Mədəniyyət Nazirliyinin elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək-2022” layihə müsabiqəsi başa çatıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Tammetrajlı bədii film layihələrinə dəstək-2022” layihə müsabiqəsinə yekun vurulub.
Xatırladaq ki, müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə keçirilib.
Nazirliyin saytından əldə etdiyimiz məlumata görə, 2021-ci ilin dekabr ayında elan edilən müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilmiş, münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə – “Pitçinq” mərhələsinə buraxılmışdır.
18 mart 2022-ci il tarixində Dövlət Film Fondunda “Pitçinq” mərhələsi təşkil olunub. Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsi ilə canlı yayımlanan “Pitçinq”də müəlliflər tərəfindən layihələrin təqdimatı həyata keçirilib. İştirakçılar layihələrini açıq “Pitçinq”də müdafiə ediblər. Bu mərhələdə Münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə (“Qıfıl” və “Ölü Həsən” layihələrinin istehsalına, digər beş layihəyə isə “proyektin inkişafına” görə) müəyyən edilmiş məbləğdə dəstək göstərilməsi qərara alınıb.
Yeri gəlmişkən, son onilliklərdə Mədəniyyət Nazirliyi ilk dəfədir ki, layihələrin inkişafı mərhələsinə pul ayırır.
Müsabiqənin Münsiflər heyətinin tərkibi aşağıdakılardır:
Münsiflər heyətinin sədri: Oleq Səfərəliyev
Münsiflər heyətinin üzvləri: İlqar Fəhmi, Mehriban Ələkbərzadə, Asif Rüstəmov, Şamil Süleymanov, Nadir Əliyev, Hacıbala Səfərov.
Qalib layihələrin siyahısını təqdim edirik:
№ | Layihənin adı | Təqdim edən şirkət |
1. | “Ata və oğullar” | “Buta Film” MMC |
2. | “Əlvida, noyabr” | “Ultra Production” |
3. | “Qıfıl” | “Nova Gorica” Kino Mərkəzi MMC |
4. | “Mavi sviterli adam” | “Mandarin Agency” Co |
5. | “Müqəddəs inək” | “Narimanfilm” MMC |
6. | “Ölü Həsən” | “Ultra Production” |
7. | “Uçurum” | “Cinemedia” MMC |