2023-ün “Fokus”unda Oktay Mir-Qasım, Elçin Musaoğlu, Dərviş Zaim, Semih Kaplanoğlu

AR Mədəniyyət Nazirliyi , Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə “Fokus” Analitik Kino Jurnalının 12-ci nömrəsi işıq üzü görüb. Peşəkar və tələbə kinematoqrafçıların nüfuzunu qazanmış, regionda yeganə analitik, çap, kino jurnalıdır. Jurnalın daimi müəllifəri arasında Aygün Aslanlı, Aliyə Dadaşova, Sevda Sultanova və Nadir Bədəlov kimi tanınmış imzalar var. Jurnalın redaksiyasından bildiriblər ki, müəlliflər sırasına sənətşünaslıq elmləri namizədi, kinoşünas Əlisəfdər Hüseynovun da daxil olmasından məmnundurlar və müəllif heyətinin genişləndirilməsi qarşıda duran əsas məqsədlərdəndir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən verilən məlumata görə, kinoşünaslığın inkişafı, kinoşünas kadrların hazırlanması kinomuz qarşısında duran ümdə vəzifələrdən biridir. “Fokus” kino jurnalı bu məqsəd üçün uğurlu bir platformadır. Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoyazar.az saytı bu məqsədlə yaradılmış layihələrdəndir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, jurnalın baş redaktoru Əli İsa Cabbarov saytımıza bildirib ki, jurnalın bu nömrəsinin də məqalələri ana mövzu ətrafında formalaşıb. Jurnalın ana mövzusu “kino və poeziya”, poetik kinodur. Əli İsa Cabbarov bildirib ki, “Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyası çox zəngindir və kinomuza parlaq vizual obrazlar, kino dili bəxş edə bilər.  Poeziyamız kinomuza dünyaya çıxmağa kömək edə biləcək şansı verə bilər”.

Jurnalın bu sayında Georgi Ovaşvili, Dərviş Zaim, Semih Kaplanoğlu, Elçin Musaoğlu kimi tanınmış kinorejissorlar ilə eksklüziv müsahibələr var. Bundan başqa Şahanə Ürfan, Aygün Aslanlı, Əlisəfdər Hüseynov və Nadir Bədəlov poetik kino ənənələrini milli və dünya kinosu nümunələrində analiz edirlər. Tod Filds, Ruben Estlund kimi kinematoqrafçıların yaradıcılığı da jurnalın fokusundadır. Sevda Sultanova Oktay Mir-Qasımın yaradıcılığını, Lamiyə Abbas Tengiz Abuladzenin yaradıcılığını təhlil edən məqalələrlə çıxış ediblər. Hilal Baydarovun beynəlxaq kino festivallarının iştirakçısı olmuş  “Balıqlara xütbə” bədii filmini Aliyə Dadaşova analiz edib.

Jurnal iyul ayının 10-dan “Libraff” kitab mağazaları şəbəkəsində satışa çıxacaq. Kinematoqrafçı tələbələr AKİ-nin ofisindən pulsuz əldə edə bilərlər.

aki.az