvalə edilir. Ssenariyə əsasən hadisələr əsasən müharibə səhnələri, xüsusən Rostov uğrunda gedən döyüşlər üzərində qurulmalı idi, baxmayaraq ki, söhbət arxa cəbhədən gedirdi. Ancaq pirotexniklərin çox böyük səhvi ucbatından müharibə səhnələri çəkilərkən partlayış baş vermiş, nəticədə də çəkiliş qrupunun olduğu qayıq partlamışdı. Ramiz Əsgərov da başda olmaqla 4 nəfərin həlakı, bir neçə nəfərin isə yaralanması nəinki “Azərbaycanfilm” kinostudiyasının, eləcə də bütün Azərbaycan xalqının faciəsi idi. Ancaq həyat davam edirdi və plana salınan film tez bir vaxtda çəkilib təhvil verilməli idi. 4 həmkarının ölümünü görən yaradıcı heyət filmin tərkibindən uzaqlaşır. Yeni tərkibə isə heç kim könüllü gəlmək istəmir.
Filmin ikinci quruluşu əslən iranlı olan Sasanpur adlı rejissora tapşırılır. Rejissor köməkçisi kimi isə Ağarza Quliyev çəkiliş meydançasına gəlir. Rasim Ocaqov ilk çəkiliş vaxtı baş verən hadisədən yaralandığı üçün yaradıcı heyətdən uzaqlaşır. Bunun üçün də filmin ikinci çəkilişi zamanı operator işinə Moskvadan Aleksey Polkanov dəvət olunur.
Çəkiliş vaxtı Sasanpurun yarımçıq iş metodu Polkanovu qane etmədiyi üçün o bundan rəhbərliyi xəbərdar edir. Sasanpur rejissor işindən uzaqlaşır, artıq məsələ qəlizləşməyə başlamaqda idi ki, Adil İsgəndərov qəti tədbir görülməyin vaxtı olduğunu anlayır. O, hətta filmin maliyyə xərclərini belə öz üzərinə götürür və kinostudiyanın həmkarları ilə bir araya gələrək fikir mübadiləsi aparır. Digər rejissorlardan fərqli olaraq Tofiq Tağızadə rəhbərliyin etimadını doğruldaraq filmin çəkilişini öz öhdəsinə götürür və az bir müddət ərzində də onu tamaşaçıların baxışına təqdim edir. Söhbət “Mən ki, gözəl deyildim” filmindən gedir.
1969-cu il…
“Şərikli çörək filmi istehsalata buraxılıb. Filmdə İkinci Dünya müharibəsinin son günləri və müharibədən sonrakı ilk aylar uşaqların çətin həyat tərzi üzərindən öz hekayəsini danışır. Alla Axundovanın ssenarisi əsasında çəkilən film Şamil Mahmudbəyovun quruluşunda çəkilib. Arxa cəbhə, paytaxt Bakı, müharibə çətinliklərinin bir tikə çörəklə insanları necə sınağa çəkdiyi və s. məqamlar düşündürüc təsir bağışlayır.
“Bizim Cəbiş müəllim” filmi də eyni ildə istehslata buraxıldı. Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında çəkilən filmə rejissor Həsən Seyidbəyli quruluş verdi. Bu filmdə də hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Filmdə qələbə naminə hər cür maddi çətinliklərə dözən, vətənin azadlığını hər şeydən yüksək tutan insanların mənəvi ucalığından söhbət açılır.
Eyni ildə çəkilən hər iki filmdə arxa cəbhənin görüntüsü böyük ustalıqla həyata keçirilib və bədii sənət nümunəsi olaraq dəyərlidir.
Tofiq Tağızadə: “Ermənilər, sizə 3 saat vaxt, torpağımızı tərk edin”
Filmə baxanlar bilir ki, “Mən ki, gözəl deyildim” filmində yalnız arxa cəbhə canlandırılır. Demək olmaz ki, Tağızadə müharibə səhnələrinin öhdəsindən gələ bilməzdi. Əksinə “Uzaq sahillərdə” kimi bir filmi çəkməklə öz cəsarətli addımını atan rejissor bunu ikinci dəfə də edə bilərdi. Ancaq baş verən faciə yaradıcı heyəti bundan çəkindirir.
Ramiz Əsgərov bu filmi çəkərək onu Böyük Oktyabr bayramına hədiyyə etmək istəsə də buna əcəl aman verməyib. Ancaq Tağızadə bu filmlə Moskva Bədii Şurasını sözün həqiqi mənasında da təəcübləndirib. Çünki “Azərbaycanfilm” kinostudiyası ilk dəfə olaraq məhz bu filmdə arxa cəbhəni olduğu kimi canlandırmağa nail ola bilib. Bu, Moskvanın fikri idi.
