Azərbaycan Lokarno Beynəlxalq Film Festivalında

Rejissor Hilal Baydarovun “Balıqlara Xütbə”(Sermon to the Fish) bədii tammetrajlı filmi Lokarno Film Festivalının proqramına “Beynəlxalq müsabiqə” kateqoriyası üzrə daxil edilib. Bu barədə filmin prodüseri Elşən Abbasov məlumat verib.

Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalı olan “Balıqlara Xütbə” filmi 75-ci Lokarno Film Festivalında “Qızıl Bəbir” mükafatına namizəddir. Film 3500 film arasından seçilmiş 17 ekran işindən biridir.

Lokarno Film Festivalına gəlincə, 3-13 avqust tarixlərində baş tutacaq.

“Balıqlara Xütbə” filminin ssenari müəllifi Hilal Baydarov, Aysu Akcan, rejissoru Hilal Baydarov, istehsalçı: Elşən Abbasov, Hilal Baydarov, Carlos Reygadas, birgə istehsalçı: Dan Wechsler, Jamal Zeinal-Zade, Andreas Roald, Emil Nəcəfov, Faruk Güven, Emrah Kılıç, Joaquín Del Paso, görüntü rejissoru & montaj: Hilal Baydarov, bəstəkar: Kənan Rüstəmlidir.

Filmdə iştirak edirlər: Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov.

Xatırladaq ki, rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunmuşdur. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, “Səpələnmiş ölümlər arasında” bədii filmi “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının  “Ən yaxşı film” nominasiyası üzrə mükafata layiq görülüb.

aki.az