Kino Evində azyaşlılar üçün animasiya filmləri nümayiş olundu

22 dekabrda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Qadın və uşaq sığınacağı”-nın sakinləri Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evinin qonağı oldular. Yeni ildə sevgiyə möhtac bu uşaqları sevindirmək məqsədilə təşkil edilən tədbirdə 7-15 yaş arası uşaqlar iştirak edib.

Uşaqlar üçün  “Tıq-tıq xanım Qobustanda” ( rej. S. Abbasbəyli), “Qar kürəsi” ( rej S. Quliyeva) və “Başlanğıc” ( rej . V Behbudov) animasiya filmləri nümayiş olunub.

Kino Məktəbinin tələbəsi, rejissor Ülviyyə Əhmədovanın moderatorluğu ilə keçən tədbirdə maraqlı anlar yaşanıb. Belə ki, filmlərin nümayişindən sonra uşaqlar filmlər üzərində müzakirə aparmaqla yanaşı, yeni il arzularını da bildiriblər. Ən çox bəyəndikləri “Tıq-tıq xanım” və “Başlanğıc” animasiyası olub və çoxu etiraf edib ki, ilk dəfədir böyük ekranda animasiya izləmək sevincini yaşayır.

Qeyd edək ki, uşaqların animasiya ilə bağlı təsəvvürləri o qədər çox olmasa da, önəmli olan onların həssas duyğularının təmin olunması idi. Bu duyğuların nəticəsi idi ki, həmin uşaqlar öz arzularını da dilə gətirməkdən çəkinməyiblər.

2 saata yaxın davam edən tədbirin sonunda uşaqlar öz yeni il arzularını dilə gətiriblər. Onların arzuları maraqlı olduğu qədər də, təsirli idi.

Dünyanı səyahət etmək istəyən, Qarabağı görmək istəyən, hamının mehriban şəraitdə yaşamasını və ən təsirlisi valideynlərini arzulayanlar da var idi…

Tədbirin sonunda uşaqlara yeni  il hədiyyələri təqdim olundu.

Azərbaycan Kinematoqrafçılar İttifaqı uşaqlarda kino tamaşaçısı vərdişlərini aşılamaq, yeni nəsil tamaşaçı formalaşdırmaq  və korporativ sosial məsuliyyət nəzərindən bu tipli tədbirləri ardıcıl keçrimək niyyətindədir.

Xatırladaq ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29.09.2006-cı il tarixdən dövlət qeydiyyatıdan keçmiş “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi ölkəmizdə 1998 -ci ildən etibarən fəaliyyət göstərir. Birlik qаdınlаrın hüquq və аzаdlıqlаrını qоrumaq, onların bаcаrıq və qаbiliyyətlərinin inkişаfı istiqamətində dövlət və qeyri dövlət qurumları ilə uğurlu əməkdaşlıq həyata keçirir.

aki.az