SSRİ Dövlət mükafatı laureatı olan yeganə Azərbaycan filmi
Xalq yazıçısı, ssenarist, dramaturq Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsində növbəti filmimiz 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “İstintaq”dır.
Rüstəm İbrahimbəyovun eyni adlı pyesi üzrə ssenari yazdığı, Rasim Ocaqovun quruluş verdiyi filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. O dövr üçün SSRİ-nin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək o qədər də asan məsələ deyildi, hətta risq tələb edirdi. Filmin müəllifləri bütün risqləri göz önünə alıblar.
RASİM OCAQOV FİLMDƏN ƏVVƏL EYNİ ADLI PYESİ TAMAŞAYA HAZIRLAYIB
“İstintaq” filmi Rasim Ocaqovun rejissor kimi quruluş verdiyi 4-cü filmdir. Bundan əvvəl isə o, “Qatır Məmməd”(1974), “Tütək səsi”(1975), “Ad günü”(1977) filmlərinə quruluş verib. Rejissor “İstintaq” filmini çəkməmişdən əvvəl eyni adlı pyesi Azərbaycan Dövlət Akademik Milli Dram teatrında səhnələşdirib.
R.Ocaqov bu barədə danışarkən deyirdi ki, səhnə tamaşaçılarla bilavasitə ünsiyyətdə olmaq imkanı verdiyi üçün məni həmişə cəlb edirdi və pyesi tamaşaya qoyarkən mən bunu bir daha yəqin etdim: “Bildiyiniz kimi, bu filmdən əvvəl Rüstəm İbrahimbəyovla birgə “Ad günü” filmini çəkmişdik. Sonra fikirləşdik ki, kəskin süjet xəttinə malik olan bir ssenari hazırlayaraq onu film şəklində lentə alaq. Çünki o illər çox gərgin illər idi. Buna görə də baş verən gərginliklər haqqında məlumat verməyi özümüzə borc bilirdik. Rüstəm pyesi yazıb bitirdikdən sonra ilk öncə onu Milli Dram Teatrında tamaşa şəklində hazırlayıb tamaşaçıların baxışına təqdim etdim. Sonra isə film şəklində çəkdik. Filmin çəkilişlərinə 1978-ci ildə başladıq. Qeyd etmək istərdim ki, publisistik dram janrında çəkdiyimiz “İstintaq” filmi ölkəmizdə mafiyanın mövcudluğu, onun qurbanları, mafiyaya qarşı tək-tək adamların uğursuz və çətin mübarizəsi haqqındadır. Əlbəttə ki, hazırda ölkəmizdə demokratikləşmə tədricən həyat normasına çevrildiyi bir vaxtda bu filmə çox sakitcə baxılır. Ancaq 1978-ci ildə, adına “durğunluq” dediyimiz o dövrün ən qatı vaxtında biz o filmi çəkə-çəkə bir çox epizodların, replikaların senzuradan keçəcəyinə qətiyyən ümid bəsləmirdik”.
RASİM OCAQOV: HƏSƏN MƏMMƏDOVU SEYFİ ROLUNA TƏSDİQ ETMƏYƏ HAZIRLAŞDIĞIM BİR VAXTDA FİKRİMİ DƏYİŞMƏLİ OLDUM
Filmin hazırlıq işlərinin başlama ərəfəsində müəllifləri ilk öncə düşündürən hər rola uyğun aktyor ansamblının düzgün seçilməsi məsələsi idi. Əsas qəhrəmanlar olan Murad və Seyfi obrazlarının sınaq çəkilişlərinə bir çox aktyorlar dəvət olunub. Həmin aktyorların arasında Həsən Məmmədov da olub. Deməli sınaq çəkilişlərinin son məqamlarında rejissor ssenaristlə bu qərara gəlir ki, Seyfi obrazına Həsən Məmmədovu, Murad obrazına isə rolun sınaq çəkilişlərinə
qatılan aktyorlardan birini təsdiq etsinlər. Ancaq birdən hər şey əks istiqamətdə cərəyan etməyə başlayır.
