İbrahimbəyovla Ocaqovun “Park”ı

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsində növbəti filmimiz görkəmli rejissor Rasim Ocaqovun 1983-cü ildə quruluş verdiyi “Park” filmidir.

“Azərbaycanfilm” kinostudiyası ilə “Lenfilm”in birgə istehsalı olan film sosial və mənəvi problemlərə toxunmaqla yanaşı, gənclərin dünyagörüşündən, onların həyat mövqeyindən danışır.

 

RASİM OCAQOV: RÜSTƏM İBRAHİMBƏYOV HEÇ BİR VAXT SSENARİDƏ ETDİYİM DƏYİŞİKLİKLƏRƏ QARŞI ÇIXMAYIB

 

“Park” filmi Rasim Ocaqovla Rüstəm İbrahimbəyovun birgə əməkdaşlığı nəticəsində yaranan 4-cü filmdir.

Rejissor deyirdi ki, “Bağlı qapı” filminin çəkilişlərini bitirdikdən sonra  növbəti müraciət edəcəyim ssenari haqqında fikirləşirdim: “Bir gün Rüstəmlə söhbət edərkən o bildirdi ki, yeni bir povest üzərində çalışır. Və povestin süjetini danışdı, doğrusu çox bəyəndim. O mənada ki, sanki Rüstəm necə bir ssenari haqqında düşündüyümü əvvəlcədən hiss etmişdi”. Povestin süjet xəttini bəyənən rejissor dramaturqu tələsdirərək tez bir vaxtda onu ssenari şəklinə salmağı xahiş edir.

Yeri gəlmişkən, “Bağlı qapı” filminin çəkilişləri zamanı, eyni zamanda isə “Park” filminin çəkilişləri ərəfəsində, Moskva tərəfindən Rasim Ocaqova birgə əməkdaşlıq təklif olunmuşdu. Ancaq nədənsə bu əməkdaşlıq ya Rasim Ocaqov tərəfindən, ya da Moskva tərəfindən heç cür baş tutmurdu.

Rejissorun dediklərindən: “Əməkdaşlığın baş tutmamasına səbəb, şəxsən mənim Moskva ilə birgə film çəkməkdə heç də maraqlı olmamağım idi. O mənada ki, öz ölkəmdə rahat, sərbəst çəkilişlərlə məşğul olduğum halda, onlarla birgə əməkdaşlıq zamanı bu sərbəstliyimi itirə bilərdim. Ancaq buna baxmayaraq “Mosfilm”lə birgə əməkdaşlığım baş tutmasa da, “Lenfilm” kinostudiyası ilə bu mümkün oldu”.

Ssenariyə əsasən filmdəki hadisələrin bir qismi Leninqradda(indiki Sankt-Peterburq) cərəyan edir. Leninqradda olarkən “Lenfilm”in baş redaktoru onlara birgə əməkdaşlıq təklif edir: “Bu da ondan irəli gəlirdi ki, “Lenfilm” kinostudiyasında qurulmuş pavilyonda çəkilişlər aparmalı idik. İstər-istəməz həmin kinostudiyanın rəhbərliyi ilə birgə iş görməli idik. Bunu görən baş redaktor əməkdaşlıq məsələsini təklif etdi. Onu da qeyd edim ki, həmin redaktor Rüstəm İbrahimbəyovu yaxşı tanıyırdı, demək olar ki, onun daimi oxucusu idi. Eyni zamanda isə mənim də quruluş verdiyim filmlərə baxdığı və bəyəndiyi üçün bu təkliflə bizə müraciət etmişdi. Təklifi qəbul edib çəkilişlərə başladıq”.

Filmin ədəbi ssenarisi Bədii Şura tərəfindən qəbul edildikdən sonra Rasim Ocaqov rejissor ssenarisi üzərində iş aparır. Bu dəfə də görüntülərinə arxalanan rejissor ssenarini öz bildiyi şəkildə hazırlamalı olur: “Həmişə olduğu kimi bu dəfə də Rüstəm görüntülərim əsasında yazdığım rejissor ssenarisini qəbul etdi. Ümumiyyətlə isə Rüstəm heç bir vaxt mənim ssenaridə etdiyim dəyişikliklərə qarşı çıxmayıb. Çünki hər ikimiz bir-birimizin nə istədiyini sözsüz anlayırıq”.