Haşiyə:”Mən ki, gözəl deyildim” filminin çəkilişləri üçün yaradıcı heyət filmdə gördüyümüz kəndə-Bayan kəndinə yola düşdüyü zaman anlaşılmaz bir məqamla üzləşib. Bildiyimiz kimi Qarabağ hadisələri başlanana qədər Azərbaycanın əksər kəndlərində ermənilər məskunlaşmışdı. Hətta bu məskunluq o dərəcəyə çatıbmış ki, ermənilər Azərbaycan tərəfin müdaxiləsinə belə imkan vermədən sırf erməni adət-ənənələri, qayda-qanunları ilə yaşayırmışlar. Tofiq Tağızadənin rəhbərliyi ilə filmin yaradıcı heyəti Bayan kəndinə çatan kimi ermənilər tərəfindən əhatəyə alınırlar. Təbii ki, ermənilər başda kolxoz sədrləri olmaqla yaradıcı heyətin çəkilişinə qarşı çıxırlar. Səbəb də onu göstərirlər ki, guya Bayan kəndində olan bütün tikintilər, bütün inkişaf prosesi məhz onların sayəsində ərsəyə gəlib. Buna dözməyən Tofiq Tağızadə bərk əsəbləşir və ermənilərə xitabən “sizə 3 saat vaxt verirəm, bütün tikililərinizi söküb maşınlara yükləyin və bizim torpaqlarımızı tərk edin” deyə sərt şəkildə tələb edir. Haqlı sözün qarşısında tab gətirmək çox çətindir, bunu başa düşən kənd camaatı kolxoz sədrinin üstünə hücub edərək onu öldürmək dərəcəsinə gəliblər. Sonrakı proseslərdə çəkiliş qrupu filmi rahatlıqla çəkib başa çatdırıblar. Və bu hadisəyə görə də(əslində burda ciddi heç nə olmayıb) Tağızadəyə gözün üstdə qaşın var deyən olmayıb. Ancaq hadisənin baş verdiyi ildə-1968-ci ildə, SSRİ adlı imperiyanın fəaliyyətinin ən qızğın çağında belə bir qarşıdurmanın yaranması bizlər üçün pis nəticələnə bilərdi. Bayan kəndi hər cəhətdən çəkiliş üçün əlverişli məkan olduğu üçün filmdəki arxa cəbhə mənzərələri təbii alınıb.
1975-ci il
Bu məqamda istər-istəməz “Tütək səsi” filmi yad düşür. Zənnimcə, “Tütək səsi” filmində də arxa cəbhənin görüntüsünün təbii alınması heç də “Mən ki, gözəl deyildim” filmindən geri qalmır.
İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestləri əsasında yazılan ssenaridə hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi hiss olunur. Müharibə fonunda cərəyan edən hadisələr dövrün ağrı-acısını əks etdirir. Və yaradıcı heyət arxa cəbhəni o qədər inandırıcı yaradıblar ki, sanki müharibə dəhşətləri hələ də bitməyib. Bəlkə də illər sonra Qarabağ müharibəsinin başlanması və uzun illər bu ağrı-acıyla yaşamağa davam etməyimiz bir mesaj olaraq verilir.
1985-ci il
Tarixi, döyüş, bioqrafik, müharibə janrında çəkilən “Sizi dünyalar qədər sevirdim” filminə Rasim İsmayılov quruluş verib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandıran filmdə hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş qəhrəmanımızın son günlərindən bəhs edir.
Həzi Aslanovun müharibədəki şücaətinin məhz 1985-ci ildə, Sövetlər Dönəminin son illərində çəkilməsi bir qədər təəccüblü görünsə də, yuxarıda qeyd etdiyimiz kimi “Azərbaycanfilm” kinostudiyası hər zaman Moskvanın təzyiqində olduğu üçün qadağalar üzləşib ki, nəticədə də qəhrəman oğullarını asanlıqla ekrana gətirə bilməyib.
Müharibə mövzusu sadəcə bu filmlərlə bitmir, ümumiyyətlə isə sadəcə bədii filmlərələ bitməyib, onlarla sənədli, qısametrajlı filmlərdə də 1941-1945-ci ildə baş verənlər öz əksini tapıb.Bütün bunlar bir daha sübut edir Böyük Vətən Müharibəsində Azərbaycan Respublikasının böyük rolu olub və Qələbənin 75 illiyində də böyük payı var…
Rəşid RƏŞAD