43 illik ömrə sığmayan arzular

Bu gün görkəmli rejissor, Əməkdar incəsənət xadimi Lətif Səfərovun dünyaya göz açdığı gündür.

Bir il öncə – 30 sentyabr 2020-ci il tarixində onun 100 illik yubileyi üçün hazırladığımız məqaləyə belə bir giriş söz yazmışdıq…

“Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq yaradıcımız olan, İttifaqın bünövrəsinin sağlam qoyulması üçün böyük əmək sərf edən ustadımızın bu günə, bu ilə təsadüf edən 100 illik yubileyini məlum hadisələrə görə(44 gün davam edən II Qarabağ müharibəsinin başlanması nəzərdə tutulur), hələ ki, qeyd edə bilmirik. Sadəcə onun fəaliyyətini əks etdirən, əmək verdiyi filmlərin tarixini araşdırmaqla geniş məqalələr silsiləsi ilə ona olan sevgimizi göstəririk. Bir məqamı da unutmayaq ki, Lətif Səfərov Qarabağ torpaqlarının övladıdır, Şuşada doğulub və hazırda xalq olaraq bu torpaqlar uğrunda mübarizə aparırıq, ordumuza güvənirik və inanırıq ki, yaxın zamanda 30 ildir gözlədiyimiz qələbə xəbərini eşidəcəyik, o anı yaşayacağıq və həmin əhval-ruhiyyədə görkəmli rejissorumuzun bir əsrlik yubileyini qeyd etmək sevincinə şahid olacağıq…

Bir il öncənin bu günlərində sözün həqiqi mənasında torpaq uğrunda qızğın savaş başlamışdı, “Ya Qarabağ, ya ölüm” şüarının qanımıza, canımıza işlədiyi bir tarixdi.

Lətif Səfərovun 100 illiyi də məhz həmin tarixdə baş tutdu. Bəlkə onun yubileyini qeyd edə bilmədik, doğrudur, ancaq düşünürük ki, Qarabağın-rejissorun doğulduğu Şuşanın işğaldan azad olunması onun ruhunun sakitləşməsi üçün ən böyük hədiyyə idi, hətta yubiley dəyərindən artıq hədiyyə idi.

Bir qədər əvvələ qayıdaq, L.Səfərovun keçdiyi həyat yoluna qısa da olsa bərabər səyahət edək….

1927-ci il…

Şuşa şəhərində orta məktəblərdən birində birinci sinfə gedən şagirdin dəftərinə yazdığı “Şuşa mənim qibləgahımdır, onu anam  qədər sevirəm” cümləsi müəllimini çox təəccübləndirib. Bu cümlə  hələ 7 yaşı tamam olmamış balaca oğlanın istedadlı olmaqla yanaşı, vətənpərvər ruhda böyüməsindən xəbər verirdi.

Söhbət 1920-ci ildə Şuşada doğulan, görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Lətif Səfərovun təhsildə atdığı ilk addımlarda diqqəti necə çəkməsindən gedir.

L.Səfərov qələmə aldığı sözlərlə təhsildə, iri mənalı gözlərilə də kinoda diqqəti çəkir və beləliklə də onun kino həyatı başlayır.

İlk dəfə 7 yaşında “Gilan qızı” filmində çəkilir.

Bu filmdən sonra kinematoqrafçıların marağına səbəb olan balaca Lətif bir-birinin ardınca, 1928–1931-ci illərdə “Sevil”, “Lətif”, “Şərqə yol”, “Qızıl kol” filmlərində uşaq rollarını oynayıb. Uşaq rolları oynadıqca daha da püxtələşir və püxtəlşdikcə daha da kinoya bağlanır. Hələ orta təhsil illərində nümayiş etdirdiyi bilik və bacarıq getdikcə onu həyat yolunu müəyyənləşdirirdi.

L.Səfərov orta məktəbi “əla” qiymətlərlə bitirdikdən sonra Gəncə Pedaqoji Texnikumunda təhsil alır, ancaq pedaqoji sahədə fəaliyyət göstərmir. Kino onu özünə cəlb edirdi və təhsilə böyük önəm verirdi. Bu baxımdan 1940-cı ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olur.

1941-1945-ci il müharibəsi onun təhsil həyatında müəyyən fasilələr yaratsa da, gənc kinematoqrafçı 1950-ci ildə təhsilini başa vurmağı bacarır. Müharibə vaxtı tələbə yoldaşları ilə birlikdə Rusiyanın Smolensk şəhərinin müdafiə xəttinin tikintisinə göndərilən L.Səfərov sonralar 1950-ci ildə “Sovetskaya kultura” qəzetinə verdiyi müsahibədə müharibə dəhşətlərindən belə bəhs etmişdi: “Müharibə fəlakətdir. Bu dəhşəti ilk duyub-anlayan fağır və imkansız adamlar olurlar. Müharibə hansısa tərəfin qələbəsi ilə başa çatanda isə həmin qəbildən olan insanlar daha çox sevinirlər”.