Rejissor ssenarisinin hazırlıq işləri bitdikdən dərhal sonra filmin sınaq çəklişlərinə başlanır.

R.Ocaqov deyirdi ki, onu ilk növbədə maraqlandıran əsərin baş qəhrəmanı olan Marat obrazı idi: “Ona görə ki, baş qəhrəmanın düzgün seçimindən çox şey asılıdır. Çox istəyirdim ki, bu rola yeni bir sima tapım. Yəni tamaşaçı ekranda yeni bir qəhrəmanla qarşılaşdığı kimi, yeni də aktyor siması ilə qarşılaşa bilsin. Belə bir vaxtda Fəxrəddin Manafovu sınaq çəklişlərinə dəvət etdim”. Bu o vaxtlar idi ki, Fəxrəddin Manafov yenicə sənət fəaliyyətinə başlamışdı, Yuğ teatrında çalışırdı, demək olar ki, geniş tamaşaçı kütləsi tərfindən hələ tanınmırdı: “Onu ilk dəfə mən kinoya gətirmişəm. Yaxşı yadımdadır, Marat obrazının sınaq çəkilişlərinə qatılan Fəxrəddinin ilk dəfə olaraq kamera qarşısında dayanmasına baxmayaraq təbii ifa tərzi çox xoşuma gəldi. İlk dəfədən hiss etdim ki, onda nəsə var. Onun ifasını Rüstəmə də göstərdim, o da bəyəndi. Bədii Şura Fəxrəddinin Marat roluna təsdiq olunmasına qarşı çıxmadı. Ssenaridə olan digər rollar üçün yoxlanan aktyorlar da Marat rolunun ifaçısına uyğun şəkildə seçildi”.

 

“LENFİLM”LƏ ƏMƏKDAŞLIQ EDƏN REJİSSOR “MOSFİLM”İN AKTYORLARINI FİLMƏ DƏVƏT ETDİ

 

Baxmayaraq ki, film “Lenfilm” kinostudiyası ilə birgə çəkilib, ancaq yaradıcı heyətin tərkib hissəsinə “Mosfilm”in aktyorları cəlb olunub. Bunun səbəbini rejissor belə izah etmişdi: “Doğrusu “Lenfilm”in aktyorlarına, təbii ki, onların talantlarına o qədər də bələd deyildim. Onların ifasını yalnız film vasitəsilə görmüşdüm. Ancaq “Mosfilm”in aktyorları ilə filmlərimin əksəriyyətində birgə işləmişdim, buna görə də onların nəyə qadir olduğunu bilirdim. Məsələn, Aleksandr Kalyaginin aktyorluğuna necə etiraz etmək olar və yaxud Qalina Polskix kimi bütün SSRİ miqyasında tanınan aktrisanın ifasında hansı nöqsanı tapmaq olardı?! Onu da qeyd edim ki, Qalina Polskixin azərbaycanlılara xüsusi hörməti var. Bəlkə də bu hörmətin nəticəsidir ki, o bizim dəvətimizi qəbul edərək epizodik bir rolda çəkilməyə razılıq verdi. Bir sözlə, filmə dəvət etdiyim rus aktyorlarının hər biri ilə işləmək mənim üçün çox xoş idi. Fəxrəddinin tərəfmüqabili olan, Vika roluna isə Qalina Belyayevanı dəvət etmişdik. Qalina Belyayeva balerina idi və ilk dəfə olaraq “Park” filmində aktrisa kimi çəkilmişdi”. Digər filmlərdən fərqli olaraq “Park” filmində ssenariyə əsasən rus rollarına ruslar, azərbaycanlı rollarına isə elə azərbaycanlı aktyorlar çəkilib: “Ssenariyə əsasən baş qəhrəman dostları ilə birgə Leninqrada getməli olur. Marat məzuniyyətini keçirməyə, dostları isə Leninqradda təcrübə keçməyə gedirlər. Deməli Maratın qohumları-xalası da orada yaşayır. Və qəhrəmanımız ora getməmişdən əvvəl anası ona xalasının ev ünvanını verir. Öncə dostları ilə yataqxanada qalan Marat, sonradan-yəni səs-küy saldıqları üçün yataqxanadan qovulduqdan sonra-xalasının evinə gedir. Xalası, onun oğlu ilə tanışlıqdan sonra xalaoğlu məsləhət görür ki, onunla birgə gəzməyə çıxsınlar. Və nəticədə də xalası oğlu Maratı şəhərdən kənarda yaşayan bir tanış qadının evinə aparır. Vika ilə olan tanışlıq həmin qadının evində başlanır və bundan belə hadisələrin sonrakı inkişafı cərəyan edir. Hadisələrin sonrakı davamında qız Marata onu da özü ilə Bakıya aparmasını xahiş edir. Ancaq qəhrəmanımız razılaşmır. Ancaq vətənə döndükdən bir müddət sonra Vika Maratın dalınca gəlir. Müsəlmançılıqda belə şeylərə pis baxıldığı üçün Marat qıza çıxıb getməsini təklif edir, ancaq o getmir. Beləliklə də yenidən hadisələrin axarı davam edir. Sözümün canı odur ki, çox maraqlı süjet xətti olan filmdə hadisələr bir çox yerlərdə davam edir”.