Rasim Ocaqovun xatirlərindən: “Təsəvvür edin ki, Həsən Məmmədovu Seyfi roluna təsdiq etməyə hazırlaşdığım bir məqamda fikrimi dəyişməli oldum. Bunun da səbəbi o idi ki, elə həmin ərəfələrdə Kino Evində Nikita Mixalkovun “Pianino üçün bitməyən pyes” (“Неоконченная пьеса для механического пианино”) filminə baxdım. Filmi də, filmdə iştirak edən Aleksandr Kalyaginin ifa tərzini də çox bəyəndim. Rüstəmlə məsləhətləşdim ki, Seyfi obrazına çəkilmək üçün Kalyaginlə danışaq. Kalyaginlə görüşdük, fikrimizi bildirdikdən sonra ssenarini ona təqdim etdik. O, ssenarini diqqətlə oxudu və çox bəyəndiyini bildirdi. Sonra isə qeyd etdi ki, hazırda işlərimlə əlaqədar olaraq çox məşğulam, çalışın çəkiliş vaxtlarını elə təyin edin ki, hər iki tərəf üçün də əlverişli olsun. O vaxt Kalyagin MXAT-da çalışırdı. Razılaşdıq və geriyə döndük. Geriyə döndüyümüz zaman ilk işimiz ondan ibarət oldu ki, filmin çəkilişində iştirak edəcək aktyorların siyahısını tam yəqinliklə təyin edib onu Bədii Şuranın ixtiyarına təqdim edək”.
Yeri gəlmişkən, Rasim Ocaqov bir rejissor olaraq çəkdiyi filmlərə daima kənar studiyalardan aktyor dəvət edib. “Tütək səsi”ndə Cəbrayıl obrazının ifaçısı Mixay Volontiri, “Ad günü”ndə Əli obrazının ifaçısı David Urlisaşvilini misal göstərmək olar. Və hər dəfə də rejissor kənar müdaxilələrə, yersiz söz-söhbətlərə rast gəlib. “İstinaq” filminin çəkilişində də rejissorun Kalyagini Seyfi roluna dəvət etməsi yenidən qısqanclıqlara səbəb olub.
Rasim Ocaqov bu duruma da öz münasibətini bildirib: “Quruluş verdiyim filmlərə aktyor seçərkən onun hansı dinə, hansı millətə mənsub olması ilə maraqlanmıram. Mənim üçün əsas olan odur ki, aktyor sınağında iştirak etdiyi obraza yarayır, yoxsa yox, rolun öhdəsindən necə gələcək, məni öz ifası ilə qane edirmi və s. Bir də əgər filmi “Azərbaycanfilm” kinostudiyası istehsal edirsə, onda fərqi nədir ki, həmin filmdə Urlisaşvili, Məmmədov, ya da Kalyagin iştirak edir. Təki film yaxşı alınsın. Bu baxımdan mən internasionalam”.
KALYAGİNƏ GÖRƏ ÇƏKİLİŞİN BİR HİSSƏSİ MOSKVADA LENTƏ ALINDI
Filmin çəkilişi çox çətinliklə alınırdı. Buna da səbəb daha çox Aleksandr Kalyaginin vaxtlı-vaxtında çəkilişdə iştirak etməməsi olurdu. Belə ki, hələ filmə dəvət aldığı zaman rejissorla şərt əsasında Seyfi roluna çəkilməyə razılıq verən Kalyagin işinin çoxluğundan istirahət nə olduğunu belə bilmirdi.
Rejissor deyirdi ki, filmi çox əziyyətlər bahasına çəkirdik: “Kalyaginin iştirak etdiyi kadrlar onun iş çoxluğu ilə bağlı çətin başa gəlirdi. Hətta elə vaxt olurdu ki, Kalyagin səhər saat 8-də Bakıya gəlir, günorta saat 2-yə kimi çəkilişdə iştirak edir, saat 3-də isə yenidən Moskvaya yola düşür və təbii öz işlərinin ardınca gedirdi. Bu çətin iş rejimində çəkiliş qrupu nə qədər çox əziyyət çəkirdisə, Kalyagin də aktyor kimi bir o qədər çətinliklərlə qarşılaşmalı olurdu. Əlbəttə ki, biz çalışırdıq çəkiliş vaxtını elə təyin edək ki, o, vaxt tapıb iştirak edə bilsin. Hətta elə olurdu ki, Kalyaginə görə Moskvaya yola düşür, bəzi çəkilişləri-kamerada Seyfi ilə Murad arasında gedən söhbət kadrını orada çəkəsi olurduq. Təsəvvür edin ki, Moskvada olarkən də Kalyagin çətin iş rejimi ilə çalışırdı. Səhər saat 11-də çalışdığı teatrda məşqə gedirdi, günorta 2-nin yarısında məşqini bitirib çəkilişə gəlirdi, 7-yə qədər çəkilişdə olurdu, sonra gedirdi çalışdığı teatrın və təbii ki, özünün də iştirakı ilə təqdim olunan tamaşada iştirak edirdi, axşam saat 11-də tamaşa bitirdi, ordan da gəlirdi çəkilişə və səhərə qədər çəkilişdə olurdu. Bu aktyorun dözümü, gərgin iş rejimində çalışması, aktyor məharəti məni valeh edirdi”.
