Kino Evində Amil Amalın “Dəhlizdə” sənədli filmi nümayiş olundu
Sentyabrın 21-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində gənc rejissor Amil Amalın “Dəhlizdə” sənədli filmi nümayiş olunub. Chaikhana Media platformasının dəstəyi ilə çəkilən film teatr və kino aktyoru Rauf Şahsuvarova həsr olunub. Filmdə aktyorun 11 il əvvəl işlədiyi teatr mühitini tənqid etdiyinə görə işdən çıxarılması və hazırda inşaat sektorunda işləməsindən, həmçinin doğma vətəni Laçına getmək və orada teatr qurmaq arzusundan bəhs olunur.
İkinci sənədli filmi olan “Dəhlizdə”nin nümayişindən sonra rejissor Amil Amal və filmin qəhrəmanı Rauf Şahsuvarov izləyicilərin və tədbirin moderatoru Sevda Sultanovanın suallarını cavablandırıblar.
Kinoşünas Sevda Sultanova bildirib ki, son dönəmlərdə Azərbaycanda çəkilən sənədli filmlər heç bir forma axtarışının, materialın ekran həllinin olmaması baxımından televiziya verilişlərinə bənzəsə də, nümayiş olunan filmdə müəyyən forma axtarışları hiss olunur. Moderatorun “Filmdəki forma axtarışlarını, müəyyən vizual və siyasi eyhamları çəkilişdən öncə yoxsa, montaj prosesində düşünmüsünüz?” sualını rejissor belə cavablandırıb: “Bu, mənim ikinci sənədli filmim idi. Sizin də dediyiniz kimi, burda axtarışda idim. Hətta bəzi məqamlar var ki, onları tapa bilməmişəm. 13 saatdan artıq material çəkmişdim. Dediyiniz o formanı, eyhamları daha çox montaj prosesində tapdım. Rejissorluqdan daha çox, montaj rejissorluğunu da öz üzərimə götürdüm”.
“Dəhlizdə”nin qərhəmanı Rauf Şahsuvarov bildirib ki, o, filmdə heç bir yazılı ssenari ilə işləməyib: “Amil mənə bu təkliflə gələndə, tikintidə idim, çünki daha əvvəlki bir müsahibəmdə dediyim kimi, evdə dovşan yox, uşaq saxlayırıq. Biz bu filmdə səmimi şəkildə çalışdıq ki, nə var, o olsun. Montajda həmin fikrim itib, amma filmdə də demişəm ki, əslində, mən inqilabçı deyiləm və inqilabçıları da sevmirəm. Çünki inqilab dağıtmaqdır, mən isə yaradıcı adamları- yaratmağı sevirəm. Məndə etiraz da yoxdur, mən sadəcə gördüklərimi deyirəm. Müsahibələrimdə də demişəm ki, Azərbaycan teatrı 30 ildir payızını yaşayır. Bu gün bizim incəsənət aləmi çox ağır vəziyyətdədir. Bu 30 ildə bizim hansı tamaşamız getdi uğur qazandı? Bir haşiyəyə çıxım ki, mən keçmiş nazirliyi nəzərdə tuturam. İndikilərlə işim yoxdur hələ ki, çünki hələ bilmirəm necə işləyəcəklər. Məsələn, bizim Cənnət xanım Səlimovanın hazırladığı tamaşa ilə Antik Teatr festivalında mənim dostum İlqar Cahangir ən yaxşı aktyor mükafatı alıb. Belə nümunələr çox azdır, 30 ildə maksimum 10 dənə belə uğurlarımız olub”.
Rejissor Əli İsa Cabbarov filmlə bağlı çıxışında bildirib ki, əslində, qəhrəman Rauf Şahsuvarovun başına gələnlər faciə deyil: “Məncə, biz problemi bir az uydururuq. Bir tərəfdən baxanda, indi Rauf müəllim xoşbəxt bir insan olmalıdır. Çünki torpaqları azad olub, çünki şükür Allaha ki, sağlamlığı imkan verir ki, səhnəyə çıxsın. Azərbaycanda müəyyən səhnələr var ki, orada tamaşa göstərmək üçün Mədəniyyət Nazirliyindən icazə almamalısan. Və əgər adı çəkilən Hüseynağa müəllim (Hüseyanğa Atakişiyev nəzərdə tutulur- İ.A.L.) Sovet diktaturası vaxtı gedib, Almaniyada da göstərə biləcəyi, Sovet sistemində səs-küy sala biləcəyi tamaşalar qoya bilirdisə, deməli, nəzəri cəhətdən indi də bu imkan var. Əlbəttə, çox yaxşı olardı ki, yaxşı bir teatr Rauf müəllimi çağırıb, ona deyərdi ki, Rauf müəllim, yaxşı deyil, sizin kimi sənətkar tikintidə işləyir, gəlin burada işləyin. Heç gəlməyin, dincəlin, amma bu maaşı alın. Doğrudur, bu, yaxşı olardı, amma bu, böyük bir faciə deyil. Əksinə, sevinməyə dəyər ki, Rauf müəllimin torpağı azad olunub və ümid var ki, o, gedib öz torpağında səhnəyə çıxacaq. Yəni, şanslar hələ çoxdur”.