Müharibə bitdikdən sonra öncə doğma şəhəri Şuşaya gedən Lətif Səfərov “Qibləgahım, səni xoş gördük” deyir. Bir ovuc torpağı götürüb üz-gözünə çəkir və öpür. Müharibənin ağrı-acısından sonra doğma torpağı ziyarət etmək ona qürur hissi yaşadır. Şuşadan ayrılmaq istəməsə də yarımçıq təhsilini başa vurmaq və kinoda öz sözünü demək üçün paytaxta üz tutur…

Rejissorun 1947-ci ildə müstəqil olaraq çəkdiyi “Çağırışa cavab” adlı film-oçerk tamaşaçılar tərəfindən yüksək səviyyədə qəbul edilir. Onun yaradıcılığının ən məhsuldar dövrü 1950-ci illərə təsadüf edir. Bə həmin illərdə kinostudiyaya rejissor təyin olunur və bir çox sənədli filmlər çəkir.

L.Səfərov kinooperator dostları Xan Babayev və Teyyub Axundovla birlikdə(1950) “Gədəbəyin sərvəti”, uşaqların həyatından bəhs edən “Gənc leninçilər”(1951) (operator A.Nərimanbəyov) və sərhəd qoşunlarına həsr olunmuş “Azərbaycan sərhədçiləri” (operator A.Nərimanbəyov), 1953-cü ildə yurdumuzun bağlı-bağatlı Quba bölgəsindən söhbət açan “Quba bağlarında” (operator A.Nərimanbəyov) sənədli filmlərini çəkir. Eyni zamanda “Ordenli Azərbaycan” və “Gənc nəsil” kinojurnalları, mərkəzi xronika studiyası (Moskva) üçün də bir çox süjetlər çəkir.

Rejissorun xatirələrindən: “Bədii film çəkmək arzusu ilə institutu bitirəndən sonra dörd il sənədli kinoda məşğul olmağıma peşman deyiləm. Bu, gözəl məktəb idi-həyatımda, çox şey gördüm, çox şey öyrəndim: pambıqçılar, heyvandarlar, bağbanlar, sərhədçilər, uşaqlar… Bircə onları görmək, tanımaq lazımdır. Bunun üçün səndə ürək və göz (dünyagörüş) olmalıdır. Yalnız belə olan halda sən onları görə bilərsən. Əgər sənin qəlbin yoxsa, sən onları görməyəcəksən – fonoqramla təsvirin sinxronluğu olmayacaqdır”.

Kinoya aktyor kimi gələn, daha sonra sənədli filmlər rejissoru kimi bir çox sənət nümunələri yaradan Lətif Səfərovun əsas hədəfi kinoda tammetrajlı bədii ekran əsərləri yaratmaq idi.

Görkəmli rejissor Azərbaycan kinosuna bir-birindən dəyərli, tammetrjalı 3 bədii ekran əsəri bəxş edir.

1955-ci ildə musiqili-komediya yanrında “Bəxtiyar” filmini çəkir. Film bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir.

1957-ci ildə Həsən Seyidbəylinin “Kənd həkimi” povesti əsasında yazdığı ssenari əsasında “Qızmar günəş altında” filminə quruluş verir. Povestdə olduğu kimi filmdə də əsas məqsəd həkimlərin insanpərvərliyini və qayğıkeşliyini göstərmək, Astara gənclərinin əmək igidliklərini təsvir etmək, əksəriyyət şəxslərin şüurundakı köhnəlik qalıqlarına qarşı mübarizə aparmaq idi.

1961-ci ildə Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında,  Nizami Gəncəvinin eyniadlı poemasından Zeyd ilə Zeynəbin sevgi motivindən də istifadə edərək “Leyli və Məcnun” ekran əsərini yaradır. Bu film Azərbaycan kinosunda öz yeri olan sənət nümunələrindən biri hesab olunur.

Hər üç film rejissorun daxili dünyasının sadəcə bir qismini göstərir, əslində onun çəkmək istədiyi filmlər çox idi, bir çox ssenarilər hazırlamışdı, hətta çəkiliş meydançasına çıxaraq çəkdiyi və təəssüf ki, yarımçıq qalan işləri də var idi. Bu baxımdan da Lətif Səfərov 43 illik həyatına çox şeyi sığdırmaq istəsə də, bir çox işlərini də sığdıra bilmədi. Ancaq onun  yaradıcılığı, filmləri daima araşdırıldı, yaxşı mənada müzakirə obyekti oldu…

Azərbaycan Kinematoqrafçılar İttifaqı ustadını, dəyərli insan, görkəmli rejissor Lətif Səfərovu ad günündə böyük sevgi, hörmət və ehtiramla yad edir, xatirəsini daima əziz tutur!

GülQAR

 

.