Xatırladaq ki, filmin çəkilişləri Bakıda, kinostudiyanın həyətində qurulmuş pavilyonda, Leninqradda, “Lenfilm” kinostudiyasında qurulmuş pavilyonda lentə alınıb: “Leninqradda olan çəkilişləri Neva çayının kənarında, şəhərin mərkəzində, görməli yerlərində lentə almışıq. Bakıda olan çəklişləri-əsasən isə həyət olan kadrı, Tbilisi şossesindən üzü yuxarı yerləşən, daş karxanasının yanında olan gölün(həmin gölə Alatava gölü deyilir) yanında lentə almışıq”.

Adətən Rasim Ocaqov həyət səhnələrini canlı olaraq hər hansı bir həyətdə lentə almağa üstünlük verərdi: “Ancaq bu dəfə bizə gölün kənarı lazım olduğu üçün elə üstünlüyü də orada dekoratsiya qurmağa verdik. Eyni zamanda da filmdə tez-tez karxana sözü işlənir. Qəhrəmanımız “vaxt gələcək burada daş karxanası olmayacaq, onun yerinə geniş park salınacaq” deyə öz gələcək arzularından bəhs edir. Leninqraddakı evin iç görünüşünü Bakıda lentə aldıq. Ancaq yataqxana, qonaqlıq kimi səhnələri Leninqradda lentə aldıq”.

Fərqli iş üslubuna malik olan Rasim Ocaqov yaradıcı heyətin hər bir üzvü ilə ayrı-ayrılıqda öz fikirlərini bölüşü: “Bu təbii haldır. Məsələn, bəstəkardan film üçün hadisələrin gedişatını özündə əks etdirməklə qəlbi oxşayan musiqi istəyirəm, rəssamdan istəyim o olur ki, onun qurduğu, yaratdığı dekoratsiyalar həyati, inandırıcı olsun və s. Ümumiyyətlə rejissorun tələbi ssenaridən irəli gələn tələblərlə eynilik təşkil edir”.

Aktyorlarla olan iş prosesində isə rejissor onların hər birini hələ məşq zamanı rol üçün hazırlayır. Məsələn, filmdə qəhrəmanın döyülmə səhnəsi var. Bu kadrın çəkilişi zamanı rejissor əvvəlcədən Fəxrəddin Manafova xəbərdarlıq edib. “Ona xəbərdarlıq edərək bildirdim ki, çəkiliş vaxtı canlı zərbələr ola bilər, o zaman karıxmış vəziyyətə düşməsin. Çalışsın ki, zərbələri dəf etsin, özünü zədə almaqdan qorusun və s”.

Filmin adına gəlincə, rejissor deyirdi ki, bu da təsadüfi deyil: “Çünki qəhrəmanımızın yaşadığı yer çox səsli-küylüdür. Və nə vaxtsa, kimsə deyib ki, orada park salınacaq. Marat da kiminlə söhbət edirsə bu mövzuya toxunaraq yaşadığı yerdə gözəl bir park salınacağından bəhs edir. Marat hardasa özünü aldatmaqla, sakitləşdirməklə həmin günün tez bir vaxtda həyata keçirilməsini gözləyir. Və sonluqda da onun arzusuna əsasən park salındığı ilə bağlı olan bir kadrı da çəkdik. Yəni ad filmin süjeti ilə bağlı olduğu üçün “Park” adının üzərində dayandıq”.

