Əlimürsəl Hacızadənin ad gününə...
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Televiziyasının ali dərəcəli rejissoru Əlimürsəl Hacızadənin ad günüdür, 64 yaşı tamam olur.
Ə.Hacızadə 18 sentyabr 1957-ci ildə Sabirabad rayonunda anadan olub.
1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1982-ci ildə Azərbaycan Televiziya və Radio verilişləri kömitəsində əmək fəaliyyətinə başlayıb.
Rejissor 1984-cü ildə o dövr üçün çətin kompanentli sayılan, “Yeddi sual yeddi cavab”, “Aygün” qızlar üçün proqram, “Telekörpü” və bir çox verilişlər hazırlayıb. Gənc rejissorun həyatında ən önəmli hadisələrdən biri də məhz həmin ildə -1984-də baş verib. Bir qədər əvvələ qayıdaq.
1974-cü il…Baykal Amur Magistralının tikintisi ilə bağlı qərar qəbul edildikdə o zaman Sovet İttifaqının tərkibində olan Azəbaycandan da minlərlə gənc BAM-ın tikintisinə cəlb olunur. İqtisadi, siyasi və hərbi əhəmiyyət kəsb edən bu magistralın tikintisinə 10-il vaxt verilməsi və 1980- ci illərin ortasında təhvil verilməsi planlaşdırılırdı.
Azərbaycan SSR Nazirlər Sovetindən AzTV-yə belə bir göstəriş gəlmişdi ki, televiziyadan bir neçə nəfər mütləq BAM-a getməli və orada süjetlər çəkilməli, film hazırlanmalıdır. Həmin ərəfədə 23 yaşlı Ə.Hacızadə televiziyada rejissor assistenti işləyirdi və BAM-a gedənlərin sırasında yer almaq üçün rəhbərlikdən xahiş etmişdi.
Rejissor deyir ki, səfər mənim üçün göydəndüşmə oldu: “Beləcə, biz üç yoldaş ora yollandıq: Yusif Nəğməkar, AzTV-nin operatoru Gennadi Pastuşkov və mən. Pastuşkov yaşlı və çox təcrübəli bir insan idi. Ona görə də onunla getmək məndə özümə güvəni artırırdı. Yəni nəyisə bacarmasam, Pastuşkov kömək edə bilərdi. Bu səfər mənim ezamiyyət şəklində ilk işim olub. O vaxtlar ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi və bütün bu işlər onun kurasiyasında idi. O hər zaman istəyirdi ki, harada bir qlobal proyekt varsa, orada azərbaycanlılar da iştirak etsinlər. BAM böyük bir proyekt idi. Onu da deyim ki, BAM-a getmək elə də asan deyildi.
Gedən gün axşam saatlarında operatorumuz kameranı hazır vəziyyətə saldı. O zaman çəkilişləri lent kamerası ilə edirdilər, biz də özümüzlə 1500 metr uzunluğunda 16 mm-lik lent aparmışdıq. Pastuşkov bildirirdi ki, kamera həmin yerin şəraitinə uyğun olaraq yağlanmalı, saz vəziyyətə gətirilməlidir, çünki qaldığımız yerdə 50 dərəcəyə yaxın şaxta var”.
Çəkiliş heyəti BAM-da olarkən hər bir ailənin yaşayış şəraiti ilə maraqlanır və beləliklə də 18 gün orada qalırlar.
“BAM çox böyük layihə idi. Qışda insanlar Ulkanda səhər saat 10-dan günorta saat 1-2-yə qədər çox çətinliklə işləyirdilər. Adamın əli donur, hava tez qaralır və s. Çox çətin idi, ancaq qayıtmayıb orada qalanlar da çox oldu. Qurdular, yaratdılar və sonra da elə orada yaşamağa başladılar” deyir Əlimürsəl Hacızadə.
BAM-da qazandığı təcrübə rejissora sadəcə yaradıcı proseslərdə olan məqamları deyil, eyni zamanda həyatı, qurmağı, yaratmağı da öyrədir və yeni bir qüvvə ilə fəaliyyətə başlayır.
O, 1986-cı ildə Azərbaycanda ilk hərbi veriliş olan, “Cənub sərhədlərinin keşiyində” proqramının məsul rejissoru olub.
1987-ci il…Azərbaycan Televiziyasında sənaye, kənd təsərrüfatı verilişlərinə geniş verilirdi.
Rejissor qeyd edir ki, həmin ildə kənd zəhmətkeşləri haqqında süjetlər hazırlayırdıq: “Süjetlərin birini kənd zəhmətkeşlərinin necə istirahət etməsini həsr etmişdik. Çəkiliş vaxtı ulu öndər Heydər Əliyevin divarda olan şəklini də süjetə daxil etmişdim”.
