91 illik ömrə sığan 70 illik qaynar səhnə fəaliyyəti və ya 123 ilin təəssüratı

Azərbaycan Milli teatrının inkişafında rol oynayan, teatr və kino aktyor kimi çalışmış, bütün fəxri titullara layiq görülmüş sənət nəhənglərimiz çox olsa da onlar arasında bəziləri özlərinə xas tərzi ilə sənətdə ustadlıq zirvəsinə yüksəlmişlər və hər zaman zirvədəki yerlərini qoruyub saxlayırlar, hətta dünyalarını dəyişsələr belə…Ağasadıq Gəraybəyli kimi…

15 mart ustadın dünyaya gəldiyi gündür. O, xatirələrində göz açdığı günü belə xatırlayıb: “1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Oonşumuzun məsləhətilə Şamaxı zəlzələsindən sonra hələ 5 yaşında ikən yaşlı adamların nəzarəti ilə Bakıya gəldim. Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Qapını nurani ahıl bir kişi açıb nə istədiyimi soruşdu. Kimsəsiz olduğumu biləndə sevinə-sevinə məni evə apardı. Həmin gündən ailənin qaygısı ilə yaşadım.  Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim”.

Uşaqlıq illərini yaşamadan tez böyüyən, mürdikləşən və sənət fədailəri ilə bir araya gələn sənətkar ömrünün uşaqlıq dövrünə aid qısa tarixçəsi idi bu xatirə…

A.Gəraybəyli səhnəyə ilk dəfə 1911-12-ci illərdə çıxıb və ilk səhnə təəssüratı ilə də sənətə əbədi bağlanıb. Onun peşəkar səhnəyə gəlişi Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsindən(1921-1932) başlayır.

1933-cü ildən ömrünü Azərbaycan Dövlət Akademik Dram Teatrına bağlayır və son günlərinə qədər həmin teatrda çalşır.

Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı  kimi nəhəng şəxsiyyətlərlə bərabər çalışmaq, onlarla əməkdaşlıq etmək və ən ənəmlisi onların müasiri olmaq, təbii ki, Ağasadıq Gəraybəylinin ən böyük xoşbəxtliyi idi. Üzeyir bəyin xeyir-duası ilə sənətə gəlməsi, ilk gənclik dostu Cəfər Cabbarlının pyeslərində yaratdığı zəngin obrazlar silsiləsi isə özünə geniş tamaşaçı auditoriyası toplaması, hətta bir çox tamaşalardaa bir neçə obrazla səhnəyə çıxması onun aktyor kimi ən böyük uğuru idi. Ancaq bütün bunlara öz istedadı, qabiliyyəti sayəsində nail ola bilmişdi.

Ağasadıq Gəraybəyli Cəfər Cabbarlının bütün əsərlərinin iştirakçısı olub,  bu barədə deyirdi: “Həmyaş olduğumuz kimi səhnəyə də birgə gəldik. Mən bir aktyor, o isə dramaturq kimi. Cəfərin gəlişi teatrın repertuarına zənginlik gətirdi. Hər dəfə əsər gətirəndə teatrda bayram olurdu.  Bir neçəsini çıxmaq şərti ilə bütün pyeslərində çıxış etmişəm. Mənim bir aktyor kimi yetişməyimə Cəfər və onun əsərləri səbəb olmuşdur.”

70 illik sənət fəaliyyəti dövründə o, 200-dən çox rolda çıxış edib. Daha çox faciəli rollarda çıxış edən aktyoru gülüşsüz təsəvvür etmək mümkün deyil. Çünki o, daha çox komik səhnə obrazlarının mahir yaradıcı kimi şöhrət qazanmışdı.

Teatrla yanaşı kinodakı fəaliyyəti aktyorun tamaşaçı audiutoruyasını daha da genişləndirib. Onu ilk dəfə çəkiliş meydanına Cəfər Cabbarlı dəvət edir, səssiz “Sevil” filmində ona Balaş rolu tapşırılır. Aktyorun sonralar çəkildiyi “Ulduzlar sönmür”,  “Leyli və Məcnun”, “Fətəli xan”, “Poçt qutusu”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Bizim küçənin oğlanları”  filmləri kino tariximizin qızın fonduna daxil  edilib.

A.Gəraybəylinin rejissor Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” filmində oynadığı klub müdiri Ağabala və  “O olmasın, bu olsun” filmindəki Rüstəm bəy obrazları isə aktyorun yaradıcılığında xüsusi yer tutur.

“Bəxtiyar” musiqili filmində aktyorun  klub müdiri Ağabalanı mənfi obrazdan daha çox komik situasiyalarla təsvir etməsi filmin marağını daha da artırıb.

Maraqlı bir məqam isə ondan ibarətdir ki, aktyor saysız-hesabsız uğurlu rollar ifa etməsinə baxmayaraq, onun ən böyük sevinci Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılan  “O olmasın, bu olsun” musiqili komediyasındakı “Rüstəm bəy” rolu olub.

Saysız obrazlar silsiləsi və nəhayət ömrün son günləri…Aktyor səhnədə sonuncu rolu “Xurşudbanu Natəvan” əsərində qoca knyaz obrazını opynayır.

Aktyorun qızı Zemfira xanımın xatirələrindən: “Çox adam bilmirdi ki, o, sonuncu obrazı olan “Xurşudbanu Natəvan” pyesində səhnəyə çıxanda gözləri görmürdü. Rolunu elə oynamışdı ki, tamaşaçılar bunu hiss etməmişdi. Bu, əsl möcüzə idi. Onda atamın 92 yaşı vardı. Çətini teatra qədəm qoyana qədər idi. Sonradan öz intuisiyasının gücü ilə hər yeri tanıyır, harada pillələr olduğunu da bilirdi… Bu, atamın sənətə bağlılığı idi. O, əsl sənət fədaisi idi”.

92 illik qaynar səhnə həyatı aktyorun bütün fəxri titullara layiq görülməsinə yol açıb və sözün həqiqi mənasında həmin fəxri adlara layiq olub. Yaxşı ki, kino sənəti aktyorun bütün obrazlarını qoruyub saxlayır  və yaxşı ki, aktyoru hər dəfə filmləri vasitəsilə görür, üzümüzdə sevinc təbəssümü yaranır.

Bayramlar ayı olan mart ayında aktyoru 123 yaşında yenidən yada salır və yaddaşımıza həkk edirik…Əbədiyyətə qovuşmaqla ölməzliyi qazanmaq yəqin ki, elə budur…

Azərbaycan Kinematoqrafçılar İttifaqı