Eldəniz Rəsulov – 70

“Dublyaja çoxdan başlamışam, 70-ci illərdən… Dublyaj mənə həmişə maraqlı olub. Çünki Şahmar Ələkbərovu, Səməndər Rzayevi dublyajda görmüşəm. Mətni sahmanlamağı Həsən Turabovdan öyrənmişəm. Dublyaj işində Əli Zeynalov mənə böyük dəstək verib. İlk dublyajım Pakistan filmi olub. Sonra elə oldu ki, bir neçə zalda paralel işləyirdim. İndi gəncləri öyrətməyə çalışıram, bir il keçir, görürəm, özlərini hamıdan ağıllı bilirlər” deyən Azərbaycanın kino və dublyaj aktyoru, Əməkdar artist Eldəniz Rəsulovun ad günüdür, 70 yaşı tamam olur.

Eldəniz Rəsulov 30 aprel 1952-ci ildə dünyaya göz açıb. 1969-1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsində təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib.

1971-ci ildən bədii filmlərə çəkilir. “Həyat bizi sınayır”, “Çarvadarların izi ilə”, “Qatır Məmməd”, “Vulkana doğru”, “Ad günü”, “Sevinc buxtası”, “Babək”, “İstintaq”, “Anlamaq istəyirəm”, “Gözlə məni”, “Qızıl uçurum”, “Yol əhvalatı”, “Babamızın babasının babası”, “Bağlı qapı”, “Birisigün, gecəyarısı”, “Gümüşgöl əfsanəsi”, “Cin Mikrorayonda”, “Bircəciyim”, “Şeytan göz qabağında”, “Doğma sahillər”, “Sahilsiz gecə”, “Təhminə” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

Aktyor xarici film istehsalçılarının “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində də çəkilib.

Azərbaycan Televiziyası və Lider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edən E.Rəsulov deyir ki, memar olmaq istəyirmiş: “Atam Qeybulla Rəsulov yazıçı-dramaturq olduğu üçün teatrlara, kinoya tez-tez gedirdim. Güclə yadıma gəlir: atam məni “Azdrama”ya aparmışdı. “Vaqif” tamaşası oynanılırdı, səhnənin arxasında Sidqi Ruhulla məni qucağına götürəndə möhkəm qorxdum. Bunu sonralar atama danışanda deyirdi, onda sənin 3 yaşın olub, yadına gələ bilməz”.

Hələ uşaq yaşlarından ustadları görən, onların əhatəsində böyüyən Eldəniz Rəsulov, daima öz üzərində çalışmaq, özünü inkişaf etdirmək vərdişlərinə də elə o vaxtdan yiyələnib.

1972-ci ildə yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında görkəmli rejissor Şamil Mahmudbəyov “Həyat bizi sınayır” filminə quruluş verir.

Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətləri üzərində qurulan filmdə xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin taleyindən söhbət açılır.

E.Rəsulov ilk dəfə bu filmdə kiçik bir epizodda çəkilib. O qədər də diqqəti cəlb etməyən həmin rol, sonralar aktyorun həyatında böyük rol oynayır. Onun qaynar sənət fəaliyyəti başlayır. Ardıcıl olaraq filmlərə dəvət alır, çəkilir, dublyajda fəaliyyət göstərir.

1970-1990-cı illər Eldəniz Rəsulovun aktyorluq həyatının ən parlaq dövrü hesab olunur. Dövrün demək olar ki, görkəmli rejissorlarının əksəriyyəti ilə çəkiliş meydançasında görüşüb. Eldar Quliyevin “Gümüşgöl əfsanəsi”, “Babək”, Oqtay Mirqasımovun “Ovsunçu”, “Şeytan göz qabağında” filmlərində çəkilib.

Aktyor deyir ki, film çəkilişlərində Eldar Quliyevə təkliflərimi verə bilmirdim, çünki müəllim kimi çəkinirdim: “Oqtay Mirqasımovla isə çox rahat idim, rolu necə görürəmsə, onu deyə bilirdim, istədiyimi oynamaq üçün mənə imkan yaradırdı. Oqtay müəllim “Ovsunçu”da mənə kəndxuda rolunu verdi. Ssenarini oxudum ki, kəndxudanın bir cümlə sözü yoxdur. Şamaxıda camaat çəkilir, mən bekar oturmuşam. Getdim bir kişidən alma alanda, gördüm, bunun hərəkətləri, manerası elə kəndxuda rolunda mənə lazım olacaq”. Müşahidəçilik qabiliyyəti güclü olan aktyor ifa etdiyi rolları həyatda gördüyü, qarşılaşdığı insanların həyatı ilə müqayisə edərək, onlar arasında olan oxşarlıqlardan çəkiliş vaxtı ustalıqla ifa edirdi.

1975-ci ildə Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında görkəmli rejissor Rasim Ocaqov  “Ad günü”bədii filminə quruluş verir.

Lirik-psixoloji janrda çəkilən film həqiqi dostluq haqqındadır. Filmin  qəhrəmanları müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir.

E.Rəsulov müasir qəhrəmanların sırasında Əlinin dostu olaraq yer alır.

Sonralar aktyor Eldar Quliyevin 1979-cu ildə quruluş verdiyi “Babək” filmində qəhrəmanın silahdaşlarından biri kimi döyüşçü Azin rolunda çəkiliş meydançasında görünür. Bütün aktyorluq imkanlarından istifadə edərək cəsur döyüşçü kimi qılıncla döyüş meydanında qəhrəmanlıq nümayiş etdirməsini də bacarır.

1984-cü ildə yenə də Eldar Quliyevin çəkdiyi “Gümüşgölün əfsanəsi” filmində əsas obraz olan Fərid roluna çəkilir. Filmin süjet xəttinə əsasən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid və dostları yoldan keçən piyadaya sataşmaq məqsədilə maşının işığını onun üstünə buraxırlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Məsuliyyətdən yaxa qurtarmaq üçün hamı şəhərdən çıxmağa çalışır. Fərid də uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidənin yanına gedir. Burada o, Səidənin qızı Leyli ilə tanış olur. Film-xəbərdarlıq xarakteri daşıyır, həyat haqqında dərindən düşünməyin vacibliyindən bəhs edir. Film boyunca aktyorun bütün hiss həyəcanla oynadığı Fərid obrazının daxili dünyası ilə tanış oluruq.

Ümumiyyətlə Eldəniz Rəsulov oynadığı rollara hakim olmaqla yanaşı, obrazın daxili dünyasını açmağı da ustalıqla edir ki, bu da onun sözün həqiqi mənasında da ustadlardan öyrəndiklərinə sadiq qalmasını nümayiş etdirir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Azərbaycan kinosunda özünəməxsus yeri olan, maraqlı obrazlar qalereyası yaratmış Eldəniz Rəsulovu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az