 

RAFİQ QƏMBƏROV: RASİM OCAQOVUN REJİSSOR ÜSLUBU HƏM MÜRƏKKƏBDİR, HƏM DƏ ÇOX SADƏDİR

 

Filmin operatoru Rafiq Qəmbərov Rasim Ocaqovla 5 filmdə əməkdaşlıq edib.

R.Qəmbərov deyir ki, bir operator olaraq həyatımda olan ən mühüm hadisə 1978-ci ildə baş vermişdi: “Görkəmli rejissor Rasim Ocaqov məni, gənc bir operatoru quruluş verdiyi “İstintaq” filminə dəvət etdi. Bundan sonra isə təxminən 15-16 il ərzində rejissorla birgə 5 filmdə çalışdıq”.

“İstintaq”la birgə, “Park”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”, “Bağlı qapı” filmlərində birgə çalışan hər iki yaradıcı bir-birinin iş prinsipinə yaxından bələd olur: “Haqqında bəhs etdiyimiz “Park” filmi Rasim Ocaqovla birgə çəkdiyimiz üçüncü filmdir. Filmin mövzusu, mənim aləmimdə ümumbəşəri bir mövzudur. Yəni, film ən müqəddəs anlayışlardan olan-dostluq, məhəbbət mövzusundan söhbət açır. Və rejissor da çalışıb ki, bu fikirləri qabarıq şəkildə ekranda göstərə bilsin. Qeyd etmək istərdim ki, Rasim Ocaqovun rejissor üslubu həm mürəkkəbdir, həm də çox sadədir. Gəlin görək, mürəkkəblik nədən irəli gəlir? O öz fikirlərini dəqiq şəkildə tamaşaçıya çatdırmağı əvvəlcədən qarşısına məqsəd qoyur. Bu baxımdan rejissor iş prosesi zamanı çox diqqətli şəkildə çalışır. Mən belə hesab edirəm ki, rejissor hər hansı bir ssenarini seçərkən, öncə dramaturq işinə yaxından bələd olmalı, onun əsərləri ilə tanış olmalıdır. Bütün bunlardan sonra isə ssenariyə əsasən çəkiliş qrupu seçilməlidir. Zənnimcə, rejissorun dahiliyi ondadır ki, o çəkiliş qrupunu düzgün seçə bilsin”.

Birgə əməkdaşlıq nəticəsində çəkilən filmin iki quruluşçu operatoru olub. Rafiq Qəmbərov “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı olaraq Bakıda olan çəkilişləri, “Lenfilm”in əməkdaşı olan operator isə Leninqradla bağlı olan çəkilişləri lentə alıb: “Biz çalışdıq ki, filmin qəhrəmanının həyatında olan hər bir mühüm mərhələ-istər öz vətənində, istərsə də Leninqradda olan mərhələ fərqli təsviri incəliklərlə təqdim edilsin. Bu baxımdan Leninqrad çəkilişləri üçün “Lenfilm”in əməkdaşı olan operatorlardan biri çəkilişlərə dəvət olunmuşdu”.

