Azərbaycanlı qəhrəman Britaniya kinematoqrafçılarının fokusunda

28 fevral 2022-ci tarixində Nizami Kino Mərkəzində Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin təqdimatı olacaq.

1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edən filmin təqdimatında yaradıcı heyətlə birlikdə Natiq Qasımovun ailəsi də iştirak edəcək.

Filmin ssenari müəllifi və rejissoru Karan Sinq araşdırmaya üç il vaxt sərf edib və həmin müddətdə Azərbaycan, İtaliya, Böyük Britaniya, Rusiya və Ermənistanda şahidlərlə danışıqlar aparıb.

HAŞİYƏ: Natiq Səlim oğlu Qasımov 2 yanvar  1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində dünyaya göz açıb. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, “Kosmos” kinoteatrında kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolu keçən N.Qasımov, 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qaldıqdan sonra könüllü olaraq Vətənin müdafiəsinə yollanır. “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib. Az bir vaxtda səmimiyyəti, vətənpərvərliyi ilə döyüş yoldaşlarının hörmət və rəğbətini qazanıb.

26 fevral 1992-ci ildə baş verən Xocalı faciəsi Natiqin sonrakı həyatının başlanğıcı olur. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilmir. Bunu faciədən bir neçə gün sonra, onun valideynlərinə ünvanladığı məktublar da təsdiq edir: “Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm”.

Natiq Qasımov Birinci Qarabağ müharibəsi zamanı beş gün təkbaşına mühasirədə qalaraq ermənilərə müqavimət göstərib. Görəndə ki, ermənilər onu 22 Xocalı sakinini öldürəcəkləri ilə təhdid edirlər, o zaman silahı ataraq, sığındığı alban kilsəsindən çıxaraq təslim olub. Ancaq son ana qədər əlindəki Azərbaycan bayrağını ermənilərə verməyib.

Qeyd edək ki, itkin düşmüş hərbi əsir Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Natiq Qasımovun ailəsi onun sağ olduğuna və qayıdacağına inanır.

Filmin görüntü rejissoru Simon Stanforddur. 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.

Natiq Qasımov əlində Azərbaycan bayrağı ilə əsir düşməsinə baxmayaraq məğrur duruşu ilə çəkildiyi bu son foto ilə yadda qaldı.

Rus jurnalistinin lentə aldığı həmin şəkildə Natiq Qasımov erməni yaraqlılarının müşayiəti ilə bayrağı aparır. Şəkil keçmiş SSRİ-nin “Oqonyok” jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun “Qorxu” sərlövhəli məqaləsindəndir.

2017-ci ildə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq “Natiq Qasımov” sənədli filmi də çəkilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğludur.

Xatırladaq ki, “Nİzami” Kino Mərkəzində təqdimatı keçiriləcək “Oğul” sənədli filminə giriş dəvətnamə ilədir.

Aki.az

 

.