“İşgüzar səfər” – 40
Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsində növbəti filmimiz “İşgüzar səfər” filmidir, çəkilişindən 40 il ötür.
Filmdə mənəvi-etik problemlərə toxunulur. Müasirimiz olan sadə və təmiz qəlbli gəncin həyat sınaqları kino əsərinin əsasını təşkil edir.
KƏND VƏ ŞƏHƏR HƏYATININ QARŞILIQLI MÜNASİBƏTLƏRİ
1982-ci ildə Rüstəm İbrahimbəyovun “İşgüzar səfər” povesti əsasında “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin quruluşçu rejissoru Rasim İsmayılovdur.
Qeyd etdiyimiz kimi, filminin mövzusu kənd-şəhər həyatının qarşılıqlı münasibətləri üzərində qurulub.
Sovetlət Birliyinin ideologiyasına əsasən kənddən şəhərə çox az hallarda axın olurdu. Xüsusilə şəhərdən kəndə təyinatla işləmək üçün göndərilən gənclər sonrakı həyatlarını(əksər hallarda) kənd həyatı üzərində qurmağa üstünlük verirdilər. Bu kimi diqqəti çəkən məsələ qələm sahiblərini də düşündürürdü. Və əksər hallarda qələm əhlinə sifarişli şəkildə kənd həyatını maraqlı canlandıracaq əsərlər yazılması tapşılırılırdı. Az qala hər dövrün ən güclü qələm sahibləri sırasında özünə layiq yeri tutan Rüstəm İbrahimbəyov kimi yazıçı-dramaturq bu kimi hadisələrə biganə yanaşa bilməzdi.
R.İbrahimbəyov “İşgüzar səfər” povestini 60-cı illərdə qələmə alıb. Sonrakı illərdə isə povestin motivləri əsasında ədəbi ssenarini yazıb.Günlərin birində o, kənd həyatına həsr etdiyi “İşgüzar səfər” ədəbi ssenarisini yazaraq “Azərbaycanfilm” kinostudiyasına təqdim edir. İlin planına salınan ədəbi ssenarinin ekran variantının yaradılması Rasim İsmayılova tapşırılır. Yaradıcı heyət bir araya gətirən rejissor sınaq çəkilişləri zamanı baş qəhrəmanın seçiminə xüsusi səy göstərir. Ənvər obrazının sınağına dəvət olunan aktyorların kimliyi açıqlanmasa da sonda Fəxrəddən Manafovun ifası əsas götürülüb. O da təsadüfi deyil ki, “İşgüzar səfər” filmi Fəxrəddin Manafovun dəvət olunduğu ilk filmdir.
“İşgüzar səfər” filmi Rasim İsmayılovun sayca quruluş verdiyi üçüncü filmidir. Bundan əvvəl o, 1977-ci ildə “Şir evdən getdi”, 1980-ci ildə isə “Anın quruluşu” filminə quruluş verib. Rejissorun yaradıcılığına bələd olanlar bir məqamı daima diqqətdə saxlayırlar, Rasim İsmayılov hər filmində yeni simalara üstünlük verib, yəni yeni aktyor heyəti ilə çalışmağa üstünlük verib. Və əksər aktyorların kinoya gəlməsində böyük rol oynayıb.
Qeyd edək ki, ədəbi ssenariyə böyük maraqla yanaşan Rasim İsmayılov əslində rejissor ssenarisində elə də ciddi bir dəyişiklik etmək fikrində olmayıb. Buna baxmayaraq isə yerinə görə, şəraitə uyğun formada olan dəyişikliklər bilavasitə naturaya uyğunlaşdırıldığı üçün istər-istəməz dəyişdirilib.
Yeri gəlmişkən, filmin çəkildiyi ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov idi, Bədii Şurada isə dövrün ən güclü yaradıcıları fəaliyyət göstərirdi.
RAFİS İSMAYILOV: DRAMATİRJİ BAXIMDAN SSENARİDƏ OBRAZLARIN AÇILMASI ÇOX BÖYÜK MARAQ YARADIRDI
“Yenilməz batalyon”, “Qəribə adam”, “Babək” və s. filmlərdə rəssam kimi çalışan Rafis İsmayılovun “İşgüzar səfər” filminin yaradıcı heyətinə dəvət olunması heç də təsadüfi deyil.
R.İsmayılov deyir ki, günlərin birində Rasim İsmayılovla fikir mübadiləsi apardığımız zaman o, quruluş verməyə hazırlaşdığı filmlə bağlı məlumat verərək məni yaradıcı heyətdə rəssam kimi görmək istədiyini bildirdi: “Süjet xəttinə əsasən kənddə yaşayan qəhrəmanımıza şəhərdə yaşayan biri pul borcludur. Qəhrəman kənd sakini olduğu üçün onda belə bir fikir formalaşıb ki, şəhərdə yaşayanların hamısı xuliqandır. Həddindən artıq sadəlövh olan Ənvər şəhərə gəldikdən sonra hər şeyin əksini görür. Əslində görür ki, ona pul borcu olan şəxs xuliqan adam deyil, əksinə o da bacardıqca insanlara kömək əlini uzatmağa can atır. Məsələn, Ənvər borclu şəxslə yol gedərkən biri ona yaxınlaşaraq yası düşdüyünü və pula ehtiyacı olduğunu deyir. Həmin şəxs, baxmayaraq ki, özünun borcu var, ancaq cibində olan pulu çıxarıb ehtiyacı olana verir. Bir sözlə, Ənvər şəhərə gəldikdən sonra başa düşür ki, kənddə, şəhərdə yaşamasından, mənsub olduğu səviyyədən asılı olmayaraq insan elə hər yerdə insandır. Dramaturji baxımdan ssenaridə obrazların açılması çox böyük maraq yaradırdı”.
