“Azərbaycanfilm”-100. Tədbirlər planında nələr var?

“Azərbaycanfilm” kinostudiyasının yaranmasının 100 ili tamam olur.

Kinostudiyadan verilən məlumata görə, bu münasibətlə tədbirlər planı tərtib edilib.

2022-2023-cü illəri əhatə edən tədbirlər planında Azərbaycanfilm”də indiyə qədər istehsal olunan filmlərin bərpası, təbliği və yeni filmlərin istehsalı nəzərdə tutulub. Bundan başqa, filmlərin təbliği ilə bağlı olan planda klassik filmlərin posterlərinin, reylerlərinin, ingilis dilində subtitrlərinin hazırlanması, köhnə filmlərimizin rəqəmsal formata keçirilməsi, sosial media ilə bağlı həftəlik müzakirə verilişlərinin hazırlanması da nəzərdə tutulub.

Tədbirlər planında “Azərbaycanfilm 100 -afişalar”, “Azərbaycanfilm 100- kadr arxasında”, həmçinin rekvizit-geyim, eskiz- dekorların sərgisi, dəyirmi masalar, konfransların keçirilməsi də öz əksini tapır.

“Azərbaycanfilm”in 100 illik tarixini, fəaliyyət istiqamətini, həyata keçirdiyi ən uğurlu layihələri bir neçə versiyadan ibarət olan tanıtım çarxlarında nümayiş olunacaq.

Nəşrlərə gəlincə, kino ilə bağlı fundamental nəşrlərin tərcüməsi və nəşri, klassik filmlərin ssenarilərinin çapı, “Azərbaycanfilm – 100” kataloqunun iki dildə hazırlanıb nəşr edilməsi də plana daxildir. İstehsalın inkişaf etdirilməsi məqsədilə mütəmadi müsabiqələrin keçirilməsi, ssenari portfelinin formalaşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycanfilm”in yubiley münasibətilə təşkil olunan kütləvi tədbirlər planında il ərzində bir neçə dəfə olmaqla məktəblilər və yaradıcı ixtisaslarda təhsil alan tələbələr üçün “Açıq qapı günü – “Azərbaycanfilm” turu”nun təşkil edilməsi, hər ay bir bölgədə olmaqla seçilmiş 12 bölgədə (Naxçıvan / Gəncə / Şamaxı / Şəki / Quba / Lənkəran / Zaqatala / Biləsuvar / Ağdam / Yevlax / Qazax / Şirvan) “Azərbaycanfilm-100” kino həftəsinin keçirilməsi – həftə ərzində həmin bölgədə tamaşaçılarla kino mütəxəssislərinin görüşlərinin, film nümayişlərinin və müvafiq sərgilərin təşkil olunması planda xüsusilə qeyd olunub.

Türkdilli ölkələrdə və MDB məkanında “AZƏRBAYCANFİLM-100” tanıtım tədbirlərinin keçirilməsi də bu plana daxildir.

Xüsusilə sərgilərin təşkili – filmlərin yenidən hazırlanmış və köhnə afişalarının sərgisi, filmlərin rəssamlıq nümunələrinin, eskiz və dekor rəsmlərinin sərgisi, “Azərbaycanfilm-100: mükəmməllik detallarda gizlidir” rekvizit və geyim sərgisi, filmlərin istehsalı zamanı istifadə olunan köhnə və yeni kino texnikasının – işıq və çəkiliş avadanlıqlarının sərgisi də planda yer tutur.

Geniş hazırlanan tədbirlər planına “Azərbaycanfilm-100” devizi altında rejissor işi, kinodramaturgiya, təsvir həlli, rəssam işi, kino musiqisi və digər mövzularda peşəkarlarla ustad dərsləri də daxildir.

Xatırladaq ki, kino problemlərinə həsr olunmuş bu tədbirlər problemlərin konkret şəkildə həll olunması məqsədilə digər dövlət qurumları, ictimai təşkilatlar və mövzu üzrə mütəxəssislərlə birlikdə keçiriləcək.

“Azərbaycanfilm-100” xatirə nişanının hazırlanması və kino veteranlarına, kino xadimlərinə təqdim olunması, “Qızıl Simurq” illik kino mükafatının konsepsiyasının hazırlanması və 2023-cü ildən etibarən hər ilin sonuna doğru peşəkar kino mükafatlarının təqdim olunması, kinostudiya ərazisinin audovizual məkana çevrilməsinin təşkili, tədbirlər planının yekunu – “Azərbaycanfilm-100” Qala gecəsinin keçirilməsi, xaricdən qonaqların dəvəti və bütün bunların tədbirlər planının hər maddəsinin müvafiq dövlət təşkilatları və ictimai təşkilatlarla müştərək həyata keçirilməsi də nəzərdə tutulub.

aki.az