Xalqı qələbəyə aparan lider

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin anadan olduğu gündür, 60 yaşı tamam olur…

HAŞİYƏ: İlham Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olub.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.

1982-1985-ci illərdə həmin institutun aspiranturasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunub

15 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci ildə ikinci dəfə, 2013-cü ildə növbəti dəfə, 2018-ci ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz dinamik inkişaf dövrünə qədəm qoymuş, bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yolunda qəti addımlarla irəliləməkdədir. Bu illər ərzində Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxdı. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət verdi, Davos Forumunun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəldi.

Ən önəmlisi isə 30 ildir işğal altında qalan Dağlıq Qarabağ torpaqları  uğrunda gedən mübarizəyə son verildi, torpaqlarımız Ali Baş Komandanın əmri, güclü iradəsi və siyasi gücüylə,  Azərbaycan Ordusunun şücaəti nəticəsində 44 günlük müharibədə qələbə qazanaraq dünya ölkələrinə örnək müharibə nümunəsi göstərdi. Bütün bunlar hamısı İlham Əliyevin prezidentliyi dövründə gördüyü işlərin sadəcə bir qismidir. Qarşıda onun qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycanımızın necə bir inkişaf yolunu keçəcəyinin də şahidi olacağıq.

Ölkə Prezidentinin bütün sahələri əhatə edən, dövlətimizin daha da möhkəmləndirilməsi, xalqımızın rifahının təmin edilməsi istiqamətində həyata keçirdiyi islahatlar öz müsbət və səmərəli nəticələrini verməkdədir. Bu sahələr sırasında Azərbaycan kinosu da özünəlayiq yeri tutur.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd edilməsi prosesi, onun mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İlham Əiyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı Azərbaycan milli kinosunun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verdi.

“Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” kino tariximiz üçün mühüm əhəmiyyət kəsb edir və ilk genişmiqyaslı önəmli sənəddir.

Qeyd edək ki, proqram çərçivəsində ötən dövr ərzində kino müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, Dövlət Film Fondu üçün ən müasir texnoloji avadanlıqlara malik yeni bina inşa edilmiş və Nizami Kino Mərkəzi dünya standartları səviyyəsində yenidən qurulmuşdur. Bundan başqa, dövlət sifarişi ilə film istehsalı təkmilləşdirilmiş, müxtəlif layihələr gerçəkləşdirilmişdir.

Dövlət sifarişi və maliyyə yardımı ilə dövlət və özəl studiyalarda 300-dən artıq film çəkilmiş, istehsal edilən çox sayda ekran əsərləri beynəlxalq film festivallarında müxtəlif mükafatlara layiq görülmüşdür. Eyni zamanda, özəl kino sektoru tərəfindən istehsal olunan filmlərin sayının və film çəkilişinə özəl vəsait qoyuluşunun həcmi artmışdır. Artıq Azərbaycan filmləri beynəlxalq festivallarda nümayiş olunur ki, bu da mədəniyyət tariximizdə çox əhəmiyyətli hadisə hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazır və illər keçəcək tarix onu yazmaqda davam edəcək. Onun uzaqgörən siyasəti, sərkərdəlik məharəti, qorxmazlığı, cəsarəti nəsildən nəslə keçəcək, dillərdə dastan olacaq…

Cənab Prezident Sizi 60 illik yubileyiniz münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqı adından səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq!

aki.az