Hər hansı bir filmin yaranmasında rejissor, operator qədər rəssam da böyük rol oynayır: “Rəssam ilk dəfə daxil olduğu məkanda-götürək elə hər hansı bir evdə kimin yaşadığını, hansı sənətlə məşğul olduğunu, hansı sahə ilə və ya hansı idmanla daha çox maraqlandığını özü üçün açıqlayır. Yəni, ssenari ilə tanış olan rəssam obrazın xarakterini açmaqla ona uyğun olan şəraiti seçilən məkanda canlandırır. Film üçün lazım olan ən xırda əşyaların belə eskizləri hazırlandıqdan sonra rejissor şəraitə uyğun hazırlanan bu materiallarla yaxından tanış olur. Və həmin anda ola bilsin ki, rejissor hər hansı bir əlavələrlə çıxış etsin”.
Fərqli iş üslubu ilə seçilən rejissor sınaq çəkilişləri zamanı da bir rejissor kimi fərqlilik nümayiş etdirib.
Rafis İsmayılov deyir ki, görkəmli rejissorların hər biri ilə çəkiliş meydançasında görüşdüyüm üçün onların hər birinin iş prinsiplərinə yaxından bələdəm: “Rejissor var ki, sınaq çəkilişləri zamanı baş rola bir aktyoru seçir və son ana qədər də onun namizədliyini irəli sürür. Ola bilsin ki, həmin anda Bədii Şura da bir çox namizədlərin yoxlamaya qatılmasını təklif etsin. Rasim İsmayılov da hələ hazırlıq prosesindən baş rol üçün Fəxrəddin Manafovun namizədliyini irəli sürmüşdü və son ana qədər də onun rola təsdiq olunmasını dəstəklədi. Etiraf edim ki, Fəxrəddin bu filmdən sonra əksər kinorecissorların diqqətində dayandı, xüsusilə Rasim Ocaqov onu demək olar ki, bütün filmlərinə çəkdi”.
Rafis müəllim onu da qeyd edir ki, Rasim İsmayılov rejissor ssenarisində o qədər də dəyişiklik etməyib: “Yaxşı yadımdadır ki, Rüstəm İbrahimbəyov hazır materiala baxarkən bəyəndiyini dedi və onu da əlavə etdi ki, “ssenari olduğu kimi ekrana gətirilib”.
HACI İSMAYILOV: OQTAY HƏYATDAN TƏCRİD OLUNMUŞ OBRAZLARDAN BİRİDİR
Hacı İsmayılovun Rasim İsmayılovla əməkdaşlığı “İşgüzar səfər” filmindən başlayıb. Günlərin birində Rasim İsmayılov tərəfindən filminə dəvət alan aktyor bir qədər narahat olub. Səbəbini özü belə izah edir: “Doğrudur ki, “Ad günü” filminə çəkilməklə kino kimi möcüzəli aləmin sirlərinə yiyələnmişdim. Həm də Rasim Ocaqov tələbkar olmasına baxmayaraq aktyorla ünsiyyəti tez alınırdı, Ancaq “İşgüzar səfər” filmində rejissor kimi iş üslubuna bələd olmadığım, hətta tanışlığım belə olmayan Rasim İsmayılovla birgə çalışacaqdım. Etiraf edim ki, ilk təəssüratım məni çox sevindirdi. Rasim İsmayılov çox mədəni, geniş bilgili, kinematoqrafçı kimi peşəkar bir insan olmaqla yanaşı, aktyoru dinləməyi, işinə fədakarlıqla yanaşmağı bacaran biri idi. Bildiyiniz kimi o rejissuraya başlamamışdan əvvəl “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi ən güclü sənət nümunələrinin quruluşçu operatoru olmuşdur”.
Filmdə əsas rollardan biri olan Oqtay rolu Hacı İsmayılova həvalə edilib: “Oqtay həyatdan təcrid olunmuş obrazlardan biridir. Onun yaşadığı yer, eyni zamanda həyat tərzi qəribədir. Ssenariyə əsasən baş qəhrəman Oqtayın evinə gəlir. Həmin ev səhnəsi Bülbülə qəsəbəsində interyerdən çəkilmişdir. Bülbülə qəsəbəsində film üçün seçilən evin yanında başqa bir ev də var idi, eyni zamanda isə qəribə formalı tikinti işləri də gedirdi. Tikintiyə dairəvi pilləkənlərlə qalxmaq olurdu və hər mərtəbəsində də cürbəcür palçıqdan, dəmirdən hazırlanmış fiqurlar var idi. Eyni zamanda evin içində də heyvan, insan fiqurları var idi. Hələ hazırlıq prosesində Rasim müəllim məni başa saldı ki, mən özümü bu yerin sahibi kimi aparmalıyam. Doğrudur ki, o rejissor kimi öz məqsədini aktyor üçün açıqlayırdı, ancaq aktyorun da söz deməsi üçün imkan yaradırdı”.