Əli İsa Cabbarovun iradına cavab olaraq müəllif bildirib ki, əslində, filmin sonunda dəhlizdəki işıq və qəhrəmanın qurban kəsərək, öz torpağına gedəcəyinə ümid bəsləməsi filmin pozitivliyindən xəbər verir.
Aktyor Rauf Şahsuvarov çıxışında Azərbaycan teatrlarındakı mövcud aktyor-rejissor-direktor münasibətlərinə də diqqət çəkib: “Gəlin biz ondan danışaq ki, bu gün Azərbaycan teatrlarında direktora rejissordan çox səlahiyyət verilir. Çünki direktorlar pul daşıyırlar. Baş rejissorları direktorlar qədər sayan yoxdur. Düzdür, mən indiki nazirliyi yox, yenə də deyirəm, əvvəlki nazirliyi nəzərdə tuturam (gülür-İ.A.L.), yaxşı, mövzudan kənara çıxmayım”.
Kinoşünas Aygün Aslanlı nümayişdən sonra bildirib ki, o, filmin bu qədər təsirli olacağını gözləmirmiş: “ Mən Rauf bəyi özümün də işlədiyim “Yol” filmindən tanıyıram. Rauf bəy orada erməni zabitini, digər aktyor isə azərbaycanlını oynayırdı. Rauf bəy öz ifası ilə o aktyoru elə geridə qoyurdu ki, hətta biz arxada onun oyununa baxanda, düşünürdük ki, necə edək? Çünki əksinə olmalı idi (gülür İ.A.L.). Təbii ki, Rauf bəyin oynadığı “Arzular bağı” tamaşasına da baxmışam və onun əla aktyor olduğunu görmüşəm. Ona görə də onun hekayəsini belə göstərdiyinə görə Amilə təşəkkür edirəm. Son vaxtlar baxdığım sənədli filmlər içərisində ən çox təsirləndiyim film bu oldu”.
Aktyor Qasım Nağı nitqində həmkarına onu tezliklə yeni rollarda görməyi arzulayıb: “Siz doğrudan da, maraqlı aktyorsunuz. Biz sizi Allahın sizə bəxş etdiyi bu möhtəşəmliklə səhnədə görmək istəyirik. Bu günləri ki, biz yaşayırıq, Allah bizə bu qələbəni ki, nəsib etdi, düşünürəm ki, az qalıb, teatrlar da açılacaq, mən sadəcə bu məclisdən təvəqqi edirəm ki, kim nə bacarırsa, etsin, qoy, Rauf bəy teatrda- teatr olmasın, kino olsun, biz indi Kino Evindəyik- əsas odur ki, Rauf bəy öz möhtəşəmliyini yaşasın, filmlərə çəkilsin. Rauf bəy, sizə arzum budur ki, başınız o qədər işinizə, aktyorluğa qarışsın ki, alnınızdan o qədər mübarək tər axsın ki, digər məsələlər heç yadınıza da düşməsin. Amma bilirəm ki, ləyaqətli aktyorun işsiz qalması çox çətindir”.
Qəhrəman Rauf Şahsuvarov “Daha əvvəl çəkildiyiniz “Yol” filmində yaratdığınız erməni obrazına Qarabağda döyüş təcrübənizdən nə isə qatmısınızmı?” sualını belə şərh edib: “Açığını deyim ki, mən Qarabağda döyüşəndə, erməni ilə üzbəüz gəlməmişəm. Mən o filmdə yalnız dublajdan narahat idim. Çünki Bakıda doğulan erməni bakılı, Gəncədə doğulan isə gəncəli kimi danışır. Onlar bizə qaynayıb-qarışmışdılar. Mən Rusiyada olanda oradakı ermənilərlə qarşılaşmışam. İnanın ki, Bakı deyəndə, onlar bəlkə də məndən çox sevinirlər. Mənim oynadığım “Yol” filmində oynadığım qəhrəman da Bakıda doğulmuş və məcbur döyüşən bir zabit idi. Doğrudur, mən demirəm xüsusi ali hisslərlə yaşayıram, amma məncə, Ermənistanda da məcbur döyüşürlər. Ona görə də çalışmışam ki, Bakıda doğulan, yaxşı qonşular görmüş, yəni, bizdən tərbiyə götürmüş bir ermənini canlandırım”.
“Yol” filminin rejissoru Fehruz Şəmiyev müəllif Amil Amalı təbrik edib: “Filmin qəribə və xaotik bir atmosferi var. Məsələn, mən finalı başqa bir yöndə gözləyirdim, amma buna rəğmən, gördüyüm final da maraqlı idi. Filmdə qarışıq montaj forması gördüm və buna görə də rejissoru təbrik edirəm. Məncə, filmdə müəyyən ab-hava alınıb”.
Yaşadığı ümidsizliklərə rəğmən, aktyor Rauf Şahsuvarov gələcək üçün ümidli olduğunu deyib: “Təbii ki, mən Laçına qayıdacam, at alacam(gülür- İ.A.L.), almasam da, indi yəqin ki, kimsə hədiyyə edəcək. Sizi də Laçında gözləyəcəm. Laçın Teatrının studiyası Laçında olacaq. Təbii ki, bu işlərin hamısını görəcəyik”.
Filmə münasibət bildirən tamaşaçıların çoxluğu onun uğurlu və təsirli olduğunu vurğulayıb, rejissoru təbrik ediblər. Tədbir filmin müzakirəsi ilə davam edib.
İzolda Ağayeva Lalə