Azərbaycan Kinematoqrafçılar İttifaqı Bakı Beynəlxalq Qısa Filmlər Festivalında

11-15 noyabr tarixlərində Bakıda keçiriləcək XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı bu il Yerli müsabiqədə yarışacaq filmlərin siyahısını açıqlayıb. Yerli müsabiqədə yarışacaq 40 ekran işinin 11-i bədii, 8-i sənədli, 11-i sosial çarx, 10-u isə tələbə filmidir.

Qeyd edək ki, bu il yarışacaq filmlər sırasında Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin tələbələrinin filmləri və intensiv kurslarının iştirakçıları da var.

Bədii film kateqoriyasında Türkan Hüseynovanın “Sonuncu foto”, Elnur Paşanın “Yalnız məzar” və Nicat Dadaşovun ssenari müəllifi olduğu “Hasar”filmləri iştirak edir. Adı çəkilən müəlliflər Kino Məktəbinin rejissor və ssenarist kurslarının yetirmələridir.

Sənədli film kateqoriyasında Kino məktəbinin başqa yetirməsi Ülviyyə Əhmədovanın “Mən uşaq olmuşam…” filmi, sosial çarx müsabiqəsində isə Ruslan Mollayevin “Mətbuat günü” və “28 may” adlı çarxları mükafat üçün mübarizəyə qatılıblar.

Rejissorluq kursunun yetirməsi Ruslan Mollayev Tələbə filmi nominasiyasındada Kino məktəbinin bazasında çəkilmiş “Sınaq” filmi ilə də yarışa qatılıb.

Tələbə filmi müsabiqəsində iştirak edən Günay Səlimzadənin “Addım” filmi isə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Qəlbdən Qələmə” layihəsi çərçivəsində ekranlaşdırıb. Bundan başqa, Festival müsabiqəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının qrantını almış film də var.  Bu baxımdan Bədii film bölməsinə qatılan Amil Amalın “Vulkan üzərində ev” bədii sənədli filmini qeyd etmək olar.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, istər Kino Məktəbi, istər intensiv kursları çərçivəsində tələbə və debüt filmlərinin maliyyə və təşkilatı dəstəyi davam edəcək.

aki.az