Yuri Varnovski – 75
Kinooperator, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Yuri Varnovskinin yubileyidir, 75 yaşı tamam olur .
Yuri Varnovski 23 iyun 1947-ci ildə Bakıda anadan olub. 1966-1969-cu illərdə Politexnik İnstitutunda, 1975-1980-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. Operatorluq fəaliyyətinə tələbəlik illərindən başlayan Yuri Varnovski
İlk dəfə 1969-cu ildə yazıçı İsmayıl Şıxlının ssenarisi əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi “Dəli Kür” filmində operator assistenti kimi çalışıb. Keçən əsrin əvvəllərində Azərbaycan ziyalılarının formalaşmasından, onların fəaliyyətindən, ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri kömək və insanlarda azadlıq şüurunun formalaşmasından bəhs edən film yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınıb.
Azərbaycan üçün önəmli olan bu mövzu, Moskva tərəfindən heç də birmənalı qarşılanmır. Nəticədə film təzyiqlərə məruz qalır ki, bu da bir çox epizodların lentdən çıxarılmasına səbəb olur.
İlk peşə təcrübəsinin həyəcanını yaşayan Yuri Varnovski operator assistenti kimi çalışdığı filmin Moskva tərəfindən təzyiqlərə məruz qalaraq kəsilən epizodun lent yazısını xilas edib və illər sonra həmin epizod Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.
“Dəli Kür” filmindən sonra Y.Varnovski ardıcıl olaraq “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin əksəriyyətində (Nəsimi- operator assistenti (1973), Dədə Qorqud –operator assistenti (1975), Dörd bazar günü (1975) ikinci operator, Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) – ikinci operator, Sevinc buxtası (1977, tammetrajlı bədii film) – ikinci operator, Şir evdən getdi (1977, tammetrajlı bədii film) – operator assistenti, Qayınana (II) (1978, tammetrajlı bədii film) – operator assistenti, Babək (1979, tammetrajlı bədii film) – ikinci operato və s.) çalışıb.
Yura Varnovskinin operator kimi ilk müstəqil çəkdiyi film görkəmli dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Rasim İsmayılov tərəfindən 1980-ci ildə ekranlaşdırılan “Anın quruluşu” filmidir.
Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən film müasirlərimizin ciddi əxlaqi prinsipləri qoruyub saxlamaları və ətrafdakıların inamını və hörmətini qazanmalarının vacibliyindən bəhs edir.
1999-cu ildə görkəmli rejissor Eldar Quliyevin quruluşunda çəkilən “Nə gözəldir bu dünya” filmində isə ölkə bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanasının vəsaitsiz qalmasından danışılır.
Y.Varnovski gənc rejissorların da çəkdiyi filmlərdə onlara bir operator olaraq dəstək verib. Həmin filmlərdən biri rejissor Çingiz Rəsulzadənin ssenari və rejissor işi olan “Kuklalar” filmidir(2009). Filmdə hadisələr 80-ci illərin sonları 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. Film Sovetlər Birliyinin son günlərində dənizkənarı parkda kukla işləyən bir neçə gənc dostun yetişkin həyata qədəm qoymalarından bəhs edir. Və günlərin birində basqınla üzləşən canlı kuklaların seçim arasında qalmaları, sonradan onların bir qisminin müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verməsi üzərində qurulub.
Göründüyü kimi Yuri Varnovski bir operator kimi fərqli janrlarda olan filmlərdə operator işinin incəliklərini təqdim edir ki, məhz bu baxımdan da onun filmləri hər zaman baxılır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından artıq veteran operator kimi çəkiliş meydançalarında peşəkarlıq nümayiş etdirən Yuri Varnovskini yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq!
aki.az