HAŞİYƏ: Həmin il Sov.İKP MK-nın oktyabr plenumunda Heydər Əliyev Sov.İKP.MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa vermişdi.
Rejissorun Ulu öndərin şəklini verilişdə verməsi ona baha başa gəlib. Təzyiqlərə məruz qalıb, işdən qovulması ilə təhdit edilib, izahat yazması tələb olunub və bunların heç biri onu qorxutmayıb, sadəcə deyib ki, “Əcəb eləmişəm”.
Yaradıcı işlərdə bu kimi məqamlar sadəcə cəsarət istəyir və Əlimürsəl Hacızadə fəaliyyəti dövründə hər zaman sənət sevgisilə seçildiyi kimi, eyni zamanda cəsarətli və qorxmaz olması ilə də seçilib. Bu hadisədən iki il sonra-1989-cu ildə rejissor Şuşada açılan televiziyada fəaliyyət göstərib. Yaxın keçmiş olduğu üçün qeyd etmək lazımdır ki, 1988-1989-cu illər ölkədə gərginliklərin, çətinliklərin, problemlərin başladığı dövr kimi yadda qalır və belə bir vaxtda Şuşada çalışmaq o qədər də asan məsələ deyildi.
Ə.Hacızadə deyir ki, bütün bu çətinliklərə baxmayaraq Nazirlər Sovetinin qərarı, Azərbaycan Televiziyasının təşəbbüsü ilə Şuşada AzTV-nin redaksiyası kimi bir bölüm yaradıldı və biz də könüllü şəkildə, hətta növbəylə Şuşaya getdik. Ordakı ötürücü qüllədə studiya quruldu və biz canlı şəkildə efirə çıxırdıq. Bir saat efir vaxtımız var idi. Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası ilə proqrama başlayırdıq. Sadəcə xəbərləri təqdim edirdik, süjetlər hazırlayırdıq. Maraqlı məqamlardan biri də odur ki, Şuşada 17 məhlə var və hər məhlənin öz məscidi, öz hamamı, öz mətbəxi, hətta öz ənənəsi var”. Əlbəttə ki, bütün bunlar Şuşanın qədim bir tarixə malik olduğu kimi, özünəxas adət-ənənələrə də malik olduğunun bariz nümunəsidir.
Rejissor onu da qeyd edir ki, Şuşada Üzeyir bəyin ev muzeyindən olan son süjeti də biz çəkmişdik.
1991-ci ildə “Uşaq-Gənclik və maarifçilik” redaksiyasının baş rejissoru kimi çalışmağa başlayan rejissor, Azərbaycan müstəqillik qazandıqdan sonra “Azadlıq” meydanında keçirilən ilk hərbi paradın rejissoru olub.
Xatırladaq ki, Azərbaycanda ilk hərbi parad 9 oktyabr 1992-ci ildə Müdafiə Nazirliyinin yaradıldığı gündə keçirilib.
1994-cü ildə “Yurd” mübadilə redaksiyasını yaradan və baş rejissoru kimi fəaliyyətə başlayan Ə.Hacızadə, 1999-2006-cı illərdə “Space” telekanalında çalışıb. Həmin kanalda bir neçə yadda qalan verilişlərin, eyni zamanda “Hərb və sülh”, “Bu şəhərdə” “Şahidlər”, “Tam məxvi”, və “Space” telekanalı formatında doqquz seriyalı “SSSR-nin süqutu” filmlərinin rejissoru olub.
2006-cı ildə yenidən AzTV-yə qayıdan rejissor həmin ildən 2018-ci ilədək “Azərbaycan Respublikasına xidmət edirəm” hərbi verilişinin rejissoru olub. Rejissorun cəhbə bölgələrinin hər bir nöqtəsindən hazırladığı verilişlər məhz həmin illərə təsadüf edir.
Ə.Hacızadə rejissor kimi sadəcə Azərbaycanı qarış-qarış gəzməyib, eyni zamanda ölkədən kənarda da çəkilişlər aparıb ki, çəkiliş heyəti ilə çıxdığı səyahətlər, apardığı çəkilişlər onun yaradıcılığında böyük rol oynayıb.
2019-cu ildən Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Rejissor və operator işi” şöbəsinin müdiri vəzifəsində çalışan rejissor 10-a yaxın bədii-sənədli televiziya filmlər çəkib və bu çəkilişlər davam edir.
40 ilə yaxındır ki, yaradıcı fəaliyyətlə məşğul olan, bu illər ərzində bir-birindən maraqlı mövzularda proqramlar hazırlayan, filmlər çəkən və hələ görüləsi işlərin çox olduğunu deyən rejissoru ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
aki.az