“Bal ölkəsi” filminin nümayişi keçirildi

16 avqustda Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstək verdiyi “Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı”nın “Festivallardan seçmələr” bölməsində yer alan “Bal ölkəsi” sənədli filminin nümayişi keçirildi. Film Tamara Kotevska və Lyubomir Stefanovun birgə işidir.

Bakıda keçirilən, onlarla izləyicinin bir araya gəldiyi nümayişdə Tamara Kotevska da iştirak edib. Nümayişdən sonra onunla izləyicilər arasında maraqlı müzakirə baş tutub.

Yeri gəlmişkən, “Bal ölkəsi” filminin premyerası 2019-cu ildə Sundance Film Festivalında olub. Həmin festivalda film üç mükafat və 92-ci Akademiya Mükafatlarında “Ən Yaxşı Beynəlxalq Bədii Film” və “Ən Yaxşı Sənədli Film” kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallardan çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. Film Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir.

Xatırladaq ki, 2020-ci ildə fəaliyyətə başlayan Sevil Film Festivalı, yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

Bu il keçirilən festival 13-20 avqust tarixlərində Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda başlayıb.

aki.az