Qeyd edək ki, filmdə aktyorların əksəriyyəti öz səsi ilə obrazı səsləndirsə də, Aleksandr Kalyaginin səsinə, ifasına uyğun aktyoru tapmaq bir az vaxt aparıb. Son məqamda Səməndər Rzayevin səsləndirməsinə qərar verilib.
Rejissor deyirdi ki, rəhmətlik aktyor kimi qüdrətli olduğu kimi, dublyajda da əvəzsiz idi: “Səsləndirmə işləri bitdikdən sonra filmə ilk dəfə baxarkən doğru qərar verdiyimizi anladıq. Çünki Səməndər Rzayevin səsi Kalyaginin ifasını daha da dolğun şəklə salmışdı”.
Qeyd etdiyimiz kimi 60-cı illərdə ölkəmizdə baş vermiş hadisələr ətrafında cərəyan edən filmdə mafiyanın varlığından bəhs etmək böyük risq idi.
Rasim müəllim deyirdi ki, filmin çəkilişi ərəfəsində mane olan qüvvələr var idi ki, onlar da hər cəhdlə çəkilişə qarşı çıxırdılar, hətta film istehsalata buraxılmamışdan əvvəl təzyiqlərə məruz qalmışdı: “Əvvəllər belə bir qayda var idi. Film hazır olduqdan sonra öncə “Azərbaycanfilm kinostudiyasının nəzdində fəaliyyət göstərən Bədii Şuranın sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının, daha sonra isə Mərkəzi Komitənin baxışına təqdim edilirdi. Hər üç tərəfin razılaşmasından sonra film Moskvada fəaliyyət göstərən Bədii Şuranın ixtiyarına verilirdi.
Film Bədii Şura və Kinematoqrafçılar İttifaqı tərəfindən qəbul edilsə də Mərkəzi Komitənin bir qrup məsul vəzifədə olan şəxsləri tərəfindən narazılığa səbəb oldu. Bu söhbətlər zamanı yalnız danışıqlara qulaq asan Mərkəzi Komitənin rəhbəri Heydər Əliyev idi və təbii ki, o susurdu. Rəhbər vəzifədə olanlardan biri hətta “necə olur müstəntiq işləyən bir şəxs uşağına təzə ayaqqabı almaq üçün 5-10 manat pul tapmır ki, köhnə ayaqqabını təmirə verir” deyə öz iradını da bildirdi. Son söz Heydər Əliyevin oldu. O, filmi bəyəndiyini qeyd etdi. Hətta həmkarlarına da öz iradını bildirirərək “mən sizinlə razı deyiləm, filmdə vacib olan bir mövzuya toxunulur və lap vaxtında çəkilib”.
HEYDƏR ƏLİYEV: “İSTİNTAQ” FİLMİ KORRUPSİYAYA QARŞI APARDIĞIM MÜBARİZƏNİN BƏDİİ TƏCƏSSÜMÜ İDİ
Filmin çəkilişi zamanı Azərbaycan KR MK-nın I katibi Heydər Əliyev idi. Ulu öndərin filmlə bağlı dediklərindən: “Bu filmə bir neçə dəfə baxılmış və hər dəfə də narazılıqlara səbəb olmuşdur. Buna görə də mən filmə baxmaq üçün kollektiv baxış təşkil etdim. Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin-korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar (Rüstəm İbrahimbəyovla, Rasim Ocaqov nəzərdə tutulur) bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və “İstintaq” filmi böyük şöhrət qazandı. Yadımdadır, film Düşənbə festivalında Baş mükafata, sonra isə SSRİ Dövlət mükafatına layiq görüldü”.
Azərbaycanda film nə qədər çox təzyiqlərə məruz qalsa da, son anda ölkə başçısının razılığı, filmi yüksək səviyyədə qəbul etməsi hər şeyi öz yoluna qoyub.
MOSKVA FİLMİN BİR ÇOX KADRLARININ YENİDƏN ÇƏKİLMƏSİNİ TƏLƏB ETDİ
Film Moskvaya təhvil verilərkən növbəti təzyiqlərlə qarşılaşır. Filmin ssenarist, rejissor işinin, eləcə də aktyor oyununun peşəkar səviyyədə olduğunu xüsusilə vurğulayan Bədii Şura üzvləri son məqamda “Sovetlər ölkəsinə belə bir film yaraşmaz” fikrini önə çəkirlər.
