Anar: 10 ildir ki, ssenarilərim çəkilmir

Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq yazıçısı Anar BBC News Azərbaycancaya müsahibə verib.

Yazıçı müsahibədə Ermənistan-Azərbaycan münaqişəsindən, kinodan, ssenariləri əsasında film çəkilmədiyindən bəhs edib.

“10 ildir filmlərim çəkilmir” deyən xalq yazıçısı Anar, onu da əlavə edib ki, məni ittiham etməyə hamı qoçaqdır: Amma bir adamın yadına düşmür ki, bu insanın iki kino təhsili var,10 ildri mən iki ssenarimi çəkdirə bilmirəm, Niyə? Çünki pul tapılmır”.

Xatırladaq ki, Xalq yazıçısının ssenariləri əsasında “Gün keçdi, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Qəm pəncərəsi”, “Cavid ömrü”, “Sübhün səfiri” və s. filmlər çəkilib. O, rejissor kimi “Üzeyir ömrü”, “Qəm pəncərəsi” və s. filmləri çəkib.

Anar müəllim qeyd edir ki, Mədəniyyət Nazirliyi filmlər üçün pulun olmamasını dilə gətirir: “İmkanlı adamlar da deyir ki, mən pullarımı toya müğənni çağırmağa xərcləyirəm, kino üçün pulum yoxdur. Bir dəfə də məni müdafiə edin. Cəfər Cabbarlı ilə bağlı filmi çəkməyə mənim imkanım yoxdur”.

AYB sədri müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinə də toxunu: “Uzun illər bu yara varsa, bu yara bir günə sağalmayacaq. Hələ bir nəsil dövr edəcək. Başımıza gətirilən müsibətlərindən də üzərindən keçə bilmərik. Mənim “Şəhərin qış gecələri” pyesimdə erməni obrazı var. Bu erməni obrazı yanvar gecəsi gəlib azərbaycanlı ailəsinə sığınır. Azərbaycanlılar onu nəvəsi ilə birgə qoruyurlar. Nəvəsinə də Moskvaya getməyə kömək edirlər. Lakin  nəvəsi gedib Moskvada çıxış edir ki, azərbaycanlılar bizi qırırdılar. Həmin erməninin isə vicdanı dözmür, özünü eyvandan atıb öldürür. Bu, olan hadisədir. Yəni, belə erməni də var. Erməniləri “genosid” ideyası ilə elə zəhərləyiblər ki… Mən demirəm ki, “yaxşı erməni” obrazını yaratmaq lazımdır. Mən deyirəm ki, obyektiv obraz yaratmaq lazımdır”.

aki.az