20 Yanvar faciəsindən 34 il ötür...
…Bakıya Sovet qoşunları beş istiqamətdə daxil olublar. İlk olaraq yanvarın 19-da axşam saat 10-da Binə-Qala marşrutu ilə şəhərə giriblər. Daha sonra, müxtəlif vaxtlarda Salyan Kazarması, Qurd Qapısı, Sumqayıt “Nasosnı” və Xəzər dənizindəki Sovet hərbi donanmasının gəmilərindən Bakıya qoşun yeridilib…
20 yanvar 1990-cı il…
Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə Sovet İttifaqının qoşun hissələri Bakıda dinc əhaliyə divan tutdu. Ölkə üzrə 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Ölkəmiz ilk şəhidlərini həmin tarixdə verdi. O gündən şəhidlərin dəfn olunduğu Şəhidlər Xiyabanı and yerimizə çevrildi. Məhz həmin gündən etibarən Azərbaycanda hər sahədə – mədəniyyət aləmində, ədəbiyyatda, musiqidə, təsviri incəsənətdə 20 yanvara həsr olunan sənət nümunələri yaranmağa başladı. Ən böyük məsuliyyət isə Azərbaycan kinosunun üzərinə düşdü. Çünki kinematoqrafiya digər sahələrdən fərqli olaraq, hadisələrə mədəni, təsviri, musiqi vasitəsilə baxaraq onu ekrana köçürürdü. Kinematoqrafçılarımız 20 yanvar hadisəsinə həsr olunan “Qanlı yanvar”, “Boz qurdun harayı”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Matəm”, “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “9 dəqiqə”, “Cənubda Şimal küləyi” və s. sənədli filmlər ərsəyə gətirdilər.
1990-cı ildə çəkilən “Azadlığa gedən yollar” tammetrajlı sənədli filmi “Salnamə” Sənədli filmlər Studiyasında istehsal edilib. “Qara Yanvar” adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir. Görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının “1905-ci ildə” pyesindəki səhnə ilə açılan filmdə qubernator, çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlanması diqqətə çəkilir. “Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar” fikrinin səslənməsi və bu səhnədən sonra tamaşaçılar Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olurlar.
Eyni ildə çəkilən “Matəm” filmi isə Qanlı Yanvar hadisəsində şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr olunub. Filmdə şəhidlərin qırx mərasimi ilə əlaqədar “Şəhidlər Xiyabanı”nda keçirilən ümumxalq matəmindən söhbət açılır. Bundan başqa, “Şəhidlərdən şəhidlərə” filmində 1989-cu il aprelin 9-da Tbilisidə “Şanlı” Sovet Ordusu hissələrinin dinc əhalinin başına gətirdiyi fəlakətin birinci ildönümü münasibətilə etiraz əlaməti olaraq üç azərbaycanlı vətəndaşın Bakıdan Tbilisiyə yürüş etməsindən, onların dərdinə şərik olmalarından danışılır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar İncəsənət xadimi, rejissor Ziya Şıxlinskinin 1990-cı ildə Qarabağ Xalq Yardımı Komitəsinin sifarişilə çəkdiyi “Ruslar müharibə istəyirmi?” filmində Sovet qoşunlarının 1956-cı ildə Budapeştə, 1968-ci ildə Praqaya, 1979-1989-cu illərdə Əfqanıstana, 1986-cı ildə Alma-Ataya, 1989-cu ildə Tbilisiyə və 1990-cı ildə Bakıya soxulmalarının səbəb və nəticələrindən bəhs edir. Filmin adından göründüyü kimi, rejissor Yanvar hadisələrindən öncə rusların planlı şəkildə bir çox respublikalarda faciə törədərək dinc əhalinin ölüm hökmünü verməsi və sonda bu hadisənin paytaxtımızda davam etməsi, verilən sualın cavabını ortaya qoyur.
1991-ci ildə çəkilən “Hüznlü ana” adlı sənədli filmdə faciə şahidləri yaşanan müsibətləri danışaraq tamaşaçını bir daha o günlərə götürür. Filmdə 1828-ci ildən Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsini başa çatdıran Türkmənçay müqaviləsindən müasir dövrə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz əksini tapıb. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə apararaq şəhid olanlardan söhbət açılır, Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr diqqətə çəkilir.
Sonralar “Qarabağ düyünü”, “Ömür qatarı”, “Vətən mənə oğul desə”, “İnama qayıdış”, “Qəsd”, “Xəzər köməyə çağırır”, “20 Yanvar faciəsi” və s. sənədli filmlərdə də o dəhşətli gecədə günahsız insanların faciəli ölümünə etirazlar, xalq birliyinə çağırışlar səslənir, qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilib.
Xatırladaq ki, 20 Yanvar şəhidlərinin dəfn günü çəkilən kadrlar “Salnaməfilm” studiyasının operatorlarının əməyidir. O anları operatorlar Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Quliyev, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov və Nizami Abbas lentə alıb.
Yanvar hadisəsindən 34 il keçməsinə baxmayaraq “Azərbaycanfilm” kinostudiyası, “Salnaməfilm”, eləcə də “Azərbaycantelefilm” (AzTV) və digər yaradıcılıq studiyalarında həmin tarixə həsr edilən ekran əsərləri istehsal olunur. Baxmayaraq ki, 20 Yanvar hadisəsinə həsr olunan onlarla ssenarilər yazıldı, onlarla sənədli filmlər çəkildi, ancaq hadisə bədii film kimi ekranlaşdırılmadı.
Vahid Mustafayevin 2015-ci ildə çəkdiyi “Qanlı Yanvar” bədii filmi 20 yanvar hadisələrinə həsr olunmuş ilk tametrajlı bədi film hesab olunur. Filmdə məlum hadisə bizə bir azərbaycanlı ailəsinin – Nərimanovların gözü ilə göstərir. İki qardaş, KQB zabiti, kommunist Nəcəf və Sovet ordusunun keçmiş zabiti, indi demokrat–inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb. Hadisələrin mərkəzində, onlara həyat verən ana – Xədicə xanım bir sipər kimi dayanır. Rejissor filmdə real hadisələri canlandırmağa çalışıb. Xatırladaq ki, “Qanlı Yanvar” filmi 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunub. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyədən tanınmış aktyorlar rol alıblar.
34 il öncə 20 yanvar hadisəsi baş verib və illər keçməsinə baxmayaraq həmin gün heç bir vaxt unudulmur. 20 Yanvar həmişə ölkəmizdə hüzn günü olaraq xatırlanacaq, o günlər yad ediləcək. Baş verən bu faciə xalqın demokratiya və azadlıq uğrunda mübarizəsinə mane ola bilmədi, əksinə, bu mübarizə daha da kəskin xarakter aldı və nəticə etibarilə müstəqillik qazanan Azərbaycanımız artıq dünya ölkələri sırasında özünə layiq yerə sahib olduğunu 44 günlük müharibədə əldə etdiyi qələbə ilə sübut edib. Qanlı və şanlı tariximizdə 20 Yanvar şəhidlərini hörmət və ehtiramla yad edirik!
aki.az