Dahi Berqmanın retrospektivi təqdim ediləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç Krallığının Bakıdakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində noyabr ayında baş tutacaq kino günlərində kino və teatr rejissoru, ssenarist İnqmar Berqmanın retrospektivi təşkil ediləcək.

Qeyd edək ki, dünya kino tarixində özünəməxsus dəst-xəttilə seçilən İ.Berqman filmlərində insan psixologiyasının dərinliklərinə varmaqdan çəkinmir, kino dilinin sərhədlərini genişləndirir.

O, bütün filmlərində demək olar ki, insan və yaradan münasibətlərindəki problemləri ön plana çəkir, ciddi ruhsal mövzuları sərt şəkildə kino dilinə çevirir. Onun uşaqlıq travmaları, xatirələri də hər filmində müəyyən qədər özünü büruzə verir.

Dünya kinosuna Bibi Andersson, İnqrid Tulin, Liv Ulman, Maks fon Syudov, Erlanda Yosefson kimi dahi aktyorlar bəxş etmiş, daimi həmkarı, kinooperator Sven Nyukvistlə təsvir həlləri ilə dünya kinosunun xəzinəsini yaratmışdır.

Yeri gəlmişkən, nümayiş üçün seçilən filmlər İ.Berqman yaradıcılığının ən parlaq filmləridir.

“Berqmanla üzbəüz” layihəsi çərçivəsində noyabr ayının 1-də, 8-də, 15-də və 22-də saat 19:00-da  “Azərbaycan” cinemaPlusda “Pıçıltılar və qışqırıqlar”, “Yeddinci möhür”, “Fanni və Aleksandr”, “Persona” filmləri orijinal dildə, azərbaycanca və ingilis dilində altyazılarla nümayiş olunacaq.

Filmlərin moderatoru Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlov və kinoşünas Sevda Sultanova olacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi layihənin keçrilməsinə dəstək göstərən İsveçin ölkəmizdəki səfirliyinə minnətdarlığını bildirir.

aki.az