Rəna Səlimova – 75

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Rəna Səlimovanın yubiley yaşı tamam olur.

R.Səlimova 8 mart 1947-ci ildə Bakı şəhərində anadan olub.Xoreoqrafiya Məktəbində təhsil alıb. Həmin illərdə də kino üçün kəşf edilib və filmlərə dəvət alıb.

“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə oynayıb. “Cazibə qüvvəsi”(1964) və “Sən niyə susursan”(1966) filmində əsas rollarda, “Nəsimi”(1973), “Şir evdən getdi”(1977), “Alma almaya bənzər(1975), “Mezozoy əhvalatı”(1976) və s. filmlərdə isə epizodik rollar oynayıb.

1964-cü il…“Cazibə qüvvəsi” filminin sınaq çəkilişlərinə start verilmiş və həmişə olduğu kimi bu dəfə də yaradıcı heyətin əsas fikri baş qəhrəmanın seçiminə yönəlmişdi. Filmin quruluşçu rejissoru Həsən Seyidbəyli sınaq çəkilişlərinə qatılan aktyorların ifasını seyr etsə də, qəti qərar verməkdə çətinlik çəkirdi. Çünki o, baş qəhrəmanı, daha doğrusu, qəhrəmanları bir qədər fərqli təsəvvür edirdi. Aktyor seçimi zamanı Xoreoqrafiya məktəbinin bir neçə tələbəsi də sınağa dəvət olunur. Onlar arasında Rəna Səlimovanın görünüşü diqqətdən yayınmır və rejissor həmin tələbəni çəkiliş meydançasına gətirir.
R.Səlimova deyir ki, kinoya gəlişində Həsən Seyidbəylinin rolu böyükdür: “Yaxşı yadımdadır, “Cazibə qüvvəsi” filmində baş qəhrəman roluna onlarla ifaçı sınaqdan keçirildi. Məni təhsil aldığım Xoreoqrafiya məktəbində görüb bəyəndilər, eyni zamanda da sınaqsız olaraq baş rola təsdiq etdilər. Sonradan bildim ki, Həsən Seyidbəyli qəhrəmanının oxşarını tapdığı üçün qəti qərar qəbul etmişdi. Hələ də unutmuram, rejissor məni görən kimi həyəcanla “nəhayət ki, axtardığımızı tapdıq” dedi”.

İlk çəkiliş həyəcanı, peşəkarların əhatəsində filmə çəkilmək, çəkiliş meydançasının məsuliyyəti və s. məqamlar onun üçün bir yenilik idi: “Ssenariyə əsasən Gülbəniz kənddə yaşayır. Günlərin birində onların kəndinə bir qrup idman ustası gəlir və onlar dağların başında atılıb-düşən, ora-bura qaçan qızı görürlər. Qızı görən kimi də belə qərara gəlirlər ki, Gülbənizdən yaxşı idmançı çıxar. Belə olur. Vaxt gəlir ki, Gülbəniz həmin mütəxəssislər tərəfindən çempion kimi yetişdirilir”.

R.Səlimova Həsən Seyidbəylinin 1966-cı ildə quruluş verdiyi “Sən, niyə susursan?” filmində də baş rolda, “Nəsimi” filmində isə rəqqasə rolunda çəkilib.

Kinoda kifayət qədər peşəkarlıq qazanan aktrisa bu sənətdə əbədi qalmaqla müxtəlif obrazlarda çıxış edə bilərdi, ancaq sonrakı proseslərdə onun aldığı dəvətlər qənaətbəxş olmadığı üçün aktrisa kinodan uzaqlaşıb. Hətta elə hallar olub ki, o çəkildiyi baş roldan belə imtina edib.

Onun kinoda uğursuzluqları da olub. Ancaq onun uğursuzluğu faciəli bir hadisə ilə əlaqədar baş verib.
1967-ci il…”Mən ki, gözəl deyildim” filminin yaradıcı heyəti formalaşmış, çəkiliş məkanları belə müəyyənləşdirilmişdi. Ramiz Əsgərovun quruluş verdiyi filmin yaradıcı heyətində maraqlı simalar çoxluq təşkil edirdi. Filmdə əsas rola-Səidə obrazına isə Rəna Səlimova təsdiq olunmuşdu. Filmin çəkiliş prosesinin ilk günü pirotexniklərin səhlənkarlığı ucbatından eyni gündə dörd nəfər dünyasını dəyişib.  Partlayış səhnəsində Ramiz Əsgərov və yaradıcı heyətin üç üzvü faciəli surətdə həlak olublar. Sonrakı prosesdə filmin rejissor işi Tofiq Tağızadəyə həvalə edilir. Rejisor Səidə roluna Xuraman Qasımovanı təsdiq edir.

Rəna xanım deyir ki, “Mən ki, gözəl deyildim” filmi Ramiz Əsgərovun quruluşunda, sözsüz ki, tamam fərqli bir film olacaqdı: “Bu fikrimlə heç də Tofiq Tağızadənin filminə zəif damğası vurmaq fikrində deyiləm. Ancaq mənim Səidəm tamam başqa idi, o elə mənim özüm idi”.

Bu uğursuzluqla barışdığı bir vaxtda “Dağlarda döyüş” filminə dəvət olunan aktrisa cəmi 15 gün çəkilişə qatılıb, sonra isə çəkiliş prosesindən imtina edib: “Doğrusunu deyim ki, eynilik məni bezdirdiyi üçün çəkilişdən imtina etdim. Ancaq “Nəsimi” filmindəki rəqqasə rolu, eləcə də “Şir evdən getdi” filmindəki rolum epizodik olmalarına baxmayaraq, fərqli rollar olduğu üçün böyük maraqla ifa etdim”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından kinomuzun ən qaynar dövründə ustad rejissorlarla işləyən, görkəmli sənətkarların əhatəsində müxtəlif səpgili rollara imza atan dəyərli aktrisamız Rəna Səlimovanı yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və yeni rollar arzulayırıq!

aki.az

 

 

 

 

 

 

 

 

 

.