“Cənubda kino günləri” Lənkəran və Lerikdə

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Cənubda kino günləri” layihəsini davam etdirir.  Xəbər verdiyimiz kimi, iyunun 25-26-da Biləsuvar rayonundan start götürən kino günləri öz işini 13-14 iyul Lerikdə, 17-19 iyulda isə Lənkəranda davam etdirəcək.

Lerik rayonunda filmlərə baxışlar saat 11:00-da rayonunun Mədəniyyət Mərkəzində və saat 15:00-da Piran kəndinin Folklor Klubunda baş tutacaq. Lənkəran şəhərində isə filmlərə baxışlar 17 iyul, saat 18:00-da Tor Kafenin “O biri otağı”nda, 18-19 iyul, saat 11:00-da şəhərin Mədəniyyət Mərkəzində, 19 iyul saat 15:00-da isə Kənarmeşə kəndi Sənətkarlıq Klubunda baş tutacaq.

Yeri gəlmişkən, layihə çərçivəsində son illərdə dövlət sifarişi əsasında və müstəqil şəkildə istehsal olunan bəzi filmlər yerli tamaşaçılara təqdim olunacaq.

Qısametrajlı və tammetrajlı olan həmin filmləri diqqətinizə çatdırırıq: “Qırmızı bağ” (rejissor Mirbala Səlimli), “Biləsuvar” (rejissor Elvin Adıgözəl), “Nar bağı” (rejissor İlqar Nəcəf), “Ol” (rejissor Namiq Ağayev), “Sizə məktub var” (rejissor Məzahir Həşimov), “Titrəmə” (rejissor Amil Amal), “Dan yeli” (rejissor Kamal Yaşar), “Dəhlizdə” (rejissor Amil Amal), “Bir Ata haqqında” (rejissor Nurlan Həsənli), “Hədiyyə” (rejissor Rövşən Nicat), “Papanin” (rejissor Türkan Hüseynova), “Səs” (rejissor Ərturan Nəcəfi).

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının “Cənubda kino günləri” layihəsini keçirməkdə məqsədi Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarlarına son illərdə istehsal olunan, eləcə də, bəzi beynəlxalq kino festivallarında uğurlar qazanan filmlərimizi və rejissorlarımızı tanıtmaqdan ibarətdir. Layihənin icraçı predüseri İntiqam Hacılıdır.

aki.az