Əsasən baş qəhərəmanla çəkilən aktyorun tək çəkildiyi səhnələr də olub ki, bu da çox maraqlı alınıb: “Belə səhnələrin birində mən özüm üçün qurduğum məkanda tək oturaraq fikrə dalmışam. Həmin səhnənin çəkilişi zamanı Rasim müəllim mənə tapşırdı ki, bir mahnı oxuyum. Öz-özümə fikirləşəndə ki, hansı mahnını oxuyum, bu zaman ağlıma “Azərbaycan maralı” gəldi və pəstən zümzümə etməyə başladım.
Gedək Qırxqız yaylağına,
Ceyran-cüyür oylağına,
Enək İsa bulağına,
Azərbaycan maralı.
Hiss etdim ki, bədahətən ifa etdiyim “Azərbaycan maralı” mahnısı fikirli durduğum səhnənin ruhunu tutdu. Rasim İsmayılov ifamı bəyəndi”.
Bu mahnı da daxil olmaqla aktyor film üçün çəkildiyi bütün epizodların filmə daxil edildiyini deyir.
Hacı İsmayılovun kino yaradıcılığına bələd olanlar daima bir detala xüsusi diqqət yetirirlər: Onun kinoda yaratdığı obrazlar daima problemlər məngənəsində sıxılır.
Hacı müəllim deyir ki, görünür mənim keçirdiyim həyat tərzindəndir ki, üzümdə təbəssümlə bərabər qəm-kədər nişanələri də var: “Bəlkə də bundan irəli gəlir ki, üz cizgilərim həyatı keşməşkeşli olan insanı qabarıq surətdə göstərdiyi üçün rejissorlar da məni problemlərlə dolu olan obrazlara dəvət edirlər. Bu baxımdan Oqtay obrazı görüntüdə dərdsiz-qəmsiz görünməsinə baxmayaraq, qayğılarla dolu bir insandır. Bacardığım qədər obrazı istər görüntüdə, istərsə də iç dünyası baxımından olduğu kimi yaratmağa çalışdım. Uğurlu alınan iş bizi yenidən çəkiliş meydançasında qarşılaşdırdı. Rasim İsmayılovla ikinci görüşümüz onun Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi iki seriyalı “Ani dönüş” filmində oldu”.
“QOSKİNO” FİLMİN SON EPİZODUNU QƏBUL ETMƏDİ
Film hazır olunca Moskva Dövlət Kino Komitəsinin baxışına təqdim edilir. Moskva tərəfindən qəbul olunan filmə yalnız bir irad bildirilir ki, o da qəhrəmanın kənddən şəhərə gedərək əbədi orada qalmasıdır. Yəni istər ssenarist, istərsə də rejisssor o fikirdə olublar ki, Ənvər sonrakı həyatını şəhərdə tapdığı üçün orda məskunlaşmalıdır. Ancaq “Qoskino” məhz bu epizoda qarşı çıxaraq Ənvərin yenidən kəndə dönməsini tapşırır. Buna səbəb olaraq onu göstərirlər ki, əgər kənddən şəhərə belə bir axın başlasa və bunu kinoda da qabarıq şəkildə göstərsək o zaman bu həqiqətə çevrilər və nəticədə də kənd həyatı tamamilə boşalar. Bu fikirlərlə razılaşan müəlliflər yenidən vətənə dönür. Çünki növbəti bir epizod çəkilməli və həmin epizodda Ənvərin kəndə sevinclə qayıdışı təsvir olunmalı idi. Yaradıcı heyət yenidən iş başına keçir. Növbəti epizodda kəndə dönən Ənvər dostları tərəfindən yola salınır, epiloqda isə yaz işləri ilə bağlı olaraq Ənvərin traktoru idarə edərək iş başına keçdiyi göstərilir. Sonuncu epizodu dəyişdirilən film yenidən Moskvanın baxışına göndərilir. Filmi bəyənən Kino Komitəsi onu 1-ci kateqoriyaya layiq görür.
FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Rasim İsmayılov, operator Hüseyn Mehdiyev, rəssam Rafis İsmayılov, geyim rəssamı Arif Məhərrəmov, bəstəkar Polad Bülbüloğlu, səs operatoru Akif Nuriyev.
Rollarda iştirak edirlər: Fəxrəddin Manafov(Ənvər), Hacı İsmayılov(Oqtay), Rəsmi Cəbrayılov(Bayramov), Svetlana Rodina(Toma), Fikrət Məmmədov(Həmid), Zemfira Sadıxova(Gülsüm).
Xədicə QİYAS