R.Ocaqovun dediklərindən: “Moskvada dedilər ki, SSRİ məkanında belə bir film nümayiş etdirməklə yaşadığımız firavan dövrə xəyanət etmiş olarıq. Filmin 28 kadrında düzəliş etdilər və bizə dedilər ki, əgər film dediyimiz formada çəkilməsə onda onu qəbul etməyəcəyik. Filmin gələcək taleyini sual altında qoymamaq üçün ciddi fikirləşmək və qəti qərar vermək lazım gəlirdi. Rüstəmlə birgə oturub fikir mübadiləsi apardıq və son məqamda da belə bir qərara gəldik ki, filmin 28 kadrı olmasa da, heç olmasa 4-5 kadrında dəyişiklik etmək lazımdır. Misal olaraq həmin kadrların bir neçəsini xatırlatmaq istərdim. Filmin qəhrəmanı Muradın son anda özünü necə asmasını tam açıq şəkildə göstərirdik. Həmin kadra qadağa qoyulduqdan sonra bəzi dəyişikliklər etdik. Dəyişiklik də əsasən ondan ibarət oldu ki, müstəntiq Seyfinin evinə zəng edərək “Murad özünü asmağa cəhd göstərmişdir” deyilir. Bundan başqa isə Seyfi(Aleksandr Kalyagin) Elmarın(Rasim Balayev) otağına daxil olur və onlar arasında narazı bir söhbət başlayır. Söhbətin qısa məzmunu isə ondan ibarət olur ki, Elmar “nahaq yerə şəkli Murada göstərmisən, bu, düzgün deyil, əksinə sən tərəfindən törədilmiş bir təxribatdır” deyə öz narazılığını bildirir. Elə ki, bu narazı söhbətdən sonra Seyfi otaqdan çıxır, o zaman qapının önünə yığışmış bir neçə həmkarı “nə olub” deyə narahat vəziyyətdə soruşurlar. Bu kadrın mənası o deməkdir ki, Seyfinin tərəfkeşləri var və hər dəqiqə onun fəaliyyətini dəstəkləyirlər, onun mübarizəsinə qoşulurlar. Bundan başqa isə toy səhnəsində də dəyişiklik etdik. Yenidən çəkdiyimiz kadrda toyun qızğın vaxtında iki nəfər məclisi tərk edərkən onlardan soruşurlar ki, “toyu bəyənmədiniz”, cavabında “bu necə toydur, elə bil hər kəs pulunun çoxluğunu nümayiş etdirir, bir-birləri ilə yarışa giriblər” deyirlər. Xatırladım ki, toy kadrının bu şəkildə çəkilməsini Heydər Əliyev də məsləhət görmüşdü”.
Xatırladaq ki, Ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə hakimiyyətdə olarkən dəbdəbəli toy keçirməyin qəti əleyhinə olmuş və keçirilən məclisə qohum-qardaşdan artıq adam çağırılmasına qarşı çıxmışdır.
Rasim müəllim deyirdi ki, həmin hadisənin içində yaşadığı üçün bütün halların şahidi olub: “Yaxşı yadımdadır ki, Heydər Əliyevin qadağasına görə, heç kim dəbdəbəli toy keçirmirdi, qohum-qardaşdan artıq adamı məclisinə dəvət edə bilmirdi. Bu baxımdan biz də filmdə toy səhnəsini iki nəfərin sözü ilə tənqid etdik. Filmin bir neçə kadrını yenidən çəkdikdən sonra onu Moskva Bədii Şurasının ixtiyarına verdik. Moskva yenə də mane olmaq istərkən, Heydər Əliyevin zəngi və “film necədir, biz çox bəyəndik” deyə soruşması onların susmasına səbəb olub.
Hətta Bədii Şuranın üzvləri öz aralarında danışarkən “onsuzda bu filmlə özləri-özlərini biabır edirlər” deyə qısa fikir mübadiləsi apardıqdan sonra filmin istehsalata buraxılmasına icazə verdilər”. 1981-ci ildə isə “İstintaq” filmi SSRİ Dövlət mükafatına layiq görülüb.
Filmin yaradıcı heyəti: Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor Rasim Ocaqov, operator Rafiq Qəmbərov, rəssam Fikrət Bağırov, bəstəkar Emin Sabitoğludur.
Rollarda iştirak edirlər: Aleksandr Kalyagin (Seyfi), Həsən Məmmədov (Murad), Şəfiqə Məmmədova (Gülya), Yelena Smirnova (Ayan), Rasim Balayev (Elmar), Yevgeni Lebedov (kamera qonşusu), Tofiq Mirzəyev(Teymur), Həsənağa Turabov (general), M.Hüseynov (Almazov), F.Vəliyev(Rafiq).
X.QİYAS