III Sevil Beynəlxalq Qadın Sənədli film festivalı sona çatdı

13-20 avqustda Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutan festival bu ilki proqramını uğurla yekunlaşdırdı. 8 gün ərzində 36 yerli və xarici film nümayişi, xarici mütəxəssisləri ilə 3 masterklas, xarici xarici və yerli rejissorlar, spikerlərlə çoxsaylı panel müzakirələri yerinə yetirən festival 1200-dən çox izləyici, 100-dən çox masterklas iştirakçısına ev sahibliyi etdi. 7 xarici kino mütəxəssisinin iştirak etdiyi festivalda bəzi beynəlxalq film rejissorları izləyicilərlə nümayişlərə canlı yayım vasitəsilə qoşuldu.

20 avqust tarixində təntənəli qapanış mərasimi ilə III Sevil Beynəlxalq Qadın Sənədli film festivalı sona çatdı.

Mərasimdə hər üç nominasiyada qalib filmlər açıqlandı.

Yerli rejissor Aynur Kazımova “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak hüququ qazandı. Bundan başqa, festivalda münsiflərin xüsusi mükafatı da təqdim olunub. Müvafiq kateqoriyalar üzrə Ceyms Kiklayterin (ABŞ) “Kimliyin səsi”, Sargol Eslamianın (İran) “Sükut içində pıçıltı” ekran əsərləri münsiflər heyətinin seçimi olub.

Xatırladaq ki, festivalın maliyyə dəstəkçiləri USAİD və Azərbaycan Kinematoqrafçılar İttifaqıdır.

Son olaraq qeyd edək ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

“Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən  Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

aki.az