Rüstəm İbrahimbəyovun vəfatı Gürcüstanda da kədər hissilə qarşılanıb

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vəfatı sadəcə Azərbaycanda deyil, eyni zamanda Rusiyada, Gürcüstanda da eyni kədər hissilə qarşılanıb.

Tbilisidəki A.S.Qriboyedov adına Akademik Rus Dram Teatrının ədəbi hissə müdiri Nino Zardalişvili özünün facebook səhifəsində yazır ki, görkəmli kino və mədəniyyət xadimi, böyük yazıçı və ssenarist Rüstəm İbrahimbəyovun ölümü təkcə Azərbaycan xalqı üçün yox, bizim üçün də böyük itkidir. Biz gürcü xalqının böyük dostuna, Gürcüstanı hər zaman səmimi qəlbdən sevmiş insana yas tuturuq: “R.İbrahimbəyov bir dəfə dedi: “Mən hər şeyi edəcəyəm ki, Azərbaycan və Gürcüstan daha sıx ünsiyyət qursun və dost olsun. Bunu sizə söz verirəm”. Rüstəm İbrahimbəyov verdiyi vədi yerinə yetirdi. Bütün ömrü boyu o, ölkələrimizi birləşdirən güclü mədəni bəndlərdən biri olub və bu, istənilən Dövlət müqaviləsindən daha möhkəm və etibarlıdır. Biz də ona məhəbbət sevgimizi izhar edirik”.

N.Zardalişvili R.İbrahimbəyovla bağlı xatirələrini bölüşüb, böyük dramaturqun yaradıcılıq yoluna nəzər salaraq bildirib ki, R.İbrahimbəyov 40-dan çox bədii və televiziya filminin ssenari müəllifi olub. Demək olar ki, onun bütün əsərləri ekranlaşdırılıb.

Gürcüstanın görkəmli kinossenaristi Suliko Jqentinin ailəsi də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vəfatından kədərləndiyini bildirib və ailəsinə başsağlığı verib.

Başsağlığı mətnində deyilir: “Bizim Rüstəm İbrahimbəyov getdi…

Böyük insan, humanist, gürcü mədəniyyətinin sədaqətli dostu və bilicisi.

Onun ürəyi Azərbaycana, adı isə ədəbiyyat, kino və dramaturgiya olan incəsənətə mənsub idi. Rüstəm İbrahimbəyov öz yaradıcı düşüncəsi ilə Şərq mədəniyyəti adamı idi, eyni zamanda o, ümumi Avropa mədəniyyətinin nümayəndəsi və maarifçisi idi. O, köhnə şərq silah ustaları kimi öz əsərlərinə, ləyaqət, səmimi və ehtiramla yanaşırdı.

Dahi Rüstəm İbrahimbəyovun xatirəsini əziz tutaraq ona rəhmət diləyirik!  Sizinlə birlikdə kədərlənirik!

Kinossenarist Suliko Jqenti ailəsi

Tbilisi 2022

aki.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.