2783 şəhid dastanı

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir…Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumatda bildirilib və o da qeyd olunub ki, 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur və həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır.

…Müharibə, döyüş, ölüm, əsirlik həyatı, itkinlər və daha nə  qədər faciəli anlar hər biri bir insan ömrünün hekayəsi üzərində qurulur. Əslində insan həyatı uzun olduğu qədər də qısadır. Yaşanmışlar ömrü uzatdığı kimi, həyata keçməyən arzular da ömrü qısaldır.

Kim deyə bilər ki, vətən, xalq uğrunda savaşa qalxan o gənc əsgərlərimiz hər biri hansı arzularla döyüş meydanında əzmkarlıq nümayiş etdirib?!

Kİm deyə bilər ki, Şuşa uğrunda gedən döyüşlərdə sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşlərə qatılan əsgər qardaşımızın o an ürəyindən nələr keçib?! Laçın uğrunda döyüşlərdə yol qət edən, o soyuq günlərdə hansı arzuların istisiylə düşmənə silah çəkən qartallarımız, bəs sənin ürəyində, beynində hansı düşüncələr vardı?! Kəlbəcərdə, Ağdamda, Füzulidə, bir sözlə, işğal olunmuş torpalarımızın hər qarışı uğrunda döyüşən canlarımız sizlər nə düşündünüz?!

Yəqin ki,  bu sulların cavabını onlar haqqında yazılan dastanlar, hekayələr, romanlar verəcək. Bu sualın bütün dərinliklərinə kinematoqrafçılarımız varacaq…

2783 şəhidimiz tarix yazaraq özü haqqında dastan yaratdı və bu dastan hər birimizin and yeri olacaq!

aki.az