Hər bir filmin çəkiliş prosesi üçün əvvəlcədən çox mühüm hesab olunan hazırlıq dövrü var ki, bu da iki aya yaxın vaxt aparır: “Mühüm hesab olunan işlərdən biri çəkiliş meydançasının düzgün seçilməsidir. Məsələn, hansı binalarda, hansı həyətlərdə, hansı yerdə çöl şəraitində olan çəkilişləri aparmaq olar kimi suallara, hazırlıq prosesi zamanı cavab tapılmalıdır. Bu baxımdan “Park” filminə ayrılan müddətdə işlərimizi yüz ölçüb bir biçdik ki, sonradan çətinə düşməyək. Deməli indiki Mətbuat prospektinin yaxınlığında kiçik görünüşlü bir daxma tapmışdıq ki, o da Rüstəm İbrahimbəyovun ssenarisinə tam şəkildə uyğun gəldiyi kimi, rejissorun, operatorun, rəssamın baxışına da uyğun gəlirdi. Filmdəki qəhrəmanın səhər yuxudan duraraq qaçış idman növü ilə məşğul olması səhnəsini Mətbuat prospektinin sol tərəfində yerləşən gölün kənarında lentə almışdıq. Qəhrəmanın yaşadığı həyəti isə Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev adına olan küçənin kəsişdiyi yerdə tapdıq. Ora çox böyük bir həyət idi. Hazırda həmin həyətin yerində çox mərtəbəli bina inşa edilib. Otaq şəraitində olan çəkilişləri məqsədli şəkildə, yəni həm “Lenfilm”, həm də “Azərbaycanfilm” kinostudiyasının həyətində qurulmuş pavilyonlarda, xüsusi olaraq filmə uyğun seçilən otaqları öz atributları ilə yaradaraq çəkiliş aparmışıq. Və otaqdakı əşyalar da elə seçilib ki, onların hər biri qəhrəmanların xarakterinə, dünya görüşlərinə uyğun olsun”. Operatorla söhbət əsnasında o, Rasim Ocaqovun rejissor xüsusiyyətlərinə malik olan gizli tərəfindən də bəhs etdi. Belə ki, Rasim Ocaqov bütün filmlərinin çəkilişini payız fəslində aparıb: “Adətən yay fəslində çəkiliş qruplarının hamısı film çəkilişi ilə məşğul olduqları üçün kinostudiyada lazım olan bütün texniki avadanlıqlar, eyni zamanda isə texniki işçi qrupu məşğul olur. Bu baxımdan Rasim Ocaqov payız aylarında olan çəkilişlərə üstünlük verir. Yaxşı yadımdadır, “Park” filminin çəkilişləri də təxminən sentyabr ayının 15-də başlamışdı. Plana əsasən sentyabr ayının 15-dən  başlayaraq dekabr ayının 22-nə kimi Bakıda nəzərdə tutulan natura çəkilişləri-yəni çöl şəraitində lentə alınan çəkilişlər yekunlaşdırılmalı idi. Bir məqama da toxunmaq istərdim ki, Rasim Ocaqovun bəxtindən həmin il sanki qış da gec gəldi. O mənada ki, sentyabrın 15-dən tutmuş dekabrın 22-nə kimi aparılan çəkilişlər, xoşbəxtlikdən günəşli günlərə təsadüf etdi. Nə yağış yağdı, nə də qar. Hələ o da yadımdadır ki, dekabrın 22-si günü günəşli havada natura çəkilişlərini bitirdik, 23-ü günü qar yağdı”.

 

FİLM 1-Cİ KATEQORİYAYA LAYİQ GÖRÜLDÜ

 

Filmin çəkilişləri bitdikdən sonra onu “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Bədii Şuranın baxışına təqdim edirlər. Filmi qəbul edən qurum onu “Lenfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Bədii Şuranın ixtiyarına verir. Sonra isə film əvvəlki qaydada “Mosfilm”in baxışına təqdim olunur. “Mosfilm” filmi qəbul və təsdiq etdikdən sonra onu 1-ci kateqoriyaya layiq görür. Bu proseslərdən sonra isə filmin ilk premyerası təntənəli surətdə Leninqradda keçirilib. Bundan başqa isə 1984-cü ildə Kiyevdə XVII Ümumittifaq kinofestivalında bədii filmə təşkilat komitəsinin diplom və prizi verilib.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Rasim Ocaqov, operatorlar Rafiq Qəmbərov, Yuri Vorontsov, rəssam-Fikrət Bağırov, bəstəkar-Emin Sabitoğlu, səs operatoru-Vladimir Savin.

Rollarda iştirak edirlər: Fəxrəddin Manafov(Marat), Qalina Belyayeva(Vika), Mikayıl Kərimov(Dost), Stanislav Sadalski(Bəxtəvər), Aleksandr Kalyagin(Gena), Abbas Kazımov(yazıçı), Qalina Polskix(Matiss), Məbud Məhərrəmov(Alik), Tofiq Şabanov(Vaqif), Həsənağa Turabov(mədən müdiri), Tahir Yaxin(Balaca), Tamara Urcumova(Maratın anası), Natəvan Məmmədova(qız), Muxtar Maniyev(qonşu), Ruslan Nəsirov(Maratın uşaqlığı), Xəzri Rəhimov(dost), Maksim Şvedov(Yurka), Ötkəm İsgəndərov(Səfər).

Xədicə QİYAS