Zəfərə gedən yol
Bu gün Azərbaycanımızda Zəfər Günüdür…
Bir il öncə 8 noyabr 2020-ci il tarixində Qarabağa qovuşduq və həmin gün tarix yazıldı .
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmriylə rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
II Qarabağ Müharibəsində Azərbaycan ordusunun qəhrəmanlıq şücəati nəticəsində işğalda olan torpaqlarımız öz azadlığına qovuşdu:
– 4 oktyabr Cəbrayıl
– 17 oktyabr Füzuli
– 20 oktyabr Zəngilan
– 25 oktyabr Qubadlı
– 8 noyabr Şuşa şəhəri.
Moskvada imzalanan üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) müqaviləyə əsasən, 10 noyabrda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılmasına qərar verildi. Qərardan sonra 2020-ci il 20 noyabrında Ağdam, 25 noyabrında Kəlbəcər, 1 dekabrda Laçın rayonları azad edildi.
30 illik həsrətə, Qarabağ münaqişəsinə müzəffər Azərbvaycan ordusunun gücüylə son qoyuldu.
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq etdi.
Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu, ərazi bütövlüyümüz təmin olundu.
Bəyanatdakı önəmli məqamlardan biri də ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam və şərsiz qələbəsinin əyani sübutudur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2900 nəfər hərbi qulluqçusu həlak olmuş, 19 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. İtkin düşənlərin tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci ildə Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı.
Sərəncamda deyilir ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Qan bahasına əldə olunan qələbəmizin bir ili tamam oldu. Bir il ərzində Dağlıq Qarabağda abadlaşma işlərinə start verildi. Qarabağımız yenidən qurulur, Qarabağımızda yeni həyat başlayır…Görüləcək işlər çoxdur, gözəl günlər bizi gözləyir.
Gözün aydın, Azərbaycan xalqı!
Zəfər bayramımız